Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-845/2024 28.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, iddia müddəti) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı.-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2016-cı il tarixli müqavilə üzrə 329327,4 manat, 410 manat məbləğində mediasiya xərci və ödənilmiş 220 manat dövlət rüsumu olmaqla, ümumilikdə 329957,4 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh dəyərinin bir hissəsini malların verilməsindən sonra ödəmək şərti ilə iddiaçı təşkilatın istehsal etdiyi məhsulların satışı ilə məşğul olmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərinin müəyyən hissəsini ödəməmiş və onunla “xx.xx.2016-cı il tarixli sözleşme tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu ödəməyi öz üzərinə götürsə də, hazırda borc qalığı 193.722 ABŞ dolları (329,327.4 üç yüz iyirmi doqquz min üç yüz iyirmi yeddi manat qırx qəpik) manat təşkil edir. Cavabdehlə imzalanmış “xx.xx.2016-cı il tarixli sözleşme ilə borc məbləği müəyyən edilərək o, iddiaçı təşkilata olan borcunu etiraf etmişdir. Qeyd edildiyi kimi, cavabdeh bu günədək öz borcunu ödəməmişdir. Cavabdeh yəni razılaşmanın şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir. Bununla əlaqədar, cavabdeh borclu qaldığı məbləğin yaxın vaxtlarda qaytarılması barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. Yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsini təklif etmişlər, lakin mediasiya prosesində iştirak etməkdən imtina etmişdir.
3. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək, göstərmişdir ki, iddia ərizəsi əsassızdır və hazırkı iş üzrə iddia müddəti tətbiq edilməsi zərurəti yaranmışdır.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında alqı-satqı müqaviləsi şifahi qaydada bağlanmış, mallar cavabdehə 2014-2015-ci illərdə təhvil verilmiş, daha sonra qalıq borcla bağlı xx.xx.2016-cı ildə yazılı saziş imzalanmış, cavabdeh yaranmış borcu hissə-hissə olmaqla 2017-ci ilin oktyabr ayına qədər ödəməyi üzərinə götürmüşdür.
5. Əvvəlki məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinəı etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə və yazılı saziş ondan əvvəlki direktorun dövründə imzalanmış, iddiaçıdan alınmış malların dəyəri tam şəkildə ödənilmişdir. Hazırda iddiaçıya ödənilməli olan borc yoxdur.
6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
7. Sonuncu məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı tərəfindən cavabdehə xx.xx.2017-ci il tarixli qaimə-faktura ilə 50301,45 ABŞ dolları, xx.xx.2014-cü il tarixli qaimə-faktura ilə 45273,55 ABŞ dolları, xx.xx.2015-ci il tarixli qaimə-faktura ilə 39953 ABŞ dolları, xx.xx.2014-cü il tarixli qaimə-faktura ilə 67759,35 ABŞ dolları, xx.xx.2014-cü il tarixli qaimə-faktura ilə 41928 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 66603,76 ABŞ dolları, xx.xx.2014-cü il tarixli qaimə-faktura ilə 66990,55 ABŞ dolları, xx.xx.2014-cü il tarixli qaimə-faktura ilə 42253,54 ABŞ dolları, xx.xx.2014-cü il tarixli qaimə-faktura ilə 42592,71 ABŞ dolları, xx.xx.2015-ci il tarixli qaiməfaktura ilə 66794,14 ABŞ dolları, xx.xx.2014-cü il tarixli qaimə-faktura ilə 67979,96 ABŞ dolları, xx.xx.2014-cü il tarixli qaimə-faktura ilə 40976,40 ABŞ dolları məbləğində mal göndərilmişdir.
10. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, cavabdeh 268000 ABŞ dolları borcunun olduğunu etiraf etmiş və borcunu ödəniş cədvəlinə (2016-cı ilin may ayından etibarən 2017-ci ilin oktyabr ayına qədər) uyğun ödəməyi öhdəsinə götürmüşdür. Ödənişin gecikdirilməsi halında 1 % cərimə hesablanacaq. Mübahisə halında Azərbaycan məhkəmələri tərəfindən məhkəmə prosesi başlana bilər.
11. İddiaçı tərəfindən cavabdehə xx.xx.2014-cü il tarixli 021845 nömrəli hesabfaktura ilə 41928 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 021834 nömrəli hesab-faktura ilə 40976,40 ABŞ dolları, xx.xx.2014-cü il tarixli hesab-faktura ilə 67979,96 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 021842 nömrəli hesab-faktura ilə 67759,35 ABŞ dolları, xx.xx.2015ci il tarixli 021922 nömrəli hesab-faktura ilə 39953 ABŞ dolları, xx.xx.2017-ci il tarixli hesab-faktura ilə 50301,45 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 021891 nömrəli hesabfaktura ilə 64545,70 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 021880 nömrəli hesab-faktura ilə 45273,55 ABŞ dolları, xx.xx.2015-ci il tarixli 021960 nömrəli hesab-faktura ilə 66794,14 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 021872 nömrəli hesab-faktura ilə 42592,71 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 021859 nömrəli hesab-faktura ilə 42253,54 ABŞ dolları, xx.xx.2014cü il tarilxi 021853 nömrəli hesab-faktura ilə 66990,55 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 021868 nömrəli hesab-faktura ilə 66603,76 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 021837 nömrəli hesab-faktura ilə 67979,96 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 021855 nömrəli hesab-faktura ilə 42253,54 ABŞ dolları məbləğində mal göndərilmişdir.
12. xx.xx.2014-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 41928 ABŞ dolları məbləğində mal göndərilmişdir.
13. 28.02.2014-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 40976,40 ABŞ dolları məbləğində mal göndərilmişdir.
14. 01.04.2014-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 67979,96 ABŞ dolları məbləğində mal göndərilmişdir.
15. 29.04.2014-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 67759,35 ABŞ dolları məbləğində mal göndərilmişdir.
16. xx.xx.2015-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 39953 ABŞ dolları məbləğində mal göndərilmişdir.
17. xx.xx.2017-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 50301,45 ABŞ dolları məbləğində mal göndərilmişdir.
18. 06.02.2015-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 64545,70 ABŞ dolları məbləğində mal göndərilmişdir.
19. 16.12.2014-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 45273,55 ABŞ dolları məbləğində mal göndərilmişdir.
20. xx.xx.2015-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 66794,14 ABŞ dolları məbləğində mal göndərilmişdir.
21. 13.11.2014-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 42592,71 ABŞ dolları məbləğində mal göndərilmişdir.
22. xx.xx.2014-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 42253,54 ABŞ dolları məbləğində mal göndərilmişdir.
23. xx.xx.2014-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 66990,55 ABŞ dolları məbləğində mal göndərilmişdir.
24. xx.xx.2014-cü il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 66603,76 ABŞ dolları məbləğində mal göndərilmişdir.
25. 04.06.2015-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 68715,01 ABŞ dolları məbləğində mal göndərilmişdir.
26. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
27. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
28. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
29. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
30. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
31. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.
33. Bununla yanaşı, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın təmin edilməməsini xahiş edir.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
35. Tərəflər arasında borcun etirafı barədə müqavilə xx.xx.2016-cı il tarixdə bağlanmış, cavabdeh yaranmış borcunu 2017-ci ilin oktyabr ayına qədər ödəməyi öhdəsinə götürmüşdür.
36. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır.
37. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
38. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).
39. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).
40. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
41. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
42. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
43. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı).
44. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
45. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
46. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır.
47. Beləlikdə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia müddətini açıqaşkar ötürdüyündən, cavabdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etdiyindən iddia təmin edilməməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 630 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı İbavalresa Boya ve Kimya San.Tiç.A.Ş.-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 630 (altı yüz otuz) manat dövlət rüsumu İddiaçı.-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova