Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8606/2025 14.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2060 nömrəli “Nisyə alqı-satqı haqqında” müqavilə üzrə qalıq ümumi borc məbləği 24819 (iyirmi dörd min səkkiz yüz on doqquz) manat borcun, 12 (on iki) manat, 24 (iyirmi dörd) qəpik müqavilə üzrə hesablanmış cərimə məbləğinin və 165 (yüz altmış beş) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 24996 (iyirmi dörd min doqquz yüz doxsan altı) manat, 24 (iyirmi dörd) qəpik məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh2 arasındaxx.xx.2023-cü il tarixli, 2060 nömrəli “Nisyə alqı-satqı haqqında” Müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən Satış obyekti olan (işlənmiş) “X4 Lase cihazı və görünüşləri əvvəlcədən razılaşdırılmış hədiyyələr” xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktına əsasən Cavabdeh2 təhvil verilmişdir. Bildiririk ki, xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktı Cavabdeh2 tərəfindən şəxsən imzalanmış və həmin akta əsasən o, “təhvil aldığı predmetlərin (əşyaların, cihazların və ya məhsulların) öz funksiyalarını tam şəkildə yerinə yetirdiklərini və qeyd olunmuş bütün predmetlərin arzu etdiyi keyfiyyətə sahib olduqlarını” təsdiq etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə əlavəsinin 2.2-ci bəndinə əsasən, satış obyektinin toplam satış qiyməti 81192 (səksən bir min yüz doxsan iki) manat müəyyən edilmişdir. Müqavilə Əlavəsinin 2.3-ci bəndində qeyd edilmiş satış qiymətinin ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh2 tərəfindən 56373 (əlli altı min üç yüz yetmiş üç) manat ödəniş edilmişdir. Daha sonra isə müqavilə üzrə öhdəliyin icrası Cavabdeh2 tərəfindən birtərəfli qaydada pozulmuşdur. xx.xx.2025- ci il tarixdə 1429 (bir min dörd yüz iyirmi doqquz) manat ödəniş icra edilməli idi. Lakin cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində 543 (beş yüz qırx üç) manat əsas borc + 57 (əlli yeddi) manat dəbbə pulu, xx.xx.2025-ci il tarixində 274 (iki yüz yetmiş dörd) manat əsas borc + 26 (iyirmi altı) manat dəbbə pulu üçün ödəniş edilmiş və qalan ödəniş bugünədək icra edilməmişdir. Ödəniş mərhələlərinə uyğun olaraq Cavabdeh2 tərəfindən ödəniş edilməməsi, müqavilənin ödəniş şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi və ya pozulması anlamına gəlir. Qeyd etmək istəyirik ki, bu kimi hal Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və mövcud müqaviləyə zidd əməl hesab olunur. Hesab edirik ki, yuxarıda qeyd edilmiş məlumat və faktlar nəzərə alınmaqla aşağıdakı hüquqi əsaslara görə iddia ərizəsi tam təmin edilməlidir.
3. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 2060 nömrəli müqavilə üzrə 23269 (iyirmi üç min iki yüz altmış doqquz) manat qalıq borc məbləğinin, 12 (on iki manat), 24 (iyirmi dörd) qəpik cərimə məbləğinin, 165 (yüz altmış beş) manat dövlət rüsumu qismində ödənilmiş məbləğin, cəmi 23446 (iyirmi üç min dörd yüz qırx altı) manat, 24 (iyirmi dörd) qəpik cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Məmmədli iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən məhkəmə icraatı dövründə ödəniş edilmiş, bu səbəbdən tələbin həcmi azaldılmışdır. Hazırda kosmetoloji avadanlıq cavabdehdədir, istifadə edilib gəlir əldə edilir, lakin müqavilə üzrə ödənilməli vəsait ödənilmir. Bu səbəbdən iddiaçı müqavilə üzrə razılaşdırılmış qalıq məbləğin tam ödənilməsini tələb edir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2060 nömrəli nisyə alqı-satqı haqqında müqaviləyə əsasən, sifarişçi satış obyektini sifariş verib icraçıya razılaşdırılmış satış obyektinin satış qiymətini ödəməyi, icraçı isə sifarişçiyə ödənilmiş məbləğ qarşılığında satış obyektini satmağı öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən, göstərilməli Xidmət üzrə satış obyekti və onun satış qiyməti, bu Müqaviləyə əlavə edilən və bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Müqavilə Əlavəsi ilə müəyyənləşdirilir.
10. Müqavilənin 4.1.4-cü bəndinə əsasən X2 ilə müəyyənləşdirilmiş məbləği ödəmədiyi halda, «İcraçı» tərəfindən müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 01% (bir faiz) miqdarında dəbbə pulunun (cərimə, pcnya) ödənilməsini tələb etmək hüququ vardır. Dəbbə pulunun (cərimə, penya) ümumi məbləği Satış obyektinin toplam satış qiymətinin yarısından çox olmamalıdır.
11. Müqavilənin 4.4.1-ci bəndinə əsasən Xidmət icra olunması üçün Müqavilə Əlavəsi üzrə öncədən qarşılıqlı razılaşdırılmış tarixlərdə və məbləğlərdə icraçıya Xidmət haqqını (satış obyektinin satış qiymətini) ödəmək sifarişçinin vəzifəsidir.
12. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 2060 nömrəli müqavilənin xx.xx.2023-cü il tarixli əlavəsinə əsasən X4 Lase (MGL) (İşlənmiş) adlı satış obyektinin toplam satış qiyməti 81192 manat təşkil edir.
13. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 2060 nömrəli müqavilənin xx.xx.2023-cü il tarixli əlavəsinin 2.3-cü bəndinə əsasən satış qiymətinin ödəniş mərhələləri və tarixi əlavə qeyd edilən 50 (əlli) mərhələdən ibarət olmaqla satış obyekti olan cihaz (cihazlar) Sifarişçiyə təhvil verildiyi tarixdən etibarən toplam satış qiyməti 48 (qırx səkkiz) ay müddətində Sifarişçi tərəfindən tam şəkildə ödənilməlidir.
14. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 2060 nömrəli müqavilənin xx.xx.2023-cü il tarixli əlavəsinin 3.5-ci bəndinə əsasən bu müqavilə əlavəsinin 3.4-cü bəndində qeyd edilmiş vəzifə Sifarişçi tərəfindən icra edilmədiyi halda, İcraçı tərəfindən müqavilə üzrə gecikdirilən hər gün üçün ödəniş məbləğinin 01% (bir faiz) miqdarında dəbbə pulunun (cərimə, penya) ödənilməsini tələb etmək hüququnu yaratmış olur. Dəbbə pulunun (cərimə, penya) ümumi məbləği Müqaviləyə əsasən Satış obyektinin toplam satış qiymətinin yarısından çox olmamalıdır.
15. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına əsasən X4 Lase (MGL) (İşlənmiş), kuşetka (yeni), Lampa Lupa (yeni), Alət masası (yeni), Həkim stulu (yeni), Həkim üçün eynək (yeni), pasient üçün eynək (yeni), stabilizator (yeni), distillə su adlı mallar xx.xx.2023-cü il tarixli müqavilə əsasında saz vəziyyətdə cavabdehə təhvil verilmişdir.
16. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 17 oktyabr 2025-ci il tarixli maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2060 nömrəli müqavilə üzrə 17 oktyabr 2025-ci il tarixinə cavabdehin iddiaçıya qalıq borcu 24819 manat, cərimə borcu 12,24 manat təşkil edir.
17. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 24 noyabr 2025-ci il tarixli maliyyə arayışına əsasən tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 2060 nömrəli müqavilə üzrə 17 oktyabr 2025-ci il tarixinə cavabdehin iddiaçıya qalıq borcu 23269 manat, cərimə borcu 12,24 manat təşkil edir.
18. İş materiallarında olan müxtəlif tarixli, çoxsaylı kassa mədaxil orderlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 57923 manat məbləğində vəsait ödənilmişdir.
19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2060 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 81192 manat dəyərində malları alıcıya təhvil vermiş, cavabdeh tərəfindən cəmi 57923 manat məbləğində ödəniş edilmiş, qalıq 23269 manat əsas borc ödənilməmişdir.
27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən 23269 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.
28. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 2060 nömrəli müqavilənin əlavəsinin 3.5-ci bəndinə əsasən hesablanmış 12,24 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
30. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə də təmin edilməlidir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 165 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 23269 manat əsas borc, 12,24 manat cərimə, 165 manat dövlət rüsumu, ümumilikdə 23446,24 (iyirmi üç min dörd yüz qırx altı manat iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova