Məhkəmə qərarları › İş №e-2-2(113)-8425/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8425/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8425/2025 03.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alğı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, cərimə, illik 5%) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alğı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 18 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 12791,15 manat əsas borc, 1300 manat dəbbə pulu, gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə 686 manat faiz məbləği, 134,33 manat dövlət rüsumu olmaqla, cəmi 14911,48 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 18 mart 2024-cü il tarixində alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehin mülkiyyətinə ƏDV daxil ümumi dəyəri 32803,05 manat olan müxtəlif tikinti materialları təhvil vermişdir. Müqavilənin 1 saylı əlavəsinin 5-ci bəndinə əsasən, cavabdeh hər ay üzrə ona təhvil verilmiş malın dəyərini hər növbəti təqvim ayının 15-dək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, təhvil verilmiş malların təhvil tarixindən bir ildən artıq müddət keçməsinə baxmayaraq onların dəyərini tam həcmdə ödəməmişdir. Nəticədə, bugünə qədər cavabdehin iddiaçı qarşısında ƏDV daxil 12791,15 manat məbləğində borcu mövcuddur. İddiaçı tərəfindən borcun ödənilməsi məqsədilə cavabdehə aşağıdakı tarixlərdə rəsmi pretenziyalar göndərilmişdir: 01 oktyabr 2025-ci il tarixində vergi orqanının elektron sistemi vasitəsilə, 06 oktyabr 2025-ci il tarixində isə elektron məhkəmə sistemi vasitəsilə. Bununla belə, cavabdeh iddiaçının pretenziya tələblərini yerinə yetirməmişdir. Müqavilənin 3-cü bəndinə əsasən Alıcı malların dəyərinin ödənilməsi ilə bağlı hər gecikmə gününə görə 0.5 faiz məbləğində dəbbə pulu ödəməlidir. Dəbbə pulunun məbləği xx.xx.2025-ci il tarixə 1300 manat təşkil edir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz məbləğ hesablanmışdır. Faiz məbləği xx.xx.2025-ci il tarixə 686 manat (12791,15*5%=639,55/365=1,75*392=686) təşkil edir. Hesablama xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından, yəni cavabdehin sonuncu ödəniş tarixindən sonra hesablanmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 425.1, 443.1, 445.1, 448.1-ci maddələrinə istinad olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış 18 mart 2024-cü il tarixli alğısatqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə(lər)də (Qiymət və X1, Sifarişnamə, Təklif, Spesifikasiya, Akt və sair) qeyd olunan əşya(lar)ın Satıcı tərəfindən Alıcıya satılmasından, Alıcı tərəfindən isə bu Müqavilə və Əlavə(lər) ilə nəzərdə tutulmuş qaydada və məbləğdə Mal(lar)ın dəyərinin Satıcıya ödənilməsindən ibarətdir. 2.1-ci bəndinə əsasən malın 1 ədədinin (ölçü vahidinin) qiyməti Əlavələr ilə müəyyən olunur. 3.1-ci bəndinə əsasən əgər Əlavələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, ödəniləcək cəmi məbləğin 100%-i əvvəlcədən ödəniş (avans) şəklində, müqavilə və/və ya onun Əlavələri imzalandıqdan sonra 3 gün ərzində köçürmə yolu ilə “Satıcı”nın hesabına ödənilməlidir. Əlavələrdə ayrı qayda nəzərdə tutulduğu halda Əlavənin müvafiq maddəsi daha üstün qüvvəyə malikdir. 3.2-ci bəndinə əsasən bu Müqavilənin 3.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində “Satıcı”ya əvvəlcədən ödənişin (avans) gecikdirilməsi halında, həmin müddət bitdikdən sonra cəmi məbləğin 100%-i ödənilənədək “Alıcı” “Satıcı”ya hər gecikdirilən gün üçün cəmi məbləğin 0,5%-i miqdarında cərimə ödəməlidir. 3.3-cü bəndinə əsasən bu Müqavilənin 3.2-ci maddəsində qeyd olunandan əlavə, “Alıcı” tərəfindən hər hansı başqa ödənişin gecikdirilməsi halında, gecikdirilmiş hər gün üçün “Satıcı” tərəfindən ona ödəniləcək məbləğinin 0,5% miqdarında cərimə tətbiq ediləcəkdir. 4.6-cı bəndinə əsasən satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada imzalanacaq təhviltəslim aktı və/və ya elektron qaimə əsasında həyata keçirəcək. Satıcı tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edilən və portal vasitəsi ilə alıcının elektron kabinetinə elektron formada göndərilən elektron qaimə alıcı və ya proqram təminatı tərəfindən təsdiq edildikdə elektron qaimə təhvil-təslim aktına və təhvil-qəbul aktına bərabər tutulur və mallar alcının mülkiyyətinə verilmiş hesab edilir. 5.3.1-ci bəndinə əsasən satıcıya ödənilməli olan istənilən ödənişlər, vergi və məcburi tutulmalar, cərimələr və hər hansı zərərin əvəzinin müəyyən olunmuş qaydada və vaxtda ödənilməsini təmin etmək; 5.3.8-ci bəndinə əsasən bu Müqavilə və qanunvericiliklə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etmək alıcının vəzifələridir. 9.3-cü bəndinə əsasən müqavilə 1 (bir) il müddətinə, 17 mart 2025-ci il tarixinə qədər bağlanmışdır. Həmin müddətin bitməsinə 1 (bir) ay qalmış Tərəflərdən biri rəsmi qaydada müqaviləyə xitam vermək istəyini bildirməzsə, Müqavilə avtomatik olaraq hər dəfə növbəti 1 (bir) il müddətinə, eyni şərtlərlə uzadılmış hesab ediləcəkdir. 18 mart 2024-cü il tarixli Qiymət və X2 əsasən Məsaməli hörgü blokları (qazobeton) D-500 600*250*100/150/200/250/300/400 (“Gobustone” əmtəə nişanlı) 1 kub metrinin qiyməti 93 manat, 01 ədəd taxta altlıq 12,50 manat, 01 ədəd yapışdırıcı 5.50 manat razılaşdırılmışdır. Əlavənin 4-cü bəndinə əsasən qiymətlərə ƏDV daxil deyildir. 5-ci bəndinə əsasən Alıcı hər ay üzrə ona təhvil verilmiş malın dəyərini hər növbəti təqvim ayının 15-dək ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən cavabdehə ödəniş edilməsi üçün EBEE seriyalı, 106109 nömrəli, xx.xx.2024-cü il tarixli, yekun məbləğ 3 013,25 manat (ƏDV məbləği 459,65 manat), EBED seriyalı, 560449 nömrəli, xx.xx.2024-cü il tarixli, yekun məbləğ 1 246,08 manat (ƏDV məbləği 190,08 manat), EBED seriyalı, 326035 nömrəli, xx.xx.2024-cü il tarixli, yekun məbləğ 4 198,44 manat (ƏDV məbləği 640,44 manat), EBED seriyalı, 326036 nömrəli, xx.xx.2024-cü il tarixli, yekun məbləğ 4 062,22 manat (ƏDV məbləği 619,66 manat), EBED seriyalı, 073115 nömrəli, xx.xx.2024-cü il tarixli, yekun məbləğ 3 318,54 manat, ƏDV məbləği 506,22 manat, EBED seriyalı, 073113 nömrəli, xx.xx.2024-cü il tarixli yekun məbləğ 3 669,56 manat (ƏDV məbləği 559,76 manat), EBEC seriyalı, 957380 nömrəli, xx.xx.2024-cü il tarixli, yekun məbləğ 311,52 manat (ƏDV məbləği 47,52 manat), EBEC seriyalı, 876108 nömrəli, xx.xx.2024-cü il tarixli, yekun məbləğ 1 246 manat (ƏDV məbləği 190,08 manat), EBEC seriyalı, 036922 nömrəli, xx.xx.2024-cü il tarixli, yekun məbləğ 3 525,46 manat (ƏDV məbləği 537,78 manat), EBEB seriyalı, 022504 nömrəli, xx.xx.2024cü il tarixli, yekun məbləğ 3 950,64 manat (ƏDV məbləği 602,64 manat), EBEB seriyalı, 022508 nömrəli, xx.xx.2024-cü il tarixli, yekun məbləğ 4 262,16 manat (ƏDV məbləği 650,16 manat) olan elektron qaimələr göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş 11 sayda elektron qaimə-fakturalar “sistem tərəfindən təsdiqlənmiş” statusundadır. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə əsas borc üzrə xx.xx.2024-cü il tarixdə 6960 manat, xx.xx.2024-cü il tarixdə 10000 manat, ƏDV borcu üzrə xx.xx.2024-cü il tarixdə 1800 manat, xx.xx.2024-cü il tarixdə 1252,80 manat ödənişlər edilmişdir. xx.xx.2025-ci il tarixli **********57 nömrəli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 135 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 632.3-cü maddəsinə əsasən əgər göndərmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı göndərilməsi gecikdirilmiş malların qəbulundan mal göndərənə bildiriş verməklə imtina edə bilər. Alıcı mal göndərənin bildirişi aldığı vaxtadək göndərdiyi malları qəbul etməyə və ödəməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi 3 hissədən: 1) 18 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 12.791,15 manat əsas borcun, 2) 1300 manat dəbbə pulunun, 3) əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 686 manat pulun cavabdehdən tutulmasından ibarətdir. Məhkəmə iddianın tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı üzrə malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək aldığı malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (müqavilə, müqaviləyə əlavə, elektron qaimələr, ödəniş tapşırıqları) öz təsdiqini tapmışdır. Cavabdeh tərəfin elektron qaimələr üzrə əsas və ƏDV borcu üzrə ödənişlər etməsi də malların cavabdehə təhvil verildiyini təsdiq edir. Çünki müqaviləyə əsasən elektron qaimə alıcı və ya proqram təminatı tərəfindən təsdiq edildikdə elektron qaimə təhvil-təslim aktına bərabər tutulur və mallar alcının mülkiyyətinə verilmiş hesab edilir. Cavabdeh tərəf məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət bildirməmiş, borcun tam ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini icra etmədiyini, müqavilə üzrə əsas borcdan qalıq 12791,15 manat ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin olunmalı, 12791,15 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi – müqavilə üzrə 1300 manat cərimə məbləğinin tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində (3.2-ci bənd) ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur və işin faktiki hallarından ödənişin cavabdeh tərəfindən gecikdirildiyi müəyyən olunmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq alqı-satqı müqaviləsi üzrə 640 manat müəyyən olunmalıdır. Məhkəmə iddia tələbinin üçüncü hissəsi, yəni əsas borcun gecikdirilməsinə görə illik 5% hesablanmaqla 686 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 1 ildən artıq gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır, buna görə də iddia həmin hissədə təmin olunmalı, 686 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir. Hətta işin faktiki hallarından sonuncu elektron qaimənin verildiyi xx.xx.2024-cü il tarixdən sonra ödənişin edilməli olduğu xx.xx.2024-cü il tarixdən ödənişin 1 il 6 aydan artıq gecikdiyi, iddiaçı tərəfindən gecikmənin iddia ərizəsi verildiyi xx.xx.2025-ci il tarixə kimi hesablandığı, işə məhkəmədə baxıldığı vaxtı ödənişin icra olunmadığı, həmin müddət üçün isə illik 5%-in daha artıq etdiyi müəyyən olunmuş, lakin məhkəmə verilən tələb üzrə qətnamə çıxarmalı olduğundan iddia tələbindən kənara çıxmamışdır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 135 manat dövlət rüsumunun 132,35 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh MMC-dən əsas borc üzrə 12791 (on iki min yeddi yüz doxsan bir) manat 15 (on beş) qəpik, əsas borca illik 5% hesablanmaqla 686 (altı yüz səksən altı) manat, cərimə borcu üzrə 640 (altı yüz qırx) manat olmaqla, cəmi 14117 (on dörd min bir yüz on yeddi) manat 15 (on beş) qəpik və ödənilmiş 132 (bir yüz otuz iki) manat 35 (otuz beş) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar