Məhkəmə qərarları › İş №e-2-2(113)-862/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-862/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-862/2021 17.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əsas borc göstərilmiş servis xidmətləri üzrə 1238364,27 manat əsas borc, 178982,43 manat ƏDV məbləği, təhvil verilmiş ehtiyyat hissələri üzrə 88492,32 manat əsas məbləğ, 15928,62 manat ƏDV məbləği, icarə haqqı üzrə 79218,47 manat əsas məbləğ 14259,33 manat ƏDV məbləği olmaqla, ümumilikdə 1615245,44 manat məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh MMC-dən alınaraq iddiaçı ««xxxx» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, «xxxx» MMC tərəfindən Cavabdeh MMC-yə məxsus texnika və nəqliyyat vasitələrinə servis xidmətləri göstərilmişdir. Hazırkı pretenziyaya əlavə edilən elektron qaimələrin surətindən görünür ki, «xxxx» MMC tərəfindən 2018-ci ildən başlayaraq Cavabdeh MMC-nə məxsus texnika və nəqliyyat vasitələrinə servis xidməti göstərilmiş və 12.06.2018-ci il tarixdən 13.03.2020-ci il tarixinə qədər ümumilikdə 19 ədəd elektron qaimə göndərilmişdir. İddia ərizəsinə əlavə edilən elektron qaimələrin surətindən və maliyyə arayışına əsasən müəyyən edilir ki, «xxxx» MMC tərəfindən Cavabdeh MMC-yə məxsus texnika və nəqliyyat vasitələrinə 1282742,98 manat əsas məbləğ, 230893,73 manat ƏDV məbləği dəyərində servis xidmətləri göstərilmiş, 100492,32 manat əsas məbləğ, 18088,62 manat ƏDV məbləği dəyərində ehtiyyat hissələri təhvil verilmiş, 124218,47 manat əsas məbləğ, 22359,33 manat ƏDV məbləği dəyərində icarə haqqı hesablanmışdır. Cavabdeh MMC tərəfindən «xxxx» MMC-yə göstərilmiş servis xidmətləri üzrə 44378,71 manat əsəs məbləğ, 51911,31 manat, təhvil verilmiş ehtiyyat hissələri üzrə 12000 manat əsas məbləğ, 2160 manat ƏDV məbləği, icarə haqqı üzrə 45000 manat əsas məbləğ, 8100 manat ƏDV məbləği ödəniş həyata keçmişdir. Hazırda Cavabdeh MMC-nin «xxxx» MMC-yə göstərilmiş servis xidmətləri üzrə 1238364,27 manat əsas məbləğ, 178982,43 manat ƏDV məbləği, təhvil verilmiş ehtiyyat hissələri üzrə 88492,32 manat əsas məbləğ, 15928,62 manat ƏDV məbləği, icarə haqqı üzrə 79218,47 manat əsas məbləğ 14259,33 manat ƏDV məbləği dəyərində borcu ödənilməmiş qalır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, göstərilmiş xidmətlər və alınmış mallara dair «xxxx» MMC tərəfindən göndərilmiş elektron qaimə – fakturaların 186120,43 manat məbləğində hissəsi Cavabdeh MMC tərəfindən təsdiqlənmişdir. 446555,42 məbləğində olan elektron qaimələr isə Cavabdeh MMC tərəfindən qəbul edilməkdən imtina edilmiş və bu barədə iddiaçının məlumatı olmuşdur. Qalan 982569,59 manat məbləğində olan elektron qaimələr isə Vergilər Nazirliyi tərəfindən avtomatik olaraq təsdiqlənmişdir. 982569,59 manat məbləğində olan elektron qaimələri qəbul etməkdən imtina olunmamasının səbəbi pandemiya dövründə işçilərin tam tərkibdə işə çıxmaması olmuş və buna görə də həmin elektron qaimələr Vergilər Nazirliyi tərəfindən avtomatik olaraq təsdiqlənmişdir. Həmin qaimələrin alt sənədləri qanuna müvafiq qaydada tərtib olunmamışdır, aktlarda olan imzalar cavabdehin səlahiyyətli şəxsləri tərəfindən icra olunmamışdır. Buna görə də həmin qaimələrin ləğv olunması üçün Dövlət Vergi Xidmətinə də müraciət olunmuşdur. İş materiallarında olan: - “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış “Tikinti texnikalarına texniki xidmət göstərilməsi barədə” 30.05.2018-ci il tarixli, AZTX/60 saylı müqaviləyə əsasən icraçı Bakı şəhəri, Şamaxı şossesi 15-ci km ünvanında yerləşən “X1 Volvo Construction, SDLG, Cat” avadanlıqların ixtisaslaşdırılmış texniki xidmət mərkəzində və ya həmçinin sifarişçinin sifarişinə əsasən istehsalat sahələrində Sifarişçinin təqdim etdiyi avadanlıqların təmir etməyi, sifarişçi və icraçının görüdüyü işlərin haqqını və avadalıqlara quraşdırılmış yeni ehtiyat hissələrinin dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. - “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış 01.03.2019-cu il tarixli, AZTX/402 saylı icarə müqaviləsinə əsasən “xxxx” MMC ona məxsus markaları, modelləri, şassisi, dövlət nömrə nişanları və texniki göstəriciləri əlavələrdə göstərilən ağır texnikalar, yük avtomobilləri və başqa nəqliyyat vasitləri 6 ay müddətinə Cavabdeh MMC-nin icarəsinə vermişdir. - Cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi 16.06.2021-ci il tarixli, 024/21 saylı maliyyə arayışına əsasən Cavabdeh MMC ilə “xxxx” MMC arasında olan yük avtomobilləri və texnikaların servis xidmətlərinin görülməsinə dair göndərilmiş elektron qaimə fakturaların bir qisminin Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş, elektron sistem əsasında qoyulmuş qanunvericiliyə əsasən təsdiq edilmişdir. Təsdiqlənmiş qaimələr üzrə cəmi 186120,43 manat, təsdiqlənməmiş (sistem tərəfindən avtomatik təsdiqlənən) qaimələr üzrə cəmi 982569,59 manat və cəmiyyətdə heç bir məlumatı olmayanın cəmi 446555,42 manat təşkil etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. İşdən göründüyü kimi cavabdeh tərəfindən təsdiq olunmuş elektron qaimələrdə (EAAM 073300 saylı, EAAM 074214 saylı, EAAN 418235 saylı, EAAN 418647 saylı, EAAN 417143 saylı, EAAN 411131 saylı və EAAT 806985 saylı) olan məbləğ 186120,43 manat təşkil edir və həmin məbləğin cavabdeh tərəfindən ödənilməsi ilə bağlı sübut təqdim olunmadığından iddianın həmin hissədə təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 389.1-i maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan maddələrin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, bir-birinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Bu tələb MM-in 405.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Tərəflər arasında bağlanmış müqavilənin: - 3.2-ci bəndində qeyd olunmuşdur ki, “bu müqaviləyə əsasən yerinə yetiriləcək iş, xidmətlərin və ehtiyat hissələinin dəyəri ilkin olaraq 50% icraçının hesabına ödənildiyi, qalan 50% hesab faktura icraçı tərəfindən sifarişçiyə təqdim edilən tarixdən 15 gün ərzində icraçının bank hesabına və ya xəzinəsinə ödənilməsi ilə müəyyən olunur.” - icarə müqaviləsinin 4.4-cü bəndində qeyd olunmuşdur ki, xidmətlərə görə ödəmələr icarəyə verənin təqdim etdiyi düzgün əsaslandırılmış hesab fakturanın icarəçi tərəfindən təsdiq edilməsndən sonra 5 iş günü ərzində həyata keçirilir. Lakin iddiaçı tərəfindən məhkəməyə müqavilə şərtlərində nəzərdə tutulan qaydalara əməl etməsini təsdiq edən hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçının istinad etdiyi və məhkəməyə təqdim etdiyi sübutlar elektron qaimələrdir. Həmin elektron qaimələrin istinad edildiyi sənədlərdə (aktlar) olan imzaların həqiqətən cavpbdehin səlahiyyətli şəxslərinə məxsus olmasını sübut etmək yükü iddiaçının üzərinə düşsə də, onun tərəfindən məhkəməyə bu barədə heç bir sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, elektron qaimələr malların təhvil verilməsini, xidmətlərin göstərilməsini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Əgər tərəflər malın təhvil verilməsini, xidmətlərin göstərilməsini yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirməli olsa idilər, 3.2-ci və 4.4-cü bəndin müqavilənin məzmununa daxil edilməsinə zərurət olmazdı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesab-fakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesab-fakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Göstərilən qaydaların məzmunundan da görünür ki, elektron qaimə – fakturanın təyinatı ilkin uçot sənədi kimi nəzərdə tutulmuşdur və qaimə – faktura məhz malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər - qaimələr, qəbzlər, təhvil-təslim aktları və s. əsasında doldurulmalıdır. Təhvil – təslim aktının qaimə – fakturanın doldurulması üçün əsas sənədlərdən biri hesab olunması da onu təsdiq edir ki, qaimə – faktura malın təhvil verilməsini, xidmətin göstərilməsini təsdiq edən sənəd deyildir. Bundan başqa təqdim edilmiş elektron qaimələrin bir hissəsi imzalanmamış, imzalanan qaimələrdə isə imzası olan şəxslərin həmin qaimələrin imzalama səalhiyyətlərinin olub olmaması, belə səlahiyyətlərin cəmiyyət tərəfindən onlara verilməsi işin halları ilə də müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh MMC tərəfindən təsdiqlənməmiş (982569,59 manat) və təsdiqləməkdən imtina olunmuş (446555,42 manat) qaimələr üzrə yaranmış borcun tutulması hissəsində təmin oluna bilməz. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 4 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 186120,43 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 4 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar