Məhkəmə qərarları › İş №e-2-2(113)-8595/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8595/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8595/2025 21.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 03/24 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1. 2.1-ci bəndinə əsasən, Müqaviləyə əsasən Satıcı (iddiaçı) Alıcıya (cavabdehə) tələb olunan malı (bundan sonra “Mal”) satır, Alıcı isə həmin Malı qəbul edir və hazırki Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini Satıcıya ödəyir. 1.2. 2.2-ci bəndinə əsasən, Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Tərəflərin razılaşması ilə bu müqaviləyə tərtib olunmuş Əlavələrlə müəyyən olunur. 1.3. 3.1-ci bəndinə əsasən, Satıcı Alıcıya tələb olunan malları yararlı halda satmağı öz üzərinə götürür və həmin növ mallar üçün adi qaydada nəzərdə tutulmuş keyfiyyətə zəmanət verir. 1.4. 4.1 və 4.2-ci bəndlərinə əsasən, Mallar Alıcının sifarişi əsasında 90 (doxsan) iş günü müddəti ərzində Satıcı tərəfindən çatdırılır. X1 razılığı əsasında öncədən təyin etdiyi yerdə təhvil verilir. 1.5. 4.4-cü bəndinə əsasən, Satıcı Alıcıya malları müvafiq qaimə-faktura (təhvil-təslim aktı) ilə təhvil verir. Malın Alıcının anbarına qəbul edilmə tarixi, malın qəbul edilmə tarixi sayılır. 1.6. 5.1-ci, 5.3 və 5.4-cü bəndlərinə əsasən, Malların qiyməti Satıcı tərəfindən müəyyən edilir və Tərəflər arasında razılaşdırılmış şəkildə hazırki Müqavilənin ayrılmaz hissəsi olan Əlavədə göstərilir. Bu müqavilə üzrə Alıcıya verilən malların ümumi məbləği Qaimə-Fakturada göstərilir. Ödəniş Satıcının müvafiq Müqavilənin rekivizitlərindfə göstərilmiş hesablaşma hesabına Malın məbləği nağdsız formada həyata keçirilir.

2. xx.xx.2024-cü il tarixli, 03/24 saylı alqı-satqı müqaviləsinə 1 saylı Əlavəyə əsasən, tərəflər ƏDV daxil 16000 manat məbləğində “lazer kəsim aparatı” növündə malın cavabdehə satılması barədə razılıq əldə etmiş, malın çatdırılma şərtini alıcı tərəfindən ödəniş olunduğu gündən etibarən 90 iş günü ərzində çatdırılması şəklində razılaşdırmışlar.

3. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə 15999,99 manat məbləğində MT2504 seriyalı, 11671056 nömrəli, xx.xx.2025-ci il tarixli elektron-qaimə göndərilmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehdən 16000 manat pulun və ödənilmiş 138 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə Bakı şəhərində bağlanmış 03/24 saylı malların alqı-satqısı haqqında müqaviləyə əsasən satıcı - iddiaçı alıcı – cavabdehə (VÕEN **********) tələb olunan malı satmağı, alıcı isə həmin malı qəbul etməyi və müqavilə ilə razılşadırılmış qaydada malın dəyərini sarıcıya ödəməyi öz öhtəsinə götürmüşdür. Bağlanmış müqaviləyə 1 saylı xx.xx.2024-cü il tarixli əlavədən də aydın görünür ki, alıcı satıcıdan dəyəri 16000 olan “Lazer kəsim aparatı“ məhsulu almışdır. Məhsul cavabdeh tərəfindən qəbul edilmiş, qaimə təsdiq olunmuşdur. Cavabdehin məhsulu qəbul etməsinə baxmayaraq, bu günə qədər cavabdeh tərəfindən bir manat belə olsun ödəniş olunmamışdır. Bir neçə dəfə bu barədə cavabdehə xəbərdarlıq olunsa da cavbdeh hər dəfə öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmışdır. Ümumilikdə cavabdehin ödənilməmiş ƏDV daxil olmaqla 16000 manat borcu vardır. Tərəflər arasında bağlanmış müqavilənin müddəalarına əsasən cavabdehə tərəfimizdən pretenziya mətubu göndərilsə də, cavabdehdən mənfi və ya müsbət heç bir cavab gəlməmişdir. Hesab edirik ki, mübahisənin məhkəmədən kənar həlli qaydası mümkün deyildir. Bu səbəbdən hazırki ərizə isə məhkəməyə müraciət edirik.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, lakin vəkili və nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh əvvəlki məhkəmə iclasında (xx.xx.2025-ci il tarixdə keçirilən hazırlıq iclası) iddianı qəbul etməyərək bildirdi ki, iddiaçını tanımır, avadanlığı Elçindən 15000 manata almış, Elçin avadanlığı həm ona satmış, həm də quraşdırmışdır. İddiaçı ilə bağlanmış müqaviləni özü imzalamış və avadanlığı təhvil almışdır. Elçin isə iddiaçının ortağı olmuşdur. Avadanlığın dəyərini Elçinə ödəmişdir.

9. Cavabdeh sonrakı məhkəmə məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

20. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

21. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

22. İddiaçı tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03/24 saylı alqı-satqı müqaviləsi əsasında cavabdehə satdığı avadanlığın (Lazer kəsim aparatı) dəyərini tələb edir.

23. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 03/24 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilənin predmetinə əsasən, iddiaçı tələb olunan malı cavabdehə satmağı, cavabdeh isə həmin Malı qəbul etməyi və hazırki Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür.

24. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

25. Tərəflər arasında bağlanılmış müqavilənin 4.1 və 4.4-cü bəndlərinə əsasən, Mallar Alıcının sifarişi əsasında 90 iş günü müddətində Satıcı tərəfindən çatdırılır. Satıcı Alıcıya malları müvafiq qaimə-faktura (təhvil-təslim aktı) ilə təhvil verir. Malın Alıcının anbarına qəbul edilmə tarixi malın qəbul edilmə tarixi sayılır.

26. Müqavilənin qeyd edilən bəndilərində satılan malın (Lazer kəsim aparatı) cavabdehə (alıcıya) çatdırılmasının müddəti, təhvil verilməsi qaydası, eləcə də həmin hərəkətlərin hüquqi baxımdan rəsmləşdirilməsi üsulu nəzərdə tutulmuşdur. Müqavilənin qeyd edilən şərtlərindən də göründüyü kimi, iddiaçının öz öhdəliyini yerinə yetirməsi sifariş edilmiş avadanlığın çatdırılması və onun təhvil verilməsi ilə əhatə olunur. Müvafiq qaimə-fakturanın (təhvil-təslim aktının) tərtib edilməsi isə yalnız bu hərəkətin baş verməsinin, başqa sözlə iddiaçının öhdəliyini yerinə yetirməsinin sənədləşdirilməsi (təsdiqi) xarakterini daşıyır.

27. İddiaçı tərəfindən müqavilənin 4.4-cü bəndində nəzərdə tutulmuş müvafiq qaimə-faktura (təhvil-təslim aktı) məhkəməyə təqdim edilməsə də, cavabdeh xx.xx.2025-ci il tarixdə iştirak etdiyi məhkəmə iclasında avadanlığı təhvil aldığını bildirmişdir. Cavabdehin avadanlığı təhvil almasını etiraf etməsi isə iddiaçı tərəfindən müqavilə üzrə, avadanlığın çatdırılması da əhatə olunmaqla öz öhdəliyinin yerinə yetirməsi hesab olunur. Bu fakt eyin zamanda, iddiaçını avadanlığın cavabdehə təhvil verilməsinin təsdiq etməsi ilə bağlı sübut etmə yükündən azad edir.

28. Şərh edilənlər əsasında məhəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə öhdəliyini yerinə yetirmişdir. Lakin mal təhvil verilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini tam icra etməmişdir. Məhkəmə qeyd edir ki, bütün fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaması və həmin müqavilələrin məzmununu müəyyənləşdirməkdə sərbəst olmaları Mülki Məcəllənin 390-cı maddəsində təsbit edilmişdir. Bu hüquqi qayda eyni zamanda, Mülki Məcəlləni 6-cı maddəsində nəzərdə tutulan mülki hüquq subyektlərinin bərabərliyi (6.1.1), mülki hüquq subyektlərinin iradə sərbəstliyi (6.1.2.) və müqavilələr azadlığı (6.1.5.) prinsiplərinə əsaslanır. Qanunvericilin də verdiyi ümumi anlayışa görə müqavilə iki və ya daha şəxsin konkret münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin müəyyən edilməsi, dəyişdirilməsi və xitamı üçün, qanunla müəyyən edilmiş hallarda yazılı, yaxud şifahi formada öz iradə azadlıqları ilə, əldə etdikləri razılaşmadır. Müqavilə azadlığı əqli (süuru) iradəyə söykənir və bu özünü müqaviləni bağlayan tərəflərin onun məzmununu sərbəst (iradə azadlığı çərçivəsində) müəyyən etməkdə ifadə edir (iradə ifadəsi). İradə ifadəsi şəxsin arzuladığı əqdin (müqavilənin) bağlanmasına yönələn şüurlu hərəkətidir. Öz iradəsi ilə müqavilə bağlayan şəxs onun nəticələrini dərk edir, arzu edir, əqdin bağlanması nəticəsində itirəcəklərini və əldə edəcəklərini əvvəlcədən görür. Nəticə olaraq müqaviləni bağlayan tərəflər üzərlərinə müəyyən öhdəliklər götürərək hüquqi baxımdan həmin öhdəliklərə bağlı olurlar.

29. Tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən malı almaq hüququna malik olduğu kimi, eyni zamanda onların dəyərini ödəməklə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında malı almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmiş və bununla da öhdəliyini pozmuşdur. Cavabdeh məhkəmə iclasında aldığı avadanlığın dəyərini Elçin adlı şəxsə ödədiyini qeyd etsə də, məhkəmə qeyd edir ki, MM-nin 386.1-ci maddəsindən də göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

30. İşin mübahisəsiz halıdır ki, tərəflər arasındakı öhdəlik hüquq münasibətləri xx.xx.2024-cü il tarixli, 03/24 saylı alqı-satqı müqaviləsi əsasında yaranmışdır. Bu halda, həmin müqavilə əsasında yalnız hazırkı mübahisə üzrə iddiaçı və cavabdehin bir-birlərinə münsibətdə hüquq və vəzifləri yaranmışdır. Cavabdehin də əsas öhdəliyi müqavilə üzrə təhvil aldığı avadanlığın dəyərini yalnız iddiaçıya ödəməkdən ibarət olmuşdur. Lakin işin şərh edilən hallarından da görünür ki, cavabdeh həmin öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı 16000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

31. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh2 16000 manat məbləğində pul və ödənilmiş 138 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar