Məhkəmə qərarları › İş №e-2-2(113)-8584/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8584/2025

06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8584/2025 06.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonracavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 manat pulun və ödənilmiş 120 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) direktoru X1 ilə Cavabdeh MMC (VÖEN: **********) arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhərində bağlanmış 01/24 saylı malların alqı-satqısı haqqında müqaviləyə əsasən satıcı 7 Rəng" MMC alıcı Cavabdeh MMC(VÖEN: **********) tələb olunan malı satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılşadırılmış qaydada malın dəyərini sarıcıya ödəməyi öz öhtəsinə götürmüşdür. Bağlanmış müqaviləyə 1 saylı xx.xx.2024-cü il tarixli əlavədən də aydın görünür ki, alıcı satıcıdan dəyəri 35000 (otuz beş min) olan „Printer (4 Epson i3200-U1 Heads)“ məhsulu almışdır. Məhsul cavabdeh tərəfindən qəbul edilmiş, qaimə təsdiq olunmuşdur. Cavabdehin məhsulu qəbul etməsinə baxmayaraq, bu günə qədər cavabdeh tərəfindən bir manat belə olsun ödəniş olunmamışdır. Bir neçə dəfə bu barədə cavabdehə xəbərdarlıq olunsa da cavbdeh hər dəfə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Ümumilikdə cavabdehin ödənilməmiş ƏDV daxil olmaqla 10000 ( on min) manat borcu vardır. Tərəflər arasında bağlanmış müqavilənin müddəalarına əsasən cavabdehə tərəfimizdən pretenziya mətubu göndərilsə də, cavabdehdən mənfi və ya müsbət heç bir cavab gəlməmişdir. Hesab edirik ki, mübahisənin məhkəmədən kənar həlli qaydası mümkün deyildir.

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, ödənilmiş (ƏDV daxil) 25000 (iyirmi beş min) manat məbləğin İddiaçı tərəfindən Cavabdehnə qaytarılması; mənəvi ziyan olaraq 5000 (beş min) manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən Cavabdehnə ödənilməsi; məhkəmədə hüquqlarının müdafiəsi üçün vəkilə ödənilmiş 5000 (beş min) manatın və 195 (yüz doxsan beş) manat dövlət rüsumunun İddiaçı MMC-dən tutularaq Cavabdehnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) direktoru X1 ilə Cavabdeh MMC (VÖEN: **********) arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhərində bağlanmış 01/24 saylı malların alqı-satqısı haqqında müqaviləyə əsasən satıcı 7 Rəng" MMC alıcı Cavabdeh MMC (VÖEN: **********) tələb olunan malı satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılşadırılmış qaydada malın dəyərini sarıcıya ödəməyi öz öhtəsinə götürmüşdür. Bağlanmış müqaviləyə 1 saylı xx.xx.2024-cü il tarixli əlavədən də aydın görünür ki, alıcı satıcıdan dəyəri 35000 (otuz beş min) olan „Printer (4 Epson i3200-U1 Heads)“ məhsulu almışdır. Daha sonra alınan yuxarıda adı qeyd edilən məhsulda nasazlıq yarandığından satıcıya bu barədə tərəfimizdən məlumat verilmişdir və məhsula baxış keçirib düzəltmək məqsədilə 28 iyun 2025-ci il tarixdə satıcı, yəni İddiaçı MMC tərəfindən bizdən məhsulu götürülmüşdür və indiyədək bizə geri qaytarılmamışdır. Buna baxmayaraq bizə qarşı formal və əssasız iddia qaldırmışdır. Göründüyü kimi, İddiaçı MMC aramızda bağlanmış alqı-satqı müqaviləsinə əməl etməyərək məhsulu bizə verməmiş, buna baxmayaraq bizdən əssasız olaraq ödəniş tələb etmişdir. Həmçinin, əldə etdiyimiz məlumata əsasən, bizdən düzəltmək məqsədilə götürdüyü məhsulu “X3” MMC-ə satmışdır. Odur ki, MT2501 seriyalı 11218055 nömrəli qaiməyə əsasən tərəfimizdən İddiaçı MMC-ə ödənilmiş (ƏDV daxil) 25000 (iyirmi beş min) manat məbləğ İddiaçı tərəfindən Cavabdehnə geri ödənilməlidir. Həmçinin onuda qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən məhsul təhvil vermədiyinə görə, şirkətimizdə aldığımız məhsulla görməli olduğumuz işləri görə bilməmişik, bu işçilər eyni ilə müştərilər arasında gərginlik yaratmışdır və mənəvi olaraq bizi çox sarsmışdır. Elə bu səbəbdən də, mənəvi ziyan olaraq 5000 (beş min) manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Cavabdehnə ödənilməlidir. Onuda qeyd etmək lazımdır ki, məhkəmədə hüquqlarımızın müdafiəsi üçün vəkillə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmış, 5000 (beş min) manat ödəniş edilmişdir

5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8584/2025 saylı, xx.xx.2025-cı il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. Əvvəlki məhkəmə iclasında ilk iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşılıqlı iddia əsassızdır, belə ki, mal cavabdehə təhvil verildikdən sonra ümumiyyətlə həmin malda hər hansı qüsur olması barədə alıcı tərəfindən onlara hər hansı bildiriş, məlumat verilməmiş, mal tərəflərindən geri təhvil alınmamışdır. Əgər printer qarşılıqlı iddia ərizəsində göstərildiyi kimi cavabdehdən geri alınsa idi, iddia ərizəsi verilənə qədər cavabdeh həmin malın onlara qaytarılmasını tələb edərdi, qarşılıqlı iddiaçı bu barədə hər hansı sübut təqdim edə bilmir. Bu səbəbdən qarşılıqlı iddianın rədd edilməsini xahiş edir.

7. Əvvəlki məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilk iddia əsassızdır, rədd edilməlidir. Belə ki, printer onlara təhvil verildikdən bir müddət sonra onda problem aşkar edilmiş, bu səbəbdən bu barədə şifahi qaydada satıcıya məlumat verilmiş, ilk iddiaçı həmin printeri gəlib onlardan təmir etmək məqsədilə götürmüş, bu günə qədər də geri təhvil verməmiş, daha sonra tərəflərindən aşkar edilmişdir ki, həmin məhsul başqasına satılmış, hazırda printer digər hüquqi şəxsdədir. Bu səbəbdən tərəflərindən ödənilmiş vəsait onlara geri qaytarılmalıdır.

8. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin nümayəndələrinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişlər.

9. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 01/24 nömrəli malların alqı-satqısı haqqında müqaviləyə əsasən satıcı alıcıya tələb olunan malı satır, alıcı isə həmin malı qəbul edir və hazırkı müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.

12. Müqavilənin 4.4-cü bəndinə əsasən satıcı alıcıya malları müvafiq qaimə-faktura (təhvil-təslim aktı) ilə təhvil verir. Malın alıcının anbarına qəbul edilmə tarixi, malın qəbul edilmə tarixi sayılır.

13. Müqavilənin 4.5-ci bəndinə əsasən malların təhvil-təslim zamanı qablaşdırılmasında zədə və ya qüsur olduğu halda alıcı tərəfindən satıcıya yerində dərhal irad bildirilməli, həmin məhsul aktlaşdırılmalı, qəbul edilməyib geri qaytarılmalı və yenisi ilə əvəz edilməsi haqqında Satıcıya müraciət edilməlidir.

14. Müqavilənin 5.3-cü bəndinə əsasən bu müqavilə üzrə Alıcıya verilən mallann ümumi məbləği Qaimə-Fakturada göstərilir.

15. Müqavilə tərəflərin imzası və hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir.

16. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 01/24 nömrəli alqı-satqı müqaviləsinə xx.xx.2024-cü il tarixli, 01 nömrəli əlavəyə əsasən həmin müqavilə üzrə 1 ədəd Printer (4 Epson i3200-U1 Heads markalı) adlı malın dəyəri ƏDV daxil olmaqla 35000 manat məbləğində müəyyənləşdirilmişdir.

17. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli, MT2501 ********* nömrəli 5000 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11342969 nömrəli, 5000 manat məbləğində, xx.xx.2025-ci il tarixli, MT2501 11218055 nömrəli 24999,99 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilmişdir.

18. İddiaçıya məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə 4237,29 manat məbləğində, xx.xx.2024-cü il tarixdə 4237,29 manat məbləğində, xx.xx.2025-ci il tarixdə 8474,58 manat məbləğində, xx.xx.2025-ci il tarixdə 4237,29 manat məbləğində ödənişlər edilmişdir.

19. İş materiallarında olan "xxxx" MMC (satıcı) ilə “X3” MMC (alıcı) arasında imzalanmış xx.xx.2025-ci il tarixli, 230125 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı satır, alıcı isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqavilənin ayrılmaz və tərkib hissəsi olan Spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə və texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan alır və malın müqabilində satıcıya bu müqavilə ilə nəzərdə tutulmuş qiyməti ödəyir.

20. İş materiallarında olan "xxxx" MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinə təqdim olunmuş məktubdan görünür ki, Şirkətin çağrı mərkəzinə daxil olmuş və informasiya bazasında aşkar edilən məlumatlara əsasən 28 iyun 2025-ci il tarixdə **-JC-*** qeydiyyat nişanlı evakuator vasitəsilə X4 63 Ş.İ-dən Qala yolu Rahat Market ünvanına daşıma həyata keçirilmişdir. Şirkətin informasiya bazasında yalnız bu sifariş üzrə göstərilən məlumatların tapılması mümkün olmuşdur.

21. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Özgür Karslı ifadəsində göstərdi ki, o, “X3” MMC-nin direktor və təsisçisidir, nə iddiaçı MMC-ni, nə də cavabdeh MMC-ni tanımır, Elçin Budaqovla 23 yanvar 2025-ci il tarixdə printerin alınması barədə müqavilə bağlamış, ödənişlərin malı təhvil almazdan əvvəl həyata keçirmiş, avadanlıq 40-50 gün ərzində təhvil verilməsi nəzərdə tutulsa da 6 ay sonra təhvil verilmiş, daha sonra printerin tərəfindən işlənmiş mal olduğu müəyyən edilmişdir. İfadəsinin davamında malın Qala qəsəbəsindəki emalatxanalarına, evakuator vasitəsilə, gecə saatlarında, sellofan içində çatdırıldığını, rəsmi təhvil təslim edilmədiyini, avadanlığın hələ də onlarda olduğunu və düzgün işləmədiyini qeyd etmiş, müqavilə ilə bağlı danışıqları yalnız Elçin Budaqovla apardığını, malın gömrük və daşınma səbəbi ilə təhvil prosesinin uzadıldığını, yanlış avadanlığın verildiyini sonradan bildiklərini və Elçin Budaqovun bu faktı etiraf və qəbul etdiyini, hazırda 5000 AZN borclarının qaldığını, printeri quraşdırdıqlarını, lakin düzgün işləmədiyini, Elçin Budaqovun avadanlığı yenisi ilə əvəz edəcəyini bildirdiyini, iddiaçı MMC və cavabdeh MMC ilə hər hans bir əlaqələrinin olmadığını və malı yalnız Elçin Budaqovdan aldıqlarını göstərdi.

22. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir.

23. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq ilk iddia tələbi araşdırılmalıdır.

24. Hazırkı işin aşağıdakı faktiki halları mübahisəsiz olaraq müəyyən olunmuşdur:

25. – Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 01/24 nömrəli malların alqı-satqısı haqqında müqavilənin bağlanması;

26. – İddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş malın (01 ədəd printer) təhvil verilməsi;

27. – Cavabdeh tərəfindən iddiaçıya müqavilə üzrə ümumilikdə 25000 manat vəsaitin ödənilməsi.

28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

30. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

31. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

32. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

33. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

34. 570.1.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda icra edilmiş sayılır.

35. 571.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir.

36. 595.1-ci maddəsinə əsasən alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir.

37. Qarşılıqlı iddiaçı iddia ərizəsində malın onlara təhvil verilməsinə baxmayaraq daha sonra həmin malda qüsur aşkar edildiyini, həmin qüsurun aradan qaldırılması üçün malın onlardan geri alındığını və hazırkı günə qədər onlara geri qaytarılmadığını bildirir.

38. İlk iddiaçı qarşılıqlı iddiaya dair etirazında malın qüsuru barədə onlara hər hansı məlumat verilmədiyini, malın tərəflərindən geri alınmadığını göstərir.

39. Qarşılıqlı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair sübut qismində məhkəməyə bir ədəd səsyazısı və şahid ifadəsi təqdim etmişdir.

40. Məhkəmə qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısını sübut qismində nəzərə almır.

41. Belə ki, qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasındakı izahatında həmin yazının cavabdehin nümayəndəsi Elçin Budaqov tərəfindən onlara ünvanlandığını bildirsə də, həmin səs yazısının Elçin Budaqova məxsus olması, hansı nömrədən göndərildiyi, hazırkı işlə bağlı olub-olmaması müəyyən edilmir.

42. Məhkəmə qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid ifadəsini də malın məhz ilk iddiaçı tərəfindən onlardan geri alınması halını təsdiq edən mötəbər sübut qismində nəzərə almır.

43. Belə ki, şahid təsisçisi və direktoru olduğu “X3” MMC tərəfindən malın (printer) iddiaçı MMC-dən deyil, Elçin Budaqovun direktoru olduğu "xxxx" MMC tərəfindən alındığını bildirmiş, iddiaçı MMC-ni ümumiyyətlə tanımadığını göstərmiş, malın konkret olaraq kim tərəfindən onların ünvanına çatıdırılması barədə məhkəməyə hər hansı məlumat verməmiş, danışıqların Elçin Budaqovla aparıldığını bildirmişdir.

44. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Elçin Budaqov iddiaçı MMC-nin nizamnamə kapitalında 40 faiz paya malik iştirakçısıdır, MMC-nin qanuni təmsilçisi 60 faiz paya malik olan digər iştirakçı H.Safızadadır.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

46. Qarşılıqlı iddiaçı malın məhz iddiaçı MMC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən “X3” MMC-nin ünvanına çatdırıldığını bildirsə də, "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 28 iyun 2025-ci il tarixdə **-JC-*** qeydiyyat nişanlı evakuator vasitəsilə X4 63 Ş.İ-dən Qala yolu Rahat Market ünvanına daşıma həyata keçirilməsi bildirilsə də, sifarişçinin kim olması barədə məlumatlarının olmadıqlarını göstərmiş, tərəflərindən sifarişin yazılı müqavilə və təhvil aktı ilə rəsmiləşdirilmədiyi müəyyən edilmiş, daşıma sifarişi barədə məhkəməyə təqdim edilmiş 01 ədəd səs yazıda isə sifarişçi özünü təqdim etməmiş, yalnız ünvanlar barədə məlumat verilmişdir.

47. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə ümumiyyətlə malda qüsur olması barədə satıcıya (ilk iddiaçı) bildiriş və ya məlumat verilməsi barədə hər hansı sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da malın qarşılıqlı iddiaçıdan məhz satıcı tərəfindən geri alınması halı öz təsdiqini tapmamışdır.

48. Qarşılıqlı iddiaçı malın ondan 28 iyun 2025-ci il tarixdə götürüldüyünü, təmir edib geri qaytarılmalı olduğunu bildirsə də, qarşılıqlı iddia ərizəsi verildiyi xx.xx.2025-ci il tarixə qədər keçən 5 ay ərzində bu halla bağlı qarşılıqlı iddia üzrə cavabdehə hər hansı irad bildirildiyini, hər hansı tələb irəli sürüldüyünü təsdiq edən sübut da təqdim etməmişdir.

49. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi müqavilə üzrə ödənilmiş 25000 manat pulun geri qaytarılması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir.

50. Qarşılıqlı iddiaçı iddia ərizəsində həmçinin mənəvi ziyanın əvəzi olaraq 5000 manat pulun ödənilməli olması tələbini də irəli sürmüşdür.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. ... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər.

52. Göründüyü kimi, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər.

53. Buna görə də Məhkəmə hesab edir ki, iddia tələbi mənəzi ziyanın ödənilməsi hissəsində də əsassız olduğundan təmin edilməməlidir.

54. Məhkəmə ilk iddia tələbini əsaslı hesab edir.

55. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 01/24 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdeh 35000 manat dəyərində mal təhvil verilmiş, həmin müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya qismən – 25000 manat ödəniş edilsə də, qalıq 10000 manat əsas borc alıcı olan cavabdeh tərəfindən hazırkı günə qədər iddiaçıya ödənilməmişdir.

56. Yuxarıda göstərilənlərə əsasən işin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, ilk iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 10000 manat məbləğində pul tutularaq ilk iddiaçıya ödənilməlidir.

57. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, cavabdehdən 10000 manat tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin edilməməlidir.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Məhkəmə hesab edir ki, ilk iddia təmin edildiyindən 120 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 195 manat dövlət rüsumu və çəkilmiş 5000 manat hüquqi yardıma görə xərc qarşılıqlı iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh MMC-dən 10000 manat məbləğində pul, 120 manat dövlət rüsumu, ümumilikdə 10120 (on min bir yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən çəkilmiş məhkəmə xərcləri (ödənilmiş 195 (bir yüz doxsan beş) manat dövlət rüsumu və 5000 (beş min) manat hüquqi yardıma görə xərc) qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar