Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8442/2025 14.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 533 saylı malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “Satıcı" (iddiaçı) malları “Alıcı”nın (cavabdehin) təqdim etdiyi sifarişə əsasən müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə “Alıcı”ya təhvil verməyi öz öhdəsinə gotürür. Bu zaman gələcəkdə mübahisə məsələlərinə yol verməmək üçün “Alıcı” öz sifarişini diqqətlə hazırlayıb, təsdiq etdikdən sonra "Satıcıya texniki vasitələrlə (email və ya fax-ilə) ötürür.
2. Müqavilənin: 2.1. 1.2-ci bəndinə əsasən, "Alıcı” malları “Satıcı”dan təqdim etdiyi sifariş əsasında tələb etdiyi keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi üzərinə götürür. 2.2. 1.3-cü bəndinə əsasən, X1 “Satıcı” və “Alıcı” arasında əlavə olaraq razılaşdırılır və bu müqavilənin ayrılmaz hissəsi sayılır. 2.3. 2.1-ci bəndinə əsasən, Malın qiyməti müqavilənin aynlmaz hissəsi olan qiymətlərin razılaşdırılması cədvəlində göstərilmişdir. Bu cədvəl hər iki tərəfdən razılaşdırılır və malın dəyəri manatla müəyyən edilir. 2.4. 2.3-cü bəndinə əsasən, Malın qiymətinə malın dəyəri, qablaşdırılması xərcləri daxildir. Mallar üzərində mülkiyyət hüququ “Satıcı”nın anbarında təhvil alınarkən “Satıcı”dan “Alıcı”ya keçir. 2.5. 3.1.3-cü bəndinə əsasən, satıcı alıcıya təhvil etdiyi malların ödənişini alıcıdan tələb etmək hüququna malikdir. 2.6. 4.1 və 4.2-ci bəndlərinə əsasən, “Alıcı” malı razılaşmaya müvafiq olaraq malın dəyərinin 50%-ni öncədən malların sifarişi “Satıcı” tərəfindən qəbul edildikdə və qalan 50%-i mallar “Alıcı” ya təhvil verildiyi gün ödənilməlidir. Ödəniş hesaba, kassaya nagd yaxud köçürmə qaldası ilə apanlır. 2.7. 4.3-cü bəndinə əsasən, "Alıcı” malın tam dəyərini bu müqavilənin 4.1 bəndində göstərilən qaydada deyil, mallar təhvil alındıqdan sonra 5 iş günü ərzində də ödəyə bilər. Belə olan halda malların təhvil alınma tarixinə “Alıcı” “Satıcı”ya aldığı malın dəyərini 5 iş günü ərzində ödəməsi barədə zəmanət məktubu təqdim etməlidir.
3. Bundan başqa, xx.xx.2024-xx.xx.2025-ci il dövrü əhatə edən “Alıcılarla hesablaşmalar” başlıqlı sənəddə dövrün əvvəlinə cavabdehin borcunun 37752,2 manat olduğu, xx.xx.2024-cü il tarixdə (bu tarixədək müxtəlif vaxtlarda ödənişlərin edildyi əks olunmuşdur) 330 manat ödəniş edildikdən sonra, dövrün sonuna 23349,88 manat qaldığı əks olunmuşdur. Həmin sənəd imzalanmaqla cavabdehin möhürü ilə təsdiq edilmişdir.
4. Həmçinin, iddiaçı tərəfindən cavabdehə ümumilikdə, 68489,94 manat məbləğində elektron-qaimələr göndərilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı cavabdehdən ƏDV ilə birlikdə 21358,30 manat pulun və 155 manat ödənilmiş dövlət rüsumunun, cəmi 21513,65 manat pulun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 533 saylı malların alqı-satqı müqaviləsinə əsasən “Satıcı” malları “Alıcı”nın təqdim etdiyi sifarişə əsasən müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə “Alıcı”ya təhvil verməyi, “Alıcı” isə malları “Satıcı”dan satmağı və cavabdeh isə aldığı malları qəbul edib qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Tərəfimizdən cavabdehə malların satılmasına baxmayaraq bu günkü tarixə cavabdeh tərəfindən ödənilməmiş 20658,15 manat pulun və 700,50 manat ƏDV ilə birlikdə - cəmi 21358,30 manat borcu yaranmışdır. Lakin cavabdeh tərəfındən müqavilə öhdəliklərinə əməl olunmayaraq ƏDV ilə birlikdə 21358,30 manat borc məbləğini bugünki tarixədək tərəfımizə ödənilməmiş olaraq qalmışdır. Tərəfimizdən borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya məktubunun göndərilməsinə baxmayaraq cavabdeh bu günədək borcu ödəməmişdir b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim etməmişdir.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdehin qanuni təmsilçisi məhkəmə iclasında iştirak edərək öz izahatında bildirmişdir ki, tərəflər arasında bir milyon manatdan çox dövriyyə olmuşdur. İddiaçı ilə aralarında 20 ildən çoxdur işgüzar münasibətlər mövcud olmuş, sonuncu dəfə onlara plastik paketlər satılmışdır. Ödənişlərin müəyyən qismi nağd şəkildə həyata keçirilmişdir. Borc barədə məlumatlıdır, lakin fəaliyyətləri dayanmış, hesablar üzərinə həbs qoyulmuş, buna görə də ödənişlər həyata keçirilə bilməmişdir.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
22. Qeyd edilən müddəadan da (MM-nin 386.1-ci maddəsi) göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
23. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
24. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 533 saylı malların alqı-satqı müqaviləsinə öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən, iddiaçı malları cavabdehin təqdim etdiyi sifarişə əsasən müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə cavabdehə təhvil verməyi, cavabdeh isə malları iddiaçıdan təqdim etdiyi sifariş əsasında tələb etdiyi keyfiyyətdə, çeşiddə və müvafiq şərtlərlə qəbul etməyi, onun müqabilində ödəniş etməyi öz öhdəsinə götürmüşdür.
25. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə, 68489,94 manat məbləğində elektron-qaimələr göndərilmişdir. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixinə olan borcu 20658,15 manat əsas və 700,5 manat ƏDV omaqla, ümumilikdə 21358,65 manat təşkil edir.
26. Eləcə də, cavabdeh tərəfindən də təsdiq edilməklə xx.xx.2024-xx.xx.2025-ci il dövrü əhatə edən “Alıcılarla hesablaşmalar” adlı sənəddən də görünür ki, dövrün əvvəlinə cavabdehin borcunun 37752,2 manat olmuş, xx.xx.2024-cü il tarixdək müxtəlik məbləğlərdə ödənişlər edildikdən sonra (həmin sənəddə sonuncu ödənişin 330 manat olmaqla xx.xx.2024-cü il tarixdə edildiyi qeyd edilmişdir) dövrün sonuna, yəni xx.xx.2025-ci il tarixə cavabdehin qalıq borcunun 23349,88 manat olmuşdur.
27. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, elektron-qaimələrin göndərilməsi özlüyündə malların cavabdehə təhvil verilməsini təsdiq edən sübut qismində qiymətləndirilə bilməz. Belə ki, "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqe də bundan ibarətdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
28. Lakin, cavabdehin qanuni təmsilçisi özü məhkəmə iclasında borcu etiraf edərək öz izahatında bildirmişdir ki, tərəflər arasında bir milyon manatdan çox dövriyyə olmuşdur. İddiaçı ilə aralarında 20 ildən çoxdur işgüzar münasibətlər mövcud olmuş, sonuncu dəfə onlara plastik paketlər satılmışdır. Ödənişlərin müəyyən qismi nağd şəkildə həyata keçirilmişdir. Borc barədə məlumatlıdır, lakin fəaliyyətləri dayanmış, hesablar üzərinə həbs qoyulmuş, buna görə də ödənişlər həyata keçirilə bilməmişdir.
29. Beləliklə, məhkəmə, malların həqiqətən cavabdehə təhvil verilməsi, lakin onların dəyərinin ödənilməməsinə dair cavabdehin verdiyi izahatları, habelə iş üzrə cavabdeh tərəfindən iddiaçıya göndərilmiş malların sifarişinə dair e-mail yazışmalarını və digər sübutları nəzərə alaraq hesab edir ki, iddiaçı 21358,30 manat məbləğində borcun cavabdehdən alınaraq ona ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
30. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi dövlət rüsumunun cavabdehdən tutulması hissəsində də əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh müqavilə üzrə əsas borcu ödəsə də, hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı iddiaçının çəkdiyi xərcləri ödəməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən ƏDV ilə birlikdə 21358,30 manat pul və ödənilmiş 155 manat dövlət rüsumu olmaqla, cəmi 21513,65 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı