Məhkəmə qərarları › İş №e-2-2(113)-8578/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8578/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8578/2025 11.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18 dekabr 2023-cü il tarixli AZL-1302 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 iyul 2025-ci il tarixə ödənilməmiş 1206.01 manat gecikdirilmiş əsas, 947.66 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 225.35 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpası üçün tələb edilən 4641.80 manat, ümumilikdə 7020.82 manat borc və ödənilmiş 90.21 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 18 dekabr 2023-cü il tarixli AZL-1302 saylı “Daxili lizinq” müqaviləsinə əsasən “Chevrolet Cobalt LTZ” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 16 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543.51 manat, ümumilikdə isə 36110 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 36110 manatın 25850 manatı əsas məbləğ təşkil edir. Cavabdeh2 müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan, “Chevrolet Cobalt LTZ” markalı, **-YE-***dövlət qeydiyyat nişanlı avtomobil 01 iyul 2025-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və Servis Mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 4641.80 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Eyni zamanda Cavabdeh2 AZL-1302 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 01 iyul 2025-ci il tarixə ümumilikdə 2379.02 manat məbləğində gecikmə borcu yaranmışdır. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, iddiamız qanuni və əsaslı olduğundan təmin edilməlidir. “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində Lizinq Obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski Lizinq alana keçir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qayda da məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məlumat verməmişdir.

5. Sonuncu məhkəmə iclasının iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Chevrolet Cobalt LTZ” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı, istehsal tarixi 2023-cü il olan nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir.

8. İddiaçı (lizinq verən) ilə Cavabdeh2 (lizinq alan) arasında bağlanmış 18 dekabr 2023-cü il tarixli AZL-1302 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə görə lizinq verən lizinq alanın sifariş eldiyi və hu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan İ saylı Əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür.

9. “Daxili lizinq” müqaviləsinin 1.3-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 25850 manat təşkil edir. Lizinq Alan, bu müqavilə imzalandığı gün 3500 manat məbləğində lizinq ödənişini Lizinq Verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 3500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 60 ay müddətində illik 16% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı hu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır Ödəniş günü qeyrı-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsi hesab olunur.

10. Müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesablanmaqla cərimə ödəyir.

11. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən lizinq alan illik 16 % mükafat məbləği hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 543.51 manat, ümumilikdə isə 25850 manat məbləğində pulu vəsaitini İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.

12. Müqavilənin 4.4.1-ci bəndinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir.

13. Həmin müqavilənin 4.4.2-ci bəndinə əsasən lizinq Alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməlidir.

14. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində Lizinq obyektinin zərərin bütim növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxdan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır.

15. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər.

16. İş materiallarına əlavə edilmiş, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına görə lizinq obyekti olan “Chevrolet Cobalt LTZ” markalı, Ban nömrəsi: XWBJA69V9RA013246 olan 1 ədəd dəyəri 25850 manat olan nəqliyyat vasitəsi lizinq alan Cavabdeh2 təhvil verilmişdir.

17. 01 iyul 2025-ci il tarixli, avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə akta əsasən “Chevrolet Cobalt LTZ” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçıya təhvil verilmişdir.

18. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli akta görə “Chevrolet Cobalt LTZ” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində yaranmış nasazlıqların aradan qaldırılması üçün ümumi xərc ƏDV daxil 4641,80 manat təşkil edir.

19. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 4514 nömrəli maliyyə arayışına əsasən cavabdehin 18 dekabr 2023-cü il tarixli AZL-1302 nömrəli daxili lizinq müqaviləsinə görə iddiaçıya əsas borcu 1206,01 manat, mükafat borcu 947,66 manat, 225,35 manat cərimə borcu olmaqla cəmi borcu 2379,02 manat təşkil edir.

20. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, CVN/Y19-019/26 saylı rəyin nəticə hissəsinə görə "xxxx" MMC-nin mülkiyyətində olan 2023-cü il istehsal tarizli, “Chevrolet Cobalt LTZ” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilə materiallarda olan xx.xx.2025-ci il tarixli aktda göstərilmiş zərər dəymişdir. Bununla belə bəzi hissələrdə uyğunsuzluqlar mövcuddur. Alınmış nəticəyə görə ehtiyat hissələrinin cəmi dəyəri 1539 AZN, əmək haqqı ümumilikdə 1565 AZN təşkil edir. Beləliklə, "xxxx" MMC-nin mülkiyyətində olan 2023-cü il istehsal tarizli, “Chevrolet Cobalt LTZ” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb edilən təmir-bərpa işlərinin (material və usta haqqı daxil olmaqla) 2025-ci il üçün orta bazar dəyəri 3104 manat təşkil edir.

21. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 18 dekabr 2023-cü il tarixli AZL-1302 saylı lizinq müqaviləsi bağlanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan qalıq 1206,01 manat əsas borc və 947,66 manat mükafat borcu hazırkı günədək iddiaçıya ödənilməmişdir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

26. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

27. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

29. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

30. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

31. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 18 dekabr 2023-cü il tarixli AZL-1302 saylı lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 1206,01 manat əsas borc və 947,66 manat mükafat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən göstərilən borclar tutularaq iddiaçıya ödənilməlidir.

32. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən hesablanmış 225,35 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

33. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

34. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

35. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

36. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 60 manat müəyyən edilməlidir.

37. Bundan əlavə, iddiaçı lizinq obyektinə vurulmuş zərərin əvəzi qismində 4641,80 manat pulun tutulmasını xahiş etmişdir.

38. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

39. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

40. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

41. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

42. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

43. Bundan əlavə, məlum olduğu kimi, Mülki Məcəllə zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

44. Mülki Məcəllə daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

45. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

46. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

47. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

48. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

49. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

50. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

51. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan “Chevrolet Cobalt LTZ” markalı, **-YE-*** dövlət qeydiyyat nişanlı, istehsal tarixi 2023-cü il olan nəqliyyat vasitəsi 18 dekabr 2023-cü il tarixli AZL-1302 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən cavabdehin sahiblik və istifadəsinə tam işlək, yeni və saz vəziyyətdə verilmiş, nəqliyyat vasitəsinin cavabdehin sahiblik və istifadəsində olduğu müddət ərzində avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş, həmin zərərin baş verməsi halını cavabdeh məhkəmə iclasındakı izahatında təsdiq etmiş, zərərin mövcudluğu iş üzrə aparılmış məhkəmə-qiymətləndirici ekspertizası ilə də öz təsdiqini tapmış və zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən çəkilməli olan xərcin məbləğinin 3104 manat olması mütəxəssis rəyi ilə müəyyən edilmişdir.

52. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır, cavabdehdən lizinq predmetinə dəymiş zərərin əvəzi qismində 3104 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1206,01 manat əsas borc, 947,66 manat mükafat borcu, 60 manat cərimə və dəymiş zərərin əvəzi qismində 3104 manat tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 73,18 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 17,03 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

56. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirici ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.

57. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən 200 manat ekspertiza xərci cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.

V. Nəticə:

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1206,01 manat əsas borc, 947,66 manat mükafat borcu, 60 manat cərimə, dəymiş zərərin əvəzi qismində 3104 manat, 73,18 manat dövlət rüsumu, ümumilikdə 5390,85 (beş min üç yüz doxsan manat səksən beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 17,03 (on yeddi manat sıfır üç qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Cavabdeh2 200 (iki yüz) manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar