Məhkəmə qərarları › İş №e-2-2(113)-8618/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8618/2025

03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8618/2025 03.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X4 X2 ” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı “X4 X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı “X4 X2 ” Məhdud Məsuliyyətli Cəmiyyəti (“X4 X2 ” MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3897,92 manat (üç min səkkiz yüz doxsan yeddi manat doxsan iki qəpik) məbləğində borc və 59 manat (əlli doqquz manat) ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3956,92 manat (üç min doqquz yüz əlli altı manat doxsan iki qəpik) məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "X4 X1" ASC (köhnə adı ilə “Azərbaycan Kağız və X3” MMC) ilə Cavabdeh MMC arasında xx.xx.2024-ci il tarixli, SO24/303 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən satıcı, yəni "X4 X1" ASC müqavilənin predmeti çərçivəsində göstərəcəyi Əlavə №1-də müfəssəl müəyyən edilən məhsulları təmin etməyi öhdəsinə götürür. Buna müvafiq olaraq alıcı, yəni Cavabdeh MMC isə Əlavə 1-də göstərilən məhsulların qiymətini satıcıya ödəməyə borcludur. Buna uyğun olaraq, Cəmiyyət tərəfindən cavabdehə müəyyən edilən məhsulların təhvil verilməsinə baxmayaraq, cavabdeh məhsulların dəyərini bugünə qədər ödəməmiş, xx.xx.2025-ci il tarixli, MT2504 seriyalı, 104 nömrəli elektron qaimə və xx.xx.2025-ci il tarixli Malların təhvil-qəbul aktı ilə 7102,93 manat (yeddi min yüziki manat doxsan üç qəpik) məbləğində borcu yaranmışdır. Həmin borc məbləği üzrə cavabdeh tərəfindən 3205,01 manat (üç min iki yüz beş manat bir qəpik) dəyərində məhsullar iddiaçıya geri qaytarılsa da, ümumi borcdan 3897,92 manat (üç min səkkiz yüz doxsan yeddi manat doxsan iki qəpik) məbləğində pul vəsaiti hələ də cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Cavabdehə onlayn kargüzarlıq vasitəsilə ilə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, qalan borcun 15 (on beş) gün ərzində iddiaçıya ödənilməsi xahiş edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qalan borcun ödənilməsi ilə bağlı heç bir addım atılmamış, bundan sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, Cavabdeh MMC iddiaçı “X4 X1” ASC ilə bağladığı müqaviləyə uyğun olaraq şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə ödəməli olduğu pul vəsaitini ödəməmiş, müqavilədə qeyd olunan öhdəliklərin şərtlərinə və tələblərinə müvafiq surətdə hərəkət etməmiş, alqı-satqı müqaviləsinin 1.2-ci maddəsində qeyd edilən öhdəliyi də lazımınca icra etməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442.1, 567-ci maddələrinə istinad olunmuşdur.

4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsmiş, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

5. “X4 X2” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli, SO24/303 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilə əvəzi ödənilmək şərti ilə satıcı tərəfindən alıcıya müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavədə müəyyən edilən adda, çeşiddə, miqdarda qeyri-qida məhsullarının təmin edilməsinə dair şərtlərin, tərəflərin qarşılıqlı hüquq və öhdəliklərinin müəyyən edilməsi məqsədilə bağlanmışdır; 1.2-ci bəndinə əsasən satıcı müqavilənin predmeti çərçivəsində göstərəcəyi 1 nömrəli əlavədə müfəssəl müəyyən edilən məhsulları təmin etməyi öhdəsinə götürür. Buna müvafiq olaraq, alıcı isə 1 nömrəli əlavədə göstərilən məhsulların qiymətini satıcıya ödəməyə borcludur; 1.3-cü bəndinə əsasən mallar çatdırıldıqdan sonra onların keyfiyyətinin yoxlanılması alıcının nümayəndəsi tərəfindən aparılacaq və heç bir qüsur və çatışmamazlıq aşkar edilməsə, onlar alıcı tərəfindən təhviltəslim aktı əsasında qəbul olunacaq; 2.1-ci bəndinə əsasən müqaviləyə 1 nömrəli əlavədə hər bir mal üçün müəyyən olunmuş qiymət alıcıya təqdim edilən hesab-faktura əsasında satıcıya ödəniləcəkdir; 3.1-ci bəndinə əsasən alıcı satıcının ona satdığı malı qəbul edib onun dəyərini müqavilənin 2.1-ci maddəsində müəyyən edilmiş qaydada satıcıya ödənilməsini öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. “X4 X2” MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli malların təhvil-qəbul aktına əsasən “X4 X2” MMC tərəfindən Cavabdeh MMC-yə aktda adıçəkilən və ümumi dəyəri 7102,92 manat (ƏDV daxil) manat olan mal(lar) təhvil verilmişdir.

7. xx.xx.2025-ci il tarixli, MT2405 seriyalı, 10423991 nömrəli elektron qaimədən müəyyən olunur ki, “X4 X2 ” MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 7102,92 manat (ƏDV daxil) təşkil edir.

8. “X4 X2 ” MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, müqavilə üzrə yaranmış borcun 15 (on beş) gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı, bu halda o, təkcə borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və hüquqi yardımla bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir. Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

11. İşin faktiki hallarından göründüyü kimi, “X4 X2 ” MMC ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı öhdəliyini icra edərək, cavabdehə mallar təqdim etmiş, lakin cavabdeh tərəfindən malların dəyəri ödənilməmiş, yaramış borc məbləği müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilmədiyindən “X4 X2 ” MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş, borcun 15 gün müddətində ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən borc məbləği qeyd edilən müddətdə ödənilməmişdir. “X4 X2 ” MMC tərəfindən xx.xx.2025ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, xx.xx.2024-cü il tarixli, SO24/303 nömrəli alqı-satqı müqaviləsi üzrə yaranmış 3897,92 manat (üç min səkkiz yüz doxsan yeddi manat doxsan iki qəpik) məbləğində borc məbləğinin cavabdehdən tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.

12. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən 3897,92 manat (üç min səkkiz yüz doxsan yeddi manat doxsan iki qəpik) borc məbləği iddiaçının xeyrinə tutulmalıdır. Borcun mövcudluğu iş materialları (müqavilə, təhvil-qəbul aktı, elektron qaimə və s.) ilə öz təsdiqini tapır. Belə ki, dəyəri 7102,93 manat (yeddi min yüziki manat doxsan üç qəpik) olan mallar üzrə cavabdeh tərəfindən 3205,01 manat (üç min iki yüz beş manat bir qəpik) dəyərində mallar iddiaçıya geri qaytarılmış, qalan 3897,92 manat (7102,93- 3205,01=3897,92) məbləğində pul vəsaiti isə ödənilməmiş qalmışdır.

13. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

14. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 58,98 manat (əlli səkkiz manat doxsan səkkiz qəpik) məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 3897,92 manat (üç min səkkiz yüz doxsan yeddi manat doxsan iki qəpik) borc, ödənilmiş 58,98 manat (əlli səkkiz manat doxsan səkkiz qəpik) dövlət rüsumu olmaqla, cəmi 3956,90 manat (üç min doqquz əlli altı manat doxsan qəpik) məbləğində pul vəsaiti iddiaçı “X4 X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar