Məhkəmə qərarları › İş №e-2-2(113)-861/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-861/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-861/2025 23.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ”Finivo Projest” Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı X3 xeyrinə 12194.50 manat əsas borc, 1599.34 manat faiz borcu və 131.38 manat dövlət rüsumu olmaqla, cəmi: 13925.22 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə cavabdeh "xxxx" MMC arasında bağlanan şifahi müqaviləyə əsasən alqı-satqı aparılmışdır. Cavabdeh iddiaçıdan elektron qaimələr əsasında 44457.50 manat dəyərində sement almış, aldığı malların dəyərindən hissəvi 32263.00 manat ödəniş etdiyi üçün iddiaçıya 12194.50 manat borcu yaranmışdır. (cavabdehin xx.xx.2024-cü il tarixli etiraf məktubu) Borc məbləğinin ödənilməsi barədə cavabdehə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlar da nəticə verməmiş, borcun tezliklə aradan qaldırılması vədlərinə əməl etməmişdir. Belə vəziyyət iddiaçıya maddi ziyan vurur, hüquqlarını və qanuni mənafeyini pozur. Qanunvericiliyə əsasən, cavabdehdən 12194.50 manat əsas borc, 13.04..2023-dən xx.xx.2023-ə qədər 20*(12194.50:360:100*8.75+2%)=72.83 manat, xx.xx.2023-dən xx.xx.2023-ə qədər 152*(12194.50:360:100*9+2)=566.37 manat, xx.xx.2023-dən xx.xx.2024-ə qədər 48* (12194.50:360:100*8.5+2%)=170.72 manat, xx.xx.2023-dən xx.xx.2024-ə qədər 38*(12194.50:360:100*8+2%)=1 2 8 .7 2 manat, xx.xx.2024-dən xx.xx.2024-ə qədər 55*(12194.50:360:100*7.75=2%)=181.65 manat, xx.xx.2024-dən xx.xx.2024-ə qədər 33*(12194.50:360:100*7.5=2%)=106.19 manat, xx.xx.2024-dən xx.xx.2024-ə qədər 119*(12194.50:360:100*7.25+2%=372.86 manat olmaqla, cəmi: 1599.34 manat faiz məbləği də, cavabdehdən tələb edilir. Habelə, qanuna əsasən ödənilmiş 131.38 manat dövlət rüsumu da,cavabdehdən tələb edilir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. 28.04.2022-ci il tarixli əməliyyatın təfərrüatına əsasən Cavabdeh MMC tərəfindən İddiaçı QSC-nin hesabına 1247,46 manat məbləğində (EBBU-715460 saylı e-qaimə üzrə), eyni tarixdə 1355,93 manat məbləğində (EBBS-930164 saylı e-qaimə üzrə), eyni tarixdə 379,66 manat məbləğində (EBBU-616606 saylı e-qaimə üzrə), xx.xx.2022-ci il tarixdə 542,37 manat məbləğində (EBBP-143982 saylı e-qaimə üzrə) və xx.xx.2023-cü il tarixdə 593,22 manat dəyərində (EBBP-718226 saylı e-qaimə üzrə) ödənişlər edilmişdir.

8. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə kimi sement məhsulunun satışına dair e-qaimə tərtib edilərək cavabdeh şirkətə göndərilmişdir.

9. Cavabdeh MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda iddiaçıdan alınmış materiallara görə yaranmış öhdəliyi (12194,50 manat-ƏDV daxil) halhazırda tam ödəyə bilmədiklərini və yaranmış öhdəliyin 4 hissədən ibarət ödənilməsi üçün şərait yaradılmasını xahiş etmişdir.

10. Cavabdeh MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda alınmış materiallar üzrə ödəniş oktyabrın 20-28 aralığında icra olunacağı qeyd olunmuşdur.

11. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

16. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

18. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

19. Göründüyü kimi tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlanmış və müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə elektron qaimələr əsasında müxtəlif məhsul satışı həyata keçirilmişdir. Cavabdeh MMC tərəfindən elektron qaimələr ödənişin təyinatı olaraq göstərərək qismi ödənişlər həyata keçirilsə də, yaranmış borc məbləği bugunə kimi ödənilməmişdir.

20. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – elektron qaimə, ödəniş qəbzləri və borcun mövcüdluğuna dair cavabdehin məktubları ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 12194,50 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

21. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 12194,50 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir.

22. Həmçinin iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz, həm də Mərkəzi Bankın uçot dərəsi nəzərə alınmaqla cəmi 1599,34 manat məbləğində borc hesablayaraq, cavabdehdən tutulmasını tələb edir.

23. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.

24. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

26. Belə ki, məhkəmə hesab edir ki, tərəflər arasında yazılı alqı-satqı müqaviləsi bağlanmadığı və alınmış mallara görə nə vaxt ödəniş edilməli olduğu şərti müəyyən edilmədiyi üçün, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə ünvanladığı xx.xx.2024-ci il tarixli məktubda ödəniş üçün verilən 5 gün çıxılmaqla, xx.xx.2024-cü il tarixdən qətnamə qəbul edilən xx.xx.2025-ci il tarixinə kimi illki 5% hesabı ilə 377,4 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

27. Bundan başqa iddiaçı tərəfindən 131,38 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması tələb olunmuşdur.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, iş üzrə ödənilmiş 128 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 12194,50 manat əsas borc və borcun ödənişinin gecikdirilməsinə görə 377,4 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 128 manat tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar