Məhkəmə qərarları › İş №e-2-2(113)-852/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-852/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-852/2021 26.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 61141,19 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması və tərəflər arasında bağlanan xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinin azaldılması barədə ərizəni məhkəməyə təqdim edərək, 61141,19 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə aralarında bağlanan xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehin fəaliyyəti üçün zəruri olan malların satışını həyata keçirmişdir. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən müqavilənin hüquqi qüvvəsi bağlandığı gündən yaranır və 1 il müddətinə qüvvədədir. Müqavilənin vaxtı bitdikdə tərəflər müqavilənin pozulmasına dair müraciət etmədikdə müqavilə daha bir il müddətinə üzadılmış sayılacaqdır. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən vaxtında yerinə yetirilsə də, cavabdeh öz öhdəliklərini lazımi qaydada vaxtında yerinə yetirməmiş və aldığı mal-materialların dəyərini ödəməmişdir. Cavabdehə borcun ödənişi üçün kifayət qədər şərait yaradılsa da, cavabdeh uzun müddət borcunu ödəməmişdir. Bundan sonra tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə üzləşmə aktı tərtib edilmiş və bu zaman ümumi borcun 61141,19 manat olduğu müəyyən edilmişdir. Cavabdeh həmin borc məbləğini noyabr ayına qədər ödəyəcəyini bildirsə də, bunu yerinə yetirməmişdir. Bundan sonra cavabdehə xx.xx.2020-ci il tarixdə pretenziya məktubu göndərilmiş və borcun ödənilməsi cavabdehdən tələb olunmuşdur. Lakin cavabdeh bu günə qədər öz borcunu ödəməmişdir. Cavabdehin öz borcunu ödəmədiyi və müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmdan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində İddiaçı ilə alıcı qismində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı sifariş edilən malları vaxtında və tam şəkildə təqdim etməyi, alıcı isə malların dəyərini vaxtında satıcıya ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixdə tərəflər arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı ödənilməmiş 61141,19 manat borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası, həmçinin cavabdehin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, borcun 15 gün müddətində ödənilməsi təklif edilmiş, borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 61141,19 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 61141,19 manat (altmış bir min yüz qırx bir manat on doqquz qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 61171,19 manat (altmış bir min yüz yetmiş bir manat on doqquz qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar