Məhkəmə qərarları › İş №e-2-2(113)-848/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-848/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-848/2025 09.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ƏDV daxil 4784,87 (dörd min yeddi yüz səksən dörd manat, səksən yeddi qəpik) manat əsas borc, 3301,57 (üç min üç yüz bir manat, əlli yeddi qəpik) manat dəbbə pulu və ödənilmiş 101 (yüz bir) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında 07 mart 2024-cü il tarixdə 5 (beş) il müddətinə alqı-satqı müqaviləsi bağlanılmışdır. Bağlanılmış müqaviləyə əsasən İddiaçı MMC Cavabdeh MMC-yə dəyərini malın qəbul edilməsindən sonra 30 (otuz) təqvim günündən gec olmayaraq ödənilməsi şərtilə mal vermişdir. Dəfələrlə şifahi xəbərdarlıq və telefon vasitəsilə danışıqlar aparılmasına baxmayaraq, cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə əsas borcu ƏDV daxil 4784,87 (dörd min yeddi yüz səksən dörd manat, səksən yeddi qəpik) manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh MMC arasında “borcların qarşılıqlı üzləşdirilməsinə dair” 04 iyul 2024-cü il tarixli akt tərtib edilmiş və cavabdeh borcu etiraf edərək, həmin akta imza etmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən alıcı ödənişləri malın qəbul edilməsindən sonra 30 (otuz) təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata həyata keçirilməlidir. Lakin cavabdeh müqavilənin 3.2-ci bəndlərinin tələblərini pozaraq aldığı malın dəyərini bu günə kimi ödəməmişdir. Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin 6.2-ci maddəsinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5% həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, satıcı öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə cavabdehə xx.xx.2024-cü il tarixə 3301,57 (üç min üç yüz bir manat, əlli yeddi qəpik) manat dəbbə pulu hesablanmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1, 442, 443.1, 448.1, 449.1, 462.1, 462.3-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin 1.2-ci bəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və dəyərini ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti Razılaşma Protokolunda va ya Qaimə-Fakturada öz əksini tapır. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən alıcı və satıcı arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan “Öhdəliklərin qarşılıqlı tanınması aktı” və ya qaimə və ödənişə dair sənədlər ilə müəyyən edilir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən malların qiymətləri müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan “Razılaşdırma Protokoluna” və ya qaimə-fakturaya uyğun olaraq müəyyən edilir. Həmin müqavilənin 3.2-ci maddəsinə əsasən alıcı ödənişləri malın qəbul edilməsindən sonra 30 (otuz) təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən malların dəyəri 30 (otuz) təqvim günü müddətində ödənilmədikdə satıcı malları geri götürmək, çatışmayan malların dəyərini və çəkilmiş xərcləri alıcıdan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.1.1-ci maddəsinə əsasən satıcı alıcıdan satılmış malın dəyərini müqavilədə müəyyən edilmiş müddətdə ödəməyi tələb etmək hüququna malikdir. Həmin müqavilənin 5.2.3-cü maddəsinə əsasən alıcı malların dəyərini müqavilə ilə müəyyən edilmiş vaxtda ödəmək vəzifəsini daşıyır. Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0,5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, satıcı öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər.

8. xx.xx.2024-cü il tarixli “Borcların qarşılıqlı üzləşdirilməsinə dair” aktdan görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan borcu 4054,97 manat əsas borc və 720,9 manat ƏDV olmaqla, ümumilikdə 4784,87 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunub.

9. xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10461640 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 4784,8858 manat (ƏDV daxil) təşkil edir.

10. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, cavabdehin alqı-satqı müqaviləsi üzrə iddiaçıya 4784,89 manat əsas borc, 3301,57 manat hesablanmış dəbbə pulu olmaqla, ümumilikdə 8086,46 manat (dəbbə pulu ilə birlikdə) borcu mövcuddur.

11. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, borcun 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

14. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malı alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmiş, borcu yaranmışdır.

15. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 4784,87 manat məbləğində əsas borcun tutulması təşkil edir.

16. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 4784,87 manat (dörd min yeddi yüz səksən dörd manat səksən yeddi qəpik) pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu üzləşmə aktı və işdə olan digər sübutlarla öz təsdiqini tapır.

17. Bundan əlavə, iddiaçı cavabdehdən 3301,57 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

18. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərin nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 240 (iki yüz qırx) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

19. Eləcə də, iddiaçı mediasiya xidmətinə görə ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

20. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq dövlət rüsumuna görə 62,70 manat (altmış iki manat yetmiş qəpik) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 4784,87 manat (dörd min yeddi yüz səksən dörd manat səksən yeddi qəpik) ƏDV daxil əsas borc, 240 (iki yüz qırx) manat cərimə, ödənilmiş dövlət rüsumununa görə 62,70 manat (altmış iki manat yetmiş qəpik) olmaqla, ümumilikdə 5087,57 manat (beş min səksən yeddi manat əlli yeddi qəpik) pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar