Məhkəmə qərarları › İş №e-2-2(113)-8518/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8518/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8518/2024 14.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızı, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv proresində olan) qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Ləğvetmə Komissiyasından sığorta hadisəsi nəticəsində 38.838,53 manat məbləğində dəymiş ziyanın alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizənin surəti və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. - 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. - 150.1.4-cü maddəsinə əsasən, iddia ərizəsinə bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. - 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. - 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1.5-ci maddəsinin tələbinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi müəyyən edilmişdir. Lakin ərizəçi tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, həmin rüsumlar 2023-cü ildə başqa işlər üzrə ödənilmiş rüsum məbləğləridir. Eyni rüsumdan ikinci dəfə istifadə edilməsinə yol verilmir. Bundan başqa məhkəmə iddia tələbinin yönəldiyi ləğv prosesində olan cavabdehlə qarşı aşağıdakı məqamları qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 61.1-ci maddəsinə əsasən Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Həmin Məcəllənin 61.4-cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən belə nəticə müəyyən olunur ki, iddiaçının tələbinin ləğv etmə balansına daxil edilməsinin məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulmamışdır. İddiaçı aralıq balansında irəli sürdüyü tələbin təsviyəçi tərəfindən təmin edilməsindən imtina edildiyi (razılaşmadığı) təqdirdə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Lakin, iş materiallarında kreditorun (hazırkı halda iddiaçının) tələbinə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən baxılmasına və hər-hansı qərarın qəbul edilməsinə dair sübutlar aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-in: - 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə (ləğv proresində olan) qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar