Məhkəmə qərarları › İş №e-2-2(113)-848/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-848/2020

16.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-848/2020 16.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "İddiaçı" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yaranmış 2218,99 manat əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 260,50 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "İddiaçı" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “X4” MMC (indiki adı və bundan sonra "İddiaçı" MMC) ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqıya əsasən, müəssisənin istehsal etdiyi malları “Satıcı” satmağı, “Alıcı” isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürür. İddiaçı üzərinə götürdüyü öhdəliyi tamamilə icra etsə də, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisələrindən aldığı malların dəyərini ödəməmiş və nəticədə 2 218,99 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. “09” mart 2017-ci il tarixdə, yoxlama əsasında tərtib edilmiş, tərəflər arasında ikitərəfli qaydada imzalanmış “üzləşdirmə aktı”na əsasən Cavabdeh müəssisəyə 2 468,00 manat məbləğində borcunun mövcud olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən müəyyən ödənişlər edilsə də müəssisəyə hal-hazırda 2 218,99 manat məbləğində qalıq borcu qalmışdır. Cavabdeh müəssisənin tikinti materiallarını sataraq gəlir əldə etməsi, müəssisənin pul vəsaitini özündə saxlamaqla və qanunsuz olaraq qaytarmaqdan yayınmaqla müəssisənin pul vəsaitindən faydalanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "İddiaçı" MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli üzləşdirmə aktından görünür ki, xx.xx.2017-ci il tarixinə qarşılıqlı borclar üzrə yoxlamaya əsasən Cavabdeh "İddiaçı" MMC qarşısında 2468 manat borcu qalmışdır. "İddiaçı" MMC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh müəssisəyə hazırda 2218,99 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmış, üzləşdirmə aktının tərtib olunduğu yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əldən çıxmış fayda 260,50 manat (1 il üçün 5% - 111 manat, 1 ay üçün 5% - 9,25 manat və 1 gün üçün 5% - 0,30 manat) təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.7 və 567-ci maddələri). Göründüyü kimi iddiaçı "İddiaçı" MMC malları alıcı Cavabdeh versə də, sonuncu bunun müqabilində qismən ödənişlər etməklə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh yaranmış 2218,99 manat əsas borc, əldən çıxmış fayda kimi 260,50 manat cəmi 2479,49 manat məbləğində pul tutularaq "İddiaçı" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin tam təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2218,99 manat əsas borc, əldən çıxmış fayda kimi 260,50 manat cəmi 2479,49 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq iddiaçı “"İddiaçı" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar