Məhkəmə qərarları › İş №e-2-2(113)-848/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-848/2024

16.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-848/2024 16.02.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, üzləşmə aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə ödənilməmiş 8853.60 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,54 manat məbləğində pulun və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tutularaq iddiaçının xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən müqavilə üzrə ödənilməmiş 2636 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə”xx.xx.2021-ci il tarixli, 096/2021 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 8853.60 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2021-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 2636 manat hissəsini bu günədək ödəməmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.Məmmədsoy iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, təqdim edilən müqavilə üzrə cavabdehə bir partiya mal verilmiş, cavabdeh tərəfindən iki dəfə ödənilmiş, 2636 manat borc ödənilməmişdir. Tərəflər arasında bir neçə müqavilə mövcuddur. Hazırkı müqavilə üzrə qalıq borc 2636 manatdır.

5. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bir neçə ildir ki, əməkdaşlıq vardır, ayda bir neçə dəfə ona iddiaçı tərəfindən mal təqdim edilir. İddia ərizəsinə əlavə edilmiş sənədləri özü iddiaçının xahişi ilə təxminən 1 il əvvəl, evinin önündə imzalamış, ona həmin sənədlərin formal olaraq imzalanmasının gərəkli olması bildirilmişdir. Halbuki, iddiaçı tərəfindən ona həmin məbləğdə mal verilməmişdir. Ödəniş sənədlərini də qəbul etmir, həmin ödənişlər tərəfindən edilməmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı və cavabdeh arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli 101/2021 tarixli məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən satıcı alıcıya nisyə (borc) olaraq ümumi dəyəri 8853,60 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satır. Alıcı satıcıdan ümumi dəyəri 8853,60 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir. Alıcı satıcıya 8853,60 manat məbləğində olan borcunu 3 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür.

8. İddiaçı və cavabdeh arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli 101/2021 saylı mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən kreditor tərəfindən borcluya verilmiş müxtəlif çeşidli məhsullar əsasında borclunun kreditora 8853,60 manat məbləğində borcu yarandığı müəyyən olunmuşdur. Borlu kreditora 8853,60 manat borcunun olduğunu tam etiraf edir və bu müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi öhdəsinə götürür.

9. İddiaçı və cavabdeh arasında tərtib edilmiş 08 sentyabr 2021-ci il tarixli təhviltəslim aktından görünür ki, satıcı tərəfindən alıcıya 8853,60 manat məbləğində mal təhvil verilmişdir.

10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, xx.xx.2021-ci il tarixli 101 saylı müqaviləyə əsasən iddiaçıya 8853,60 manat borcu yarandığını etiraf edir və 3 aya qədər borcu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

11. 21 dekabr 2021-ci il tarixli 811892 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 08 sentyabr 2021-ci il tarixli 101/2021 tarixli müqavilə üzrə 4100 manat ödənilmişdir.

12. 08 fevral 2022-ci il tarixli 811897 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 08 sentyabr 2021-ci il tarixli 101/2021 tarixli müqavilə üzrə 2117,60 manat ödənilmişdir.

13. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 08 sentyabr 2021-ci il tarixli 101/2021 tarixli nisyə alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

21. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

23. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

25. Məhkəmə cavabdehin həmin müqavilə üzrə ona hər hansı mal təhvil verilməməsi barədə arqumentini ağlabatan hesab etmir. Belə ki, materiallarda olan müqavilə, təhvil aktı, borcun yaxın müddətdə ödəniləcəyi barədə ərizənin şəxsən özünün imzalamasını cavabdeh məhkəmə iclasında təsdiq etmiş, iddiaçıdan mütəmadi olaraq müxtəlik içkiləri alıb özünə məxsus mağazada satışının həyata keçirildiyini bildirmişdir.

26. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 2636 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. İş üzrə ödənilmiş qalan 48,54 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2636 manat pul, ödənilmiş 60 manat dövlət rüsumu, ümumilikdə 2696 (iki min altı yüz doxsan altı) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 48,54 (qırx səkkiz manat əlli dörd qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar