Məhkəmə qərarları › İş №e-2-2(113)-843/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-843/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-843/2020 15.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxx” ASC-nin cavabdeh "Cavabdeh" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxx” ASC iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanılmış MQ-014/19 saylı alğı-Satqı və podrat müqaviləsinin ləğv edilərək, cavabdehə ödənilmiş 23340 manat məbləğin, MQ-014/19 saylı alğı-satqı müqaviləsi üzrə hər gecikdirilmiş gün üçün 1173,59 manat miqdarında dəbbə pulunun və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumunun “xxxxxxxxxxxx ”ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “xxxxxxxxxxxx” ASC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış MQ-014/19 saylı alğı-satqı müqaviləsinə əsasən, 14 gün ərzində SoyGen 175 kv modelli generator və şəbəkə tənzimləyici 200 kva modelli stabilizator alıcıya - xxxxxxxxxxxx ASC-yə təhvil verilməli, həmçinin şifahi razılaşmaya (Podrat müqaviləsi) əsasən xxxxxxxxxxxx ASC-də quraşdırma-montaj və betonlama işləri həyata keçirilməli idi. MQ-014/19 saylı alğı-satqı nüqaviləsi üzrə cavabdeh tərəfindən göndərilmiş xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən, alğı satqı müqaviləsinin dəyəri olan 22700 manat (ödəniş tapşırığı №78685) və podrat müqaviləsi üzrə tərəflərindən göndərilmiş xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 640 manat (ödəniş tapşırığı № 92035) xxxxxxxxxxxx ASC tərəfindən Cavabdeh MMC-nin müvafiq bank hesabına köçürülmüşdür. Cavabdeh tərəfindən müqavilələr üzrə ödənişlərin həyata keçirilməsinə və müqavilənin müvafiq tələblərinə baxmayaraq müqavilə üzrə üzərinə düşən öhdəlik bu günə qədər də tam icra edilməmişdir. Bu günə qədər yalnız şəbəkə tənzimləyici 200 kva modelli stabilizator təhvil verilmiş ki, o da təhvil verilməli digər əmlak olmadan istifadə olunmadan qalmışdır. Tərəflər arasında bir neçə dəfə şifahi əlaqə saxlanılsa da, müqavilədə müəyyən olunmuş müddət ərzində Cavabdeh MMC öz öhdəliklərini icra etməmişdir. AR MM-nin 575.2-ci maddəsinə əsaslanaraq xx xxxxxx 2019cu il tarixdə cəmiyyətləri tərəfindən ‘Cavabdeh” MMC-nin rəhbərliyinə ünvanlanmış pretenziya məktubunda MQ-014/19 saylı alğı-satqı müqaviləsi üzrə ödənilmiş 22700 manat və podrat müqaviləsi üzrə ödənilmiş 640 manat olmaqla cəmi 23340 manat məbləğin müqaviləyə xitam verilərək xxxxxxxxxxxx ASC-yə geri qaytarılması tələb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Qanuni nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, ilk öncə gətirilən təzə olmayan şəbəkə tənzimləyici 200 kva modelli stabilizator sadəcə olaraq “xxxxxxxxxxxx” ASC-nin ofisinə qoyulmuş və sonradan gətiriləcək generatorla bir yerdə quraşdırılması nəzərdə tutulsa da, müqavilədə göstərilən müddətdə generator təhvil verilmədiyindən şəbəkə tənzimləyici quraşdırılmamış, həmçinin generatorun yerləşdirilməsi və kabelin çəkilişi ilə bağlı beton işləri görülməmişdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "Cavabdeh" MMC iddiaya qarşı etirazı məhkəməyə təqdim edərək, bildirmişdir ki, yaranmış situasiya iddia ərizəsində göstəriləndən tamamilə fərqlidir. Belə ki, iddiaçı ilə xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçıya tərəflərindən 1 ədəd SoyGen markalı generator və 1 ədəd də stabilizator təhvil verilməli idi. Bundan əlavə aralarında şifahi bağlanmış podrat müqaviləsinə əsasən də tərəflərindən 640 manat dəyərində betonlama işləri görülməli idi. Müqavilələr bağlandıqdan sonra 5200 manat dəyərində olan “şəbəkə tənzimləyici-stablizator” iddiaçıya təhvil verilmişdir. Bu fakt iddia ərizəsində də iddiaçı tərəfindən təsdiq edilmişdir. Bundan əlavə podrat müqaviləsi ilə nəzərdə tutulan 640 manat dəyərindəki betonlama işləri “xxxxxxxxxxxx” ASC üçün yüksək səviyyədə görülmüşdür. “SoyGen” markalı generatora gəldikdə isə həmin məsələ ilə bağlı öhdəlik tərəflərindən tam formada icra olunmuşdur. Belə ki, iddiaçı üçün həmin generatorun gətirilməsinə dair işlər gördükləri zaman 175 kv deyil 200 kv generatorun gətirilməsinin daha məqsədəuyğun olacağı, həmçinin 175 kv generatorun mühərrik hissəsinin tapılmasının kifayət qədər çətinlik yaradacağını iddiaçıya bildirdilər. İddiaçı isə danışıqlardan sonra 200 kv generatorun gətirilməsi ilə razılaşdı. Lakin generatoru Türkiyə Respublikasındakı “Soygen” firmasından Bakıya gətizdirdikdən sonra “xxxxxxxxxxxx” ASC heç bir əsas olmadan birbaşa olaraq qərəzli formada generatoru təhvil almaqdan imtina etdi. Halbuki generator tam işlək formada idi və heç bir problemi mövcud deyildi. Buna baxmayaraq iddiaçı generatoru təhvil almaqdan imtina etdi. Həmçinin sözügedən generatorun Bakı şəhərinə gətirilməsi, yol-nəqliyyat xərcləri və gömrük məntəqəsindən keçirilməsi üçün yaranmış bütün ödənişlər onlar tərəfindən təmin edilmişdir. İddiaçı tərəfindən maldan imtina edildikdə isə ödədiyimiz yol, nəqliyyat və gömrük xərclərini yenidən ödəməli olub malı geriyə-Türkiyə respublikasına göndərməli oldular. Buradan da açıq-aşkar görünür ki, iddiaçı tərəfin sifariş olunan maldan imtina etməsi müəssisələrinə külli miqdarda maddi zərər vurmuşdur. İddiaçı isə aralarında bağlanmış alqı-satqı və podrat müqavilələrinin ləğv edilərək 23340 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını xahiş etməkdədir. İlk başda iddia tələbindən 5200 manatlıq (şəbəkə tənzimləyici-stablizator) və 640 manatlıq (podrat müqaviləsinə əsasən betonlama işləri) hissələr çıxarılmalıdır. Çünki yuxarıda da qeyd edildiyi kimi həmin işlərin tərəflərindən tam formada görülməsini iddiaçı özü də bildirməkdədir. Geridə qalan məbləğ isə birbaşa olaraq iddiaçının maldan imtina etməsi səbəbi ilə yaranmış yol-nəqliyyat, daşıma və gömrük ödənişlərinə xərclənmişdir, Belə ki, qoşmaya əlavə edilmiş “Soygen” firması ilə generatorun sifariş verilməsinə dair tərtib edilmiş fakturada yalnızca malın alınması üçün nə qədər ödəniş edildiyi göstərilmişdir. Həmin məbləğdən əlavə generatorun TİR avtomobili vasitəsi ilə Bakı şəhərinə gətirilməsi, gömrük məntəqəsindən keçirilmə zamanı yaranan xərclər isə həmin məbləğdən əlavə olaraq onlar tərəflərindən qarşılanmışdır. Belə ki, həmin fakturada malın digər xüsusiyyətləri də əks olunmuşdur. Göründüyü kimi generatorun ümumi çəkisi 3 tondan artıq olmuşdur və həmin çəkidə bir malın ölkəyə gətirilib daha sonra geri alınması külli miqdarda xərc tələb edirdi. Bir daha qeyd edirlər ki, iddia ərizəsində göstərilən 23340 manat məbləğin 5840 manatlıq hissəsi tərəflərindən tam formada icra olunmuşdur. Geridə qalan 17500 manatlıq hissədə isə öhdəlikləri onlar tərəfindən icra edilmiş lakin iddiaçı maldan imtina etdiyi üçün generatoru geri göndərməli olmuşlar. Generatorun həm gətirilmə, həm də geri qaytarılması nəticəsində yaranan bütün xərclər isə onlar tərəfindən ödənilmişdir. Göründüyü kimi iddia tələbi tamamilə qanunsuz və əsassızdır. İddiaçı heç bir səbəb olmadan Türkiyə Respublikasından sifariş edib gətirdikləri tam işlək formada olan generatordan imtina edərək qərəzli formada müəssisələrinə külli miqdarda zərər vurmuşdur. Hazırki vəziyyətdə isə iddiaçı tərəfin məhkəməyə müraciət etməkdə yeganə məqsədi onların müəssisələrinə vurulan ziyanı örtbasdır etməkdən ibarətdir. Buna görə də hesab edir ki, iddiaçı “xxxxxxxxxxxx” ASC-nin iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "Cavabdeh" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2019-cu il tarixli, MQ-014/19 saylı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən və müqaviləyə 01 sayl Əlavədən görünür ki, Satıcı – "Cavabdeh" MMC müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli qoşmada göstərilmiş ümumi dəyəri 22700 manat dəyərində malları (1 ədəd SoyGen 175 kv - Generator, 1 ədəd Şəbəkə tənzimləyici 200 kva - Stabilizator) 14 gün müddətində müqavilədə müəyyənləşdirilmiş qaydada hesab-faktura əsasında, müqavilədə göstərilmiş öhdəliklərini yerinə yetirmədiyi halda hər gecikdirilmiş gün üçün malın ümumi qiymətinin 0,01% miqdarında cərimə ödəməklə alıcıya - “xxxxxxxxxxxx” ASC-yə təhvil verməyi (satmağı), Alıcı – ““xxxxxxxxxxxx” ASC də öz növbəsində malları müqavilədə müəyyənləşdirilmiş qaydada və müddətdə ödənilməsi şərti ilə təhvil almağı öz öhdələrinə götürmüşlər. Həmçinin həmin müqavilədə mal işlək vəziyyətdə alıcıya təhvil vermək, montaj etmək və malı alıcının göstərişi ilə müvafiq yerdə quraşdırmaq, keyfiyyətsiz malın geri geri qaytarılmasına görə məsuliyyət daşımaq, malın markalanmasına, qablaşdırılmasına və keyfiyyətinə məsuliyyət daşımaq satıcının öhdəlikləri kimi qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixli, 78685 nömrəli və xx.xx.2020-ci il tarixli, 92035 nömrəli ödəniş tapşırıqlarından görünür ki, müvafiq olaraq xx.xx.2019-cu il tarixli ödənişin təyinatı və əsası olan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Generatorun alınması üçün 22700 manat və xx.xx.2020-ci il tarixli ödənişin təyinatı və əsası olan xx.xx.2019-cu il tarixli MQ- 014/19 saylı müqaviləyə əsasən Generatorun kabel çəkilişi üçün 640 manat vəsait “xxxxxxxxxxxx” ASC tərəfindən "Cavabdeh" MMC-nin hesabına köçürülmüşdür. EAAT seriyalı, 974047 nömrəli, xx.xx.2019-cu il tarixli və EAAW seriyalı, 486833 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimələrdən görünür ki, müvafiq olaraq qiyməti 5200 manat olan 1 ədəd Requlyator Servomatik 200 kva və qiyməti 17500 manat olan 1 ədəd Generator Soygen 175 kva və 1 ədədinin qiyməti 15 manat, cəmi 16 ədəd ümumi dəyəri 240 manat olan Signal Kabeli, 1 ədədinin qiyməti 25 manat, cəmi 16 ədəd ümumi dəyəri 400 manat olan Kabelin ümumilikdə dəyəri 23340 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, 1006-3/20 nömrəli aktdan görünür ki, xx.xx.2019-cu il tarixli, MQ-014/19 saylı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Soygen 175 kv modelli generator bugünədək təhvil verilməmiş, sadəcə şəbəkə tənzimləyici 200 kv modelli stabilizator təqdim edilmişdir ki, müayinə zamanı həmin stabilizatorda müqavilədə nəzərdə tutulan müvafiq texniki göstəricilərə uyğun olmadığı, yeni olmayan daha əvvəl istifadə edildiyi aydın olmuş, əlavə olaraq, Soygen 175 kv modelli generatorun yerləşdirilməsi üçün müvafiq yerin hazırlanması ilə əlaqədar betonlama işləri də bugünədək yerinə yetirilməmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 421.3, 442, 443.1, 449.1, 462.1, 467, 567, 581.1, 598.1-598.3, 752.1 və 759.2-ci maddələri). Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı “xxxxxxxxxxxx” ASC ilə cavabdeh "Cavabdeh" MMC arasında qanunvericiliyə uyğun olaraq həm yazılı alğı-satqı, həm də şifahi podrat müqaviləsi bağlanmış, “xxxxxxxxxxxx” ASC cavabdeh "Cavabdeh" MMC-yə sözügedən malların alınması üçün 23340 manat məbləğində vəsait köçürsə də, sonuncu isə bunun müqabilində əvvəllər istifadədə olmuş şəbəkə tənzimləyici 200 kva modelli stabilizatoru montaj etmədən və quraşdırmadan iddiaçının ofisinə goymuş, SoyGen 175 kv generator isə ümumiyyətlə isə təhvil verilməmiş, generator və kabellərin betonlanma işləri də görülməmişdir. Cavabdeh "Cavabdeh" MMC-nin şifahi podrat müaviləsinə əsasən 640 manat dəyərində betonlama işlərinin görülməsi və 5200 manat dəyərində olan şəbəkə tənzimləyici-stablizatorun iddiaçıya təhvil verilməsi bağlı məhkəmə qeyd edir ki, generator təhvil verilmədiyi təqdirdə onun yerləşdirilməsi kabellərin çəkilməsi və beton işlərinin tam həçmdə görülməsi mümkün deyil, şəbəkə tənzimləyici-stablizator isə generatorla bir yerdə istifadə olunduğuna görə onun iddiaçıya təhvil verilməsi müqavilə öhdəliklərinin tam həçmdə yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz (müqavilədə montaj və quraşdırma nəzərdə tutulur). Göründüyü ki, bağlanmış yazılı və şifahi müqavilələrə əsasən cavabdeh tərəfindən müqavilədə göstərilən müddətlərdə öhdəliklərin tam həçmdə yerinə yetirilməməsi nəticədə iddiaçıya xeyli dərəcədə ziyan dəymişdir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh MMC ilə “xxxxxxxxxxxx” ASC arasında bağlanılmış MQ-014/19 saylı alqı-satqı və podrat müqavilələri ləğv edilməli və cavabdehə ödənilmiş 23340 manat məbləğində pul tutulmalıdır. Bununla yanaşı iddiaçı MQ-014/19 saylı Alğı-Satqı müqaviləsi üzrə hər gecikdirilmiş gün üçün 1173,59 manat miqdarında dəbbə pulu (cərimə) hesablanmışdır. Yuxarıda göstərilən normalara əsasən məhkəmə qeyd edir ki, tənasübsüz surətdə yüksək olan dəbbə pulu azaldılaraq 60 manat məbləğində müəyyən edilməlidir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli, MQ-014/19 saylı alqı-satqı və podrat müqaviləsi ləğv edilməli və Cavabdeh MMC-dən ödənilmiş 23340 manat, gecikdirilmiş günlərə görə 60 manat dəbbə (cərimə), cəmi 23400 manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 95,45%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 95,45%-i, yəni 28,63 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MQ-014/19 saylı alqı-satqı və podrat müqavilələri ləğv edilsin. Cavabdeh MMC-dən ödənilmiş 23340 manat, gecikdirilmiş günlərə görə 60 manat dəbbə (cərimə), cəmi 23400 manat və dövlət rüsumu kimi ödənilmiş 28,63 manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar