Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-85/2022 15.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1325,45 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 11 Sentyabr 2018-ci il tarixdə "Məhsulların alğı-satqı" müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə uyğun olaraq satıcı ("xxxx" MMC) istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri alıcıya (Cavabdeh) onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə, nisyə alğı-satqı zamanı alıcı faktura üzrə qəbul etdiyi malın dəyərinin fakturada göstərilən son ödəmə tarixinə qədər satıcıya ödənilməsini təmin etməlidir. İddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh, 01.12.2018-ci il tarixli ZAF46287002 nömrəli malların təhvil-qəbul aktları əsasında 1325,45 manat məbləğində sərinləşdirici-spirtsiz içkilər təhvil verilmişdir. Borcun ödənilməsi ilə bağlı Cavabdeh pretenziya məktubu ilə müraciət olunmuş və borc məbləğinin 5 gün ərzində ödənilməsi tələb olunmuşdur. Əksi təqdirdə borc məbləğinin məcburi qaydada ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Pretenziya məktubu cavabdeh tərəfindən qəbul olunsa da, bu günə qədər qeyd olunan borc məbləği hələ də ödənilməmiş olaraq qalır. Buna görə iddiaçı "xxxx" MMC pozulmuş hüquqlarının bərpasını təmin etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 10.03.2021-ci il tarixli e-2-2(113)-1179/2021 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 1325,45 manat (bir min üç yüz iyirmi beş manat qırx beş qəpik) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC -yə ödənilməsi qət edilmişdir. Cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.12.2021-ci il tarixli e-2-2(113)-1179/2021 saylı qərardadı ilə 10.03.2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsi üzrə icraat təzələnmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh 325 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə əlavə olaraq bildirdi ki, Azərbaycan Tibb Universiteti ödəniş tapşırığında iddiaçının VÖEN-ni səhv göstərmişdir. Bununla bağlı cavabdehin əmək haqqından silinən məbləğ iddiaçının hesabına köçürülməmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etmədyini, bankdan çıxarışa əsasən 1.000 manat məbləğində ödəniş edildiyini təsdiq etdiyini, 200 manatı ani ödəniş vasitəsi ilə ödənildiyini, bankdan çıxarışda göstərilən ödənişlərin tarixi ilə cavabdehin təqdim etdiyi arayışda göstərilən tarixlərin üst-üstə düşmədiyini, əlavə olaraq noyabr ayında əmək haqqından 322 manat tutulduğunu, beləliklə İddiaçı MMC-yə cəmi 1.522 manat məbləğində ödəniş etdiyini, borcunu tam ödədiyini bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: "xxxx" MMC (satıcı) ilə Cavabdeh (alıcı) arasında 11 sentyabr 2018-ci il tarixdə məhsulların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünün istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici spirtsiz içkiləri alıcıya satmaqla onun mülkiyyətinə verməyi, alıcı isə həmin məhsulları qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.2-ci bəndinə görə alıcı faktura üzrə qəbul etdiyi məhsulun dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya alınadək), nisyə (kredit) satış zamanı isə fakturada göstərilən son ödəmə tarixinə qədər göstərilən məbləğin satıcıya ödənilməsini təmin etməlidir. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. 01 dekabr 2018-ci il tarixli qaiməyə əsasən (son ödəmə tarixi 22.12.2018) "xxxx" MMC tərəfindən Cavabdeh ƏDV daxil olmaqla 1.325,45 manat məbləğində mallar verilmişdir. 23.09.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 23 sentyabr 2019-cu il tarixinə olan fakturalar üzrə borc məbləği 1.325,45 manat təşkil edir. 02.12.2021-ci il tarixli, OD20 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Tibb Universiteti tərəfindən AZ37ACAB******************** nömrəli hesaba (VÖEN **********) 322 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin (Bravo 2 filialı) 03 mart 2022-ci il tarixli 247 nömrəli məktubundan (o cümlədən hesabdan çıxarışdan) görünür ki, 20.12.2019-29.06.2021-ci il tarixləri aralağında "xxxx" ASC-nin Birbank mobil tətbiqi vasitəsi ilə AZ57AİİB******************** saylı cari manat hesabından icra edilmiş 8 ədəd 100 manat və 1 ədəd 200 manat olmaqla ümumilikdə cəmi 1000 manat olan 9 ədəd ödəniş AZ53AİİB******************** saylı cari hesaba köçürülmüşdür. 03.03.2022-ci il tarixli sonuncu maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 03 mart 2022-ci il tarixinə olan fakturalar üzrə borc məbləği 325,45 manat təşkil edir. 08.04.2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh tərəfindən 01.10.2021-ci ildə 590,06 manat, 29.10.2021-ci ildə 590,06 manat, 01.12.2021-ci ildə 268,06 manat və 28.12.2021-ci ildə 590,06 manat olmaqla cəmi 2.038,24 manat nağdsız mədaxil əməliyyatı həyata keçirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında malların alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh təqdim edilmiş malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya 1325,45 manat məbləğində borcu yaranmışdır. Sözgedən borc məbləğinin 1000 manat hissəsi cavabdeh tərəfindən bank köçürməsi yolu ilə ödənildiyindən hazırkı tarixə cavabdehin iddiaçıya borcu 325,45 maant təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567, 600.1-ci maddələrinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 1.000 manat məbləğində ödənişdən əlavə "Milliön" ödəniş sistemi vasitəsi ilə 200 manat məbləğində ödəniş etməsi, eyni zamanda qiyabi qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə onun 2021-ci ilin noyabr ayına olan əmək haqqından 322 manat məbləğində pulun tutulması barədə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, cavabdeh "Milliön" sistemi vasitəsilə 200 manat ödəniş etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən cavabdeh qiyabi qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən maaşından tutulma aparılmasını təsdiq edən ödəniş tapşırığını təqdim etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ödəniş tapşırığında vəsaiti alan şəxsin (iddiaçı Azərbaycan Koka-Kola Bottlers Limited” MMC) VÖEN-i səhv göstərildiyindən həmin pul vəsaiti iddiaçının bank hesabına köçürülməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin müqaviləyə əsasən verilmiş malların dəyərindən – 325,45 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, eləcə də iddiaçı cavabdehdən 325 manat məbləğində pul vəsaitini tələb etdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 325 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 325 (üç yüz iyirmi beş) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-85/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-85/2022
15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver