Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-861/2021 17.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı (MMC) “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı xidmət haqqının ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətindən iddiaçının xeyrinə GSM müqaviləsinə üzrə 2715,40 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2745,40 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslnadırılmışdır ki, İddiaçı MMC ilə borclu “xxxx” ASC arasında bağlanmış GSM müqaviləsinə əsasən sonuncu üzrə cəmiyyətin rabitə xidmətlərindən istifadə edərək danışıqlar aparmış və nəticədə cəmi üzrə 2715,40 manat məbləğində borcu yaranmışdır. Müqavilənin şərtlərinə əsasən abonent ona göstərilən rabitə xidmətlərinə görə xidmət haqqını İddiaçı MMC-nin müəyyən etdiyi son ödəmə tarixinədək ödəməlidir. Hesab-fakturada göstərilən ödəniş şərtləri abonent tərəfindən pozularsa, İddiaçı MMC gecikdirilən hər gün üçün gecikmə faizi tətbiq edir. Beləliklə, borcluya aid GSM fakturalarından göründüyü kimi borclu müqavilənin şərtlərini pozaraq, göstərilən borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, müqaviləyə əsasən İddiaçı MMC «xxxx» ASC-ni nömrə ilə təmin etməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, nömrə təqdim olunmamışdır. Müqavilənin digər bəndində nəzərdə tutulmuşdur ki, abunəçi tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra İddiaçı MMC rabitə xəttini aktivləşdirir. Lakin nömrə təqdim olunmadığından belə bir ödəniş də həyata keçirilməmişdir. Bundan başqa, tərəflər arasında müqavilə 29 dekabr 2015-ci il tarixdə bağlansa da, iddiaçı tərəfindən məhkəməyə 2021-ci ilin yanvar ayında müraciət olunmuş, yəni, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddinın rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - İddiaçı MMC ilə “xxxx” ASC arasında bağlanmış 29.12.2015-ci il tarixli, AZF-SB- LLE/29-12-2015/CS saylı abunə müqaviləsinə əsasən İddiaçı MMC həmin müqaviləyə 1 saylı əlavədə müəyyən edilən nömrəni (nömrələri) təmin edərək açıq rabitə xətti ayırmağı, xidmətin göstərilməsini abunəçiyə təqdim etməyi, “xxxx” ASC isə müqavilədə və tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə etməyi və müvafiq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. - 29.12.2015-ci il tarixli, AZF-SB-LLE/29-12-2015/CS saylı abunə müqaviləsinə 1 saylı əlavədə aylıq abunə haqqı 50 manat müəyyən olunmuşdur. - 31.12.2020-ci il tarixli fakturada müddətin sonuna qalıq borcu 2715,40 manat qeyd olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən ərizə verilmişdir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Buna görə də məhkəmə hesab edir ki, ilkin olaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında bağlanmış 29.12.2015-ci il tarixli, AZF-SB-LLE/29-12-2015/CS saylı abunə müqaviləsi “öhdəlik müqaviləsi” təbiətində bir öhdəlik kimi yaradıcı əqddir; tərflərin qarşılıqlı və bir-birinə uyğun iradələri ilə mübadilə əlaqəsi içərisində yer alan qarşılıqlı öhdəliklər meydana gətirir. “xxxx” ASC-nin əsas vəzifəsi təqdim olunan xidməğlərin dəyərini ödəmək, İddiaçı MMC-nin əsas vəzifəsi isə müqaviləyə 1 saylı əlavədə müəyyən edilən nömrəni (nömrələri) təmin edərək açıq rabitə xətti ayırmaqla xidmətin göstərilməsi şəklində meydana çıxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 389.1-i maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan maddələrin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, bir-birinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Bu tələb MM-in 405.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilənin predmetini özündə əks etdirən 3.1-ci bəndində qeyd olunmuşdur ki, İddiaçı MMC həmin müqaviləyə 1 saylı əlavədə müəyyən edilən nömrəni (nömrələri) təmin edərək açıq rabitə xətti ayırmağı, xidmətin göstərilməsini abunəçiyə təqdim etməyi, “xxxx” ASC isə müqavilədə və tarif planı üzrə nəzərdə tutulmuş qaydada təqdim olunan xidmətlərdən istifadə etməyi və müvafiq ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Yəni, İddiaçı MMC-nin müqaviləyə əsasən ilkin öhdəliyi 1 saylı əlavədə müəyyən edilən nömrəni abunəçiyə təqdim etmək olmuşdur. Lakin “Tarif planı” adlandırılan 1 saylı əlavədə nömrə və nömrənin təqdim olunması ilə bağlı hər hansı müddəa qeyd olunmamışdır. Bundan başqa müqavilənin 4.1.1-ci bəndinə əsasən abunəçi tərəfindən hazırkı müqavilə imzalanan taixdə qüvvədə olan tariflər və abunəçinin seçdiyi tarif planı üzrə nəzərdə tutulmuş ilkin ödəniş məblğinin ödənişi həyata keçirildkən sonra rabitə xəttinin aktivləşdirilməsini, yoxlaması və abunəçini nömrə və sim kart ilə təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Lakin iddiaçı tərəfindən məhkəməyə müqavilənin predmetində ilkin şərt kimi nəzərdə tutulmuş nömrənin təqdim olunması, abunəçi tərəfindən ilkin ödəniş məbləğinin həyata keçirilməsi və digər hallar ilə bağlı heç bir mötəbər sübut təqdim olunmamışdır. Yəni, tərəflər arasında müqavilə bağlansa da, müqavilənin nömrənin verilməsi ilə bağlı ilkin şərti iddiaçı tərəfindən yerinə yetirilmədiyindən, cavabdehin həmin müqavilə üzrə hər hansı öhdəliyi yaranmır. Buna görə də məhkəmə hesab edir ki, ilkin şərt yerinə yetirilmədiyi təqdirdə digər xüsusatların araşdırılmasına zərurət yoxdur və iddia əsassız olduğuna görə rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı xidmət haqqının ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-861/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-861/2021
17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver