Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8599/2025 07.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh X6 Sanayi ve Ticaret Limited Şirketinin Azərbaycan Respublikasındakı filialına qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi) X7 Zakir oğlunun sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı X2 Cavabdehnin Azərbaycan Respublikasındakı filialına qarşı “alqı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnin Azərbaycan Respublikasındakı filialından 10532 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehnin Azərbaycan Respublikasındakı filialı ilə olan 24 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləyə əsasən cavabdeh əldə etdi tikinti-inşaat məhsullarına görə 10 532 manat borcu yaranmışdır. Dəfələrlə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələb edilsə də buna məhəl qoyulmamış, şirkətin rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra, şirkətə elektron və yazılı pretenziya verilmişdir. Buna baxmayaraq, cavabdeh pretenziyaya cavab verməmiş və borcu da ödəməkdən yayınmışdır. Odur ki, məsələnin məhkəmə yolu ilə zərurəti yaranmışdır. Əlavə olunmuş elektron qaimələrə əsasən cavabdeh qaimələri və orada qeyd olunan əşyaları qəbul etsə də 10 532 manat borcun ödənilmədən açıq qaldığı təsdiqini tapmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-658/2025 saylı xx.xx.2025-ci il tarixli və e-2-2(113)-3648/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadlarına əsasən iddiaçı X2 Cavabdehnin Azərbaycan Respublikasındakı filialına qarşı pul tələbinə dair iddia ərizəsi iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2,399.1, 567, 752.1, 759.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbində göstərilənləri təsdiq edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: X1 ilə Alıcı Cavabdehnin Azərbaycan Respublikasındakı filialı arasında imzalanmış 24 iyun 2021-ci il tarixli, 01 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən satıcı alıcıya tikinti materialları, usta alətləri və sair satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 2.1-ci bəndə əsasən malın qiyməti və miqdarı alıcıya təqdim olunmuş elektron qaimədə göstərilir. 4.1-ci bəndə əsasən satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən sifariş verilmiş malı 10 təqvim günü ərzində alıcıya təhvil verməyi öhdəsinə götürür. 4.2-ci bəndə əsasən satıcı malın təhvil verilməsi ilə birlikdə qaimə-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir. 4.3-cü bəndə əsasən müqavilə üzrə hesablaşma tərəflərin qarşılıqlı razılığı əsasında, nağd ödənildiyi halda mal təqdim olunan gün köçürmə yolu ilə bankdakı hesablaşma hesabına ödənildiyi halda mal təqdim olunan ayın son gününədək ödənilməlidir. Təqdim olunmuş 17 adda malın dəyərinin ödənilməsi üçün EBBG seriyalı, 726013 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 4977.17 manat, 30 adda malın dəyərinin ödənilməsi üçün EBBJ seriyalı, 821280 nömrəli, xx.xx.2021-ci il tarixli, dəyəri 5554.97 manat olan elektron qaimə-fakturalar iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Həmin elektron qaimə-fakturalardakı məbləğlərin cəmi 10532,14 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehə aralarında olan razılaşmaya uyğun olaraq müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıdan mal alması iş materiallarına əlavə edilmiş sübutla (elektron-qaimələr) öz təsdiqini tapmışdır. Belə ki, müqaviləyə əsasən mal təhvil verilməsi ilə birlikdə qaiməfaktura da cavabdehə təqdim edilir, odur ki, elektron qaimə-fakturanın verilməsi malın verilməsini təsdiq edir və müqavilə üzrə hesablaşma tərəflərin qarşılıqlı razılığı əsasında, nağd ödənildiyi halda mal təqdim olunan gün, köçürmə yolu ilə bankdakı hesablaşma hesabına ödənildiyi halda mal təqdim olunan ayın son gününədək ödənilməlidir. Cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət bildirməmiş, borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ var və onun tələbi haqlıdır. Beləliklə məhkəmə, qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, iddiaçının öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, 10532 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehnin Azərbaycan Respublikasındakı filialından 10532 (on min beş yüz otuz iki) manat pul vəsaiti tutularaq iddiaçı X2 xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-8599/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-8599/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver