Məhkəmə qərarları › İş №e-2-2(113)-8588/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8588/2025

13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8588/2025 13.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, müqavilə öhdəliyinin pozulması nəticəsində dəymiş zərərinin ödənilməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 02 iyul 2024-cü il tarixli daxili maliyyə lizinqi müqaviləsi üzrə cavabdehin sığorta öhdəliklərini pozduğunun tanınması və həmin müqavilə üzrə lizinq obyektinə dəymiş zərər üçün 6684 manat, evakuator xərci üçün 120 manat, lizinq ödənişinin əvəzi olaraq 578 manat məbləğində pulun və ödənilmiş 88,44 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı “KİA Optima” minik markalı nəqliyyat vasitəsi almaq istəmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə 137/24 saylı maliyyə lizinqi müqaviləsi bağlanmış, “KİA Optima” markalı, qara rəngli, 77YS114 dövlət qeydiyyat nişanlı avtomobil lizinq əsasında əldə edilmişdir. Müqaviləyə əsasən 10000 manat ilkin ödəniş edilmiş və avtomobilin qeydiyyatı cavabdehin mülkiyyətinə rəsmiləşdirilmişdir. Müqavilənin 19 və 19.2-ci bəndlərinə əsasən, lizinq verən tərəf – yəni cavabdeh lizinq obyektini (avtomobili) lizinq alanın xeyrinə kasko sığorta etdirməli idi. Lakin cavabdeh bu öhdəliyi yerinə yetirməmiş və sığorta müddətinin bitməsi barədə məlumat verməmişdir. Nəticədə xx.xx.2025-ci il tarixdə iddiaçıya məxsus “KİA Optima” markalı avtomobili ilə baş verən yolnəqliyyat hadisəsi zamanı avtomobilə 6684 manat məbləğində zərər dəymişdir (bu, “X4”in rəyinə əsaslanır). 2.2. Əgər lizinq verən tərəf qanuni öhdəliyini yerinə yetirib avtomobili sığortalatsa idi, bu zərər baş verməzdi. Müqaviləyə əsasən kasko sığorta müddəti xx.xx.2025-ci il tarixdə bitmişdir. Halbuki cavabdeh kasko sığorta müddətinin bitməsi barədə məlumat verməli, ya həmin sığortanı özü etməli idi. Lakin cavabdeh bunu etməmişdir. Əgər kasko sığortası olsa idi, iddiaçı problemlər yaşamazdı. Qüsur aktı çıxarmaq üçün X2 “X3”nə müraciət edilmiş, həmin servis avtomobilə dəyən zərəri 6684 manat dəyərində qiymətləndirmişdir. 2.3. Müqavilənin 19-cu bəndində qeyd edilən sığorta öhdəlik şərtlərini cavabdeh kobudcasına pozmuşdur. İddiaçı dəfələrlə cavabdehə müraciət etmiş, nə üçün kasko sığortanın müddəti barədə məlumat verilmədiyini və müqaviləyə əsasən nə üçün özləri kasko müqaviləsi bağlamadıqlarını soruşmuşdur. Lakin cavabdehin əməkdaşları bildirmişlər ki, sistem səhvidir və ona görə kasko sığortanı etməmişlər. İddiaçı cavabdehin təqsiri ucbatından bu günə kimi problemlər yaşayır. “KİA Optima” minik markalı, qara rəngli, 77YS114 dövlət qeydiyyat nişanlı avtomobil müqaviləyə əsasən cavabdehin mülkiyyətində olsa belə, həmin avtomobilə iddiaçı sahiblik edir, hər ay lizinq şərtlərinə görə 578 manat ödəniş edir. Göründüyü kimi, cavabdehin kobud pozuntusuna əsasən iddiaçı bu günə kimi avtomobildən istifadə edərək, ondan yararlana bilmir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 757.2-ci maddəsi və s. göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçı məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, xx.xx.2024-cü il tarixdə 10000 manat ilkin ödəniş etməklə nəqliyyat vasitəsini lizinqə götürmüş, 02 iyul 2025-ci il tarixdə hər ay olduğu kimi 578 manat lizinq ödənişi etmişdir. xx.xx.2025-ci il tarixdə kasko sığortanın müddəti başa çatmış, lakin cavabdeh növbəti dəfə sığorta etdirmədiyi üçün dəymiş zərər ödənilməmişdir.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçı bildirdi ki, nəqliyyat vasitəsi qəza ilə bağlı bir müddət istifadə edilməmişdir. Bu səbəbdən həmin dövr üçün lizinq ödənişləri geri tələb edilir. Eyni zamanda birinci il üçün sığorta haqqı ilkin ödənişdən çıxılmış, növbəti il üçün sığorta haqqı iddiaçı tərəfindən cavabdehə ödənilməmişdir. Hadisə iddiaçının təqsiri ucbatından baş vermişdir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə rəsmi qaydada məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Lizinq müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsinə dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi aidiyyəti, mümkün və mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İş materialları əsasında müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli 137/24 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdeh tərəfindən seçilmiş və müqaviləyə əlavə 2də qeyd olunmuş və ətraflı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və cavabdehin xahişi əsasında lizinq vasitəsilə lizinq haqqı müqabilində cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, cavabdeh isə lizinq obyektini qəbul edib lizinq ödənişlərini icra etməyi öhdəsinə götürmüşdür. Lizinq obyekti qismində 77YS114 dövlət qeydiyyat nişanlı “KİA Optima” minik markalı nəqliyyat vasitəsi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli MV-C(L) 00692-24 nömrəli sığorta şəhadətnaməsinə əsasən 77YS114 dövlət qeydiyyat nişanlı “KİA Optima” minik markalı nəqliyyat vasitəsi sığortalı və faydalanan şəxs qismində Cavabdeh ASC, sığortaçı qismində "xxxx" ASC olmaqla xx.xx.2025-ci il, saat 14:05-dək avtomobilin tam sığortası qaydasında sığortalanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin arayışına əsasən 77YS114 dövlət qeydiyyat nişanlı “KİA Optima” minik markalı nəqliyyat vasitəsinin qabaq hissəsinə xx.xx.2025-ci il tarixdə, saat 10:58-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş, X1 məxsus “X6” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən 77YS114 dövlət qeydiyyat nişanlı “KİA Optima” minik markalı nəqliyyat vasitəsinə 5134 manat ehtiyat hissə, 1550 manat işçilik haqqı olmaqla cəmi 6684 manat zərər dəymiş, 08 iyul 2025-ci il, 12 iyul 2025-ci il, 06 avqust 2025-ci il tarixli mədaxil qəbzlərinə əsasən 77YS114 dövlət qeydiyyat nişanlı “KİA Optima” minik markalı nəqliyyat vasitəsinin daşınması məqsədilə 160 manat məbləğində pul "xxxx" MMC-nin kassasına mədaxil edilmişdir.

12. İddiaçı 77YS114 dövlət qeydiyyat nişanlı “KİA Optima” minik markalı nəqliyyat vasitəsinin cavabdeh tərəfindən vaxtında sığortalanmadığına, nəticədə xx.xx.2025-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin sığorta şirkəti tərəfindən ödənilmədiyinə istinad edərək 6684 manat dəymiş zərərin əvəzinin, 120 manat evakuator xərcinin və 578 manat lizinq ödənişinin tutulmasını tələb edir.

13. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir.

14. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi əsassızdır.

15. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 443.1 – 443.4-cü maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.2). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır (443.3). Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır (443.4)

17. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

18. Mülki Məcəllənin qeyd edilən normalarının müqayisəli təhlilindən aydın olur ki, borclu tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində dəymiş zərərin ödənilməsi tələblərində 1) zərərin mövcud olması; 2) zərərlə icranın gecikdirilməsi arasında səbəbli əlaqə; 3) zərər vuran şəxsin təqsiri müəyyən olunmalıdır.

19. Məhkəmə ilk növbədə iddiaçının iddia etdiyi kimi cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulub-pozulmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir.

20. xx.xx.2024-cü il tarixli 137/24 nömrəli daxili maliyyə lizinqi müqaviləsinin 7-ci hissəsinin f bəndinə əsasən, lizinq alan nəqliyyat vasitəsini sığortalamalı olduğu, lakin sığortalamadığı halda törətdiyi bütün qanun pozuntularına görə özü maddi məsuliyyət daşıyır.

21. Həmin müqavilənin “sığorta” adlı 19-cu hissəsinə əsasən, əmlaka sahiblik hüququnun Lizinq alana verilməsindən əvvəl o, əmlakı bu müqavilənin müddəti üçün itirilmə, zədələmə, məhv edilmə, ətraf mühitə ziyan vurma, üçüncü şəxslərə ziyan vurma, o cümlədən sahibkarlıq (maliyyə) risklərindən öz hesabına sığortalamalıdır. Bu zaman sığorta şirkətini lizinq verən seçir və faydalanan (benefisiar) tərəf Lizinq verən təyin olunur. Əmlakın itirilməsi və ya əmlakın öz funksiyalarını itirməsi lizinq alanı bu müqavilə üzrə öhdəliklərindən azad etmir (19.1). Lizinq alan lizinq obyektini sığortalamaqdan imtina etdikdə və ya sığorta ödənişlərini gecikdirdikdə, lizinq verən öz hesabına lizinq obyektini sığortalamaq hüququna malikdir və öz mülahizəsinə görə məqbul hesab etsə sığoratalaya bilər. Belə halda, lizinq verən bu müqavilənin müddəti üçün faydalanan və sığorta olunmuş qismində (özünün seçdiyi sığorta şirkəti ilə sığorta müqaviləsinin həcmini və şərtlərini müəyyən edərək) lizinq obyektini sığorta edir və sığorta polisinin bir nüsxəsini lizinq alana çatdırır. Əmlakın lizinq verən tərəfindən sığortalandığı halda lizinq alan lizinq verənin sığorta üçün çəkdiyi xərclərin əvəzini mütləq ödəməlidir (19.2). Lizinq alan başqa risklərin sığorta ilə təmin olunmasını tələb edərsə, əlavə sığorta müqaviləsi bağlanmalıdır (19.3).

22. Göründüyü kimi, lizinq obyektinin itirilmə, zədələmə, məhv edilmə, ətraf mühitə ziyan vurma, üçüncü şəxslərə ziyan vurma, o cümlədən sahibkarlıq (maliyyə) risklərindən sığortalanması lizinq alan tərəfindən öz hesabına həyata keçirilməlidir və lizinq alan əmlakın sığortalanmaması nəticəsində maddi məsuliyyət daşıyır.

23. Məhkəmə qeyd edir ki, adıçəkilən yanaşma mülki qanunvericiliyin lizinq münasibətləri zamanı lizinq obyektinin və sahibkarlıq (maliyyə) risklərinin sığortasının dispozitiv qaydada həyata keçirilməsi ilə bağlı müddəalarına uyğundur. Belə ki, Mülki Məcəllənin 748-6.1-ci maddəsinə əsasən, lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq müqaviləsinin müddəti başa çatanadək lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərindən sığortalamalıdır.

24. Qeyd edilməlidir ki, hazırda tərəflər lizinq müqaviləsi ilə fərqli qayda müəyyyən etmiş, lizinq obyektinin lizinq alan – cavabdeh tərəfindən sığortalanmalı olduğu razılaşdırmışlar. Belə olan halda cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması öz təsdiqini tapmır. Lizinq obyektinin itirilmə, zədələmə, məhv edilmə, ətraf mühitə ziyan vurma, üçüncü şəxslərə ziyan vurma, o cümlədən sahibkarlıq (maliyyə) risklərindən sığortalanması lizinq alan tərəfindən həyata keçirilməli olduğundan sığorta müqaviləsinin müddətinin keçməsi riskini də məhz lizinq alan kimi iddiaçı daşıyır.

25. Beləliklə, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin pozulması müəyyən edilmədiyindən həmin öhdəliklərin pozulması üçün dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsindən söhbət gedə bilməz.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh AASC-yə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

27. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

28. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri İddiaçı aid edilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar