Məhkəmə qərarları › İş №e-2-2(113)-8538/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8538/2024

24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8538/2024 24.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Kartaş LTD” MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10566,90 manat əsas borc, 3170,07 manat dəbbə pulu, 342 manat dəyərində (2 ədəd) 10 tonluq plastic çən borcu olmaqla cəmi 14078,97 manat borc və 132,24 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış K2024-0037 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən satıcı malı alıcıya satmağı, bunun müqabilində isə satıcı alınan malların dəyərini alıcı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, lakin Cavabdeh MMC tərəfindən öhdəliklər hələ də icra olunmamışdır. Yəni müqavilə üzrə Cavabdeh MMC-yə verilmiş malların dəyəri tam ödənilməmişdir. Müqavilənin 2.9-cu bəndində qeyd edilən 90 günlük müddət isə ötürülmüşdür. Belə ki, hal-hazırda müqavilə üzrə satılmış malları dəyəri olaraq 10566,90 manat əsas borc, 3170,07 manat dəbbə pulu, 342 manat dəyərində (2 ədəd) 10 tonluq plastic çən borcu olmaqla cəmi 14078,97 manat pul Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. Qeyd edilir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanan K2024-0037 nömrəli, xx.xx.2023-cü il tarixli müqavilənin 5.4-cü bəndinə görə “razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcı-dan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i (ümumi məbləğin 30%-dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir.”

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi H.Qasımova iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 342 manat dəyərində (2 ədəd) 10 tonluq plastik çən müqavilə bağlandıqdan sonra ehtiyac olduğu üçün cavabdehə akt olmadan satılaraq təhvil verilmiş, üzləşmə aktında bu hal öz əksini tapmış və cavabdeh tərəfindən də təsdiq olunmuşdur.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K2023-0037 nömrəli alqı-satqı müqaviləsinə əsasən, satıcı hazırkı müqavilənin əlavələrində göstərilən materialları alıcının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul etməyi və onun əvəzində malların satış qiymətini müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 5.3-cü bəndinə görə alıcı qəbul etdiyi malların dəyərini qanunvericiliklə nəzərdə tutulmuş qaydada, 30 gün ərzində satıcıya ödənilməsini təmin etməlidir. Ödəniş köçürmə yolu ilə həyat keçirilir.

10. Müqavilənin 5.4-cü bəndinə görə alıcı malın satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdirmənin hər günü üçün satıcıya vaxtında ödəmədiyi məbləğin 0,1%-i (ümumi məbləğin 30 %-dən artıq olmamaq şərtilə) məbləğində dəbbə pulu ödəyir.

11. İddiaçı və cavabdeh tərəfindən təsdiq olunmuş borcların qarşılıqlı üzləşdirilməsi aktına görə xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçıya 10566,90 manat borcu mövcuddur. Əlavə olaraq cavabdehin iddiaçıya 342 manat (2 ədəd) dəyərində 10 tonluq plastik çən borcu vardır. Akt tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDA 295845 nömrəli 1628,40 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDG 171339 nömrəli 4177,20 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBCP 030566 nömrəli 4194,90 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDA 737707 nömrəli 5097,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDB 512488 nömrəli 6106,50 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDE 563805 nömrəli 7062,30 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDC 263369 nömrəli 7257 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDD 193153 nömrəli 8018,10 manat məbləğində elektron elektron qaimələr təqdim edilmişdir.

13. İddiaçının ƏDV sub uçot hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü ildə 2330,10 manat, xx.xx.2023-cü ildə 900 manat, xx.xx.2024-cü ildə 900 manat, xx.xx.2024-cü ildə 900 manat ƏDV ödənilmişdir.

14. İddiaçının bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü ildə 12945 manat, xx.xx.2023-cü ildə 5000 manat, xx.xx.2024-cü ildə 5000 manat, xx.xx.2024-cü ildə 5000 manat vəsait ödənilmişdir.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, cavabdehin yaranmış borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K2023- 0037 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

18. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

19. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

20. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə satılmış mallarının ümumi dəyəri olan 43542 manat məbləğində borcun müqabilində 5030,10 manat ƏDV, 27945 manat əsas borcu ödədiyini, 10566,90 manat məbləğində borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 10566,90 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

22. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixli, K2023-0037 nömrəli alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 342 manat olan 2 ədəd plastik çən də təhvil verilmişdir. Qeyd olunan halı tərəflər üzləşmə aktında təsdiq etmişlər. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehə satılmış 2 ədəd plastik çənin dəyərini (342 manat) cavabdehdən tələb etməkdə haqlıdır, iddia həmin hissədə də təmin edilməlidir.

23. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K2023-0037 nömrəli müqavilənin 5.4-cü bəndinə əsasən hesablanmış 3170,07 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

24. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

25. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

26. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

27. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilməlidir.

28. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 10566,90 manat əsas borc, plastik çənlər üzrə 342 manat borc və 500 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 124,23 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 8,01 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 10566,90 manat əsas borc, 342 manat plastik çən borcu, 500 manat dəbbə pulu, 124,23 manat dövlət rüsumu, ümumilikdə 11533,13 (on bir min beş yüz otuz üç manat on üç qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 8,01 (səkkiz manat bir qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar