Məhkəmə qərarları › İş №e-2-2(113)-8633/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8633/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8633/2025 05.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10145,08 manat borcun və ödənilmiş məhkəmə rüsumunun tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 10 dekabr 2002-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi Yanında Bakı Vergilər Departamentinin Kommersiya X1 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış və hazırda tikinti mallarının istehsalı və alğı-satqısı ilə məşğuldur. İddiaçı MMC ilə Cavabdeh arasında müxtəlif çeşiddə metal mallarının alqı-satqısına dair xx.xx.2023-cü il tarixli AV 17/11/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixi üzrə Cavabdeh təhvil verilmiş mallara görə İddiaçı MMC-yə qarşı 10145,08 manat (on min yüz qırx beş manat səkkiz qəpik) borcu yaranmışdır. Bu barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmuş və rəsmi pretenziya məktubu da təqdim edilmişdir. Lakin cavabdeh bu günə kimi müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək bizə olan borcunu ödəməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 442, 448.1, 567, 569.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, sözügedən iş üzrə tərəflərindən xx.xx.2024-cü il tarixli, MT2401 seriyali, 00338367 nömrəli elektron qaimə üzrə 20145,10 manat məbləğində mal satılmış və həmin mal üzrə cavabdeh tərəfindən 27 avqust 2025-ci il tarixda 10000 manat məbləğində ödəniş edilmiş və cavabdehin hal-hazırda 10145,08 manat məbləğində borcu qalmışdır.

7. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli, 17/11/23 nömrəli alqı-satqı müqaviləsi, alqı-satqı müqaviləsinə dair əlavə razılaşmalar, təhvil-təslim aktları təqdim edilməmiş, lakin həmin sənədlər imza və möhürlə təsdiqlənməmişdir.

8. İddiaçı tərəfindən məhkəməyə hazırkı borc məbləğinə aidiyyatı olmayan elektron qaimələr təqdim edilmişdir.

9. Mübahisə ilə bağlı olan xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00338367 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 20145 manat (ƏDV daxil) təşkil edir.

10. Məhkəməyə müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilən ödənişlərlə bağlı bank hesabından çıxarış təqdim olunmuşdur.

11. İddiaçı MMC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, 17/11/23 nömrəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 10145,08 (ƏDV daxil) borcu vardır.

12. xx.xx.2021-xx.xx.2025-ci il dövrü üçün birtərəfli qaydada iddiaçı tərəfindən təsdiq edilmiş qarşılıqlı hesablaşma tutuşdurma aktında qeyd edilmişdir ki, xx.xx.2025-ci il dövr üçün Cavabdeh İddiaçı MMC-yə 10145,08 borcu vardır.

13. İddiaçı MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

16. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Təqdim olunmuş müqavilə müvafiq qaydada təsdiqli olmadığından hesab olunur ki, tərəflər arasında şifahi formada bağlanan müqavilədən irəli gələn münasibətlər olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir.

26. İddia tələbini cavabdehdən 10145,08 manat məbləğində müqavilə üzrə borcun tutulması təşkil edir.

27. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, cavabdehin qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh qalıq borc olan 10145,08 manat (on min yüz qırx beş manat səkkiz qəpik) məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli, MT2401 seriyalı, 00338367 nömrəli elektron qaimə üzrə satılmış malların ümumi məbləği 20145 manat (ƏDV daxil) olmuş, həmin məbləğdən 10000 manat ödənilmiş, qalıq məbləğ 10145,08 manat təşkil etmişdir.

28. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

29. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 120,44 manat (yüz iyirmi manat qırx dörd qəpik) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10145,08 manat (on min yüz qırx beş manat səkkiz qəpik) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 120,44 manat (yüz iyirmi manat qırx dörd qəpik) manat olmaqla, ümumilikdə 10265,52 manat (on min iki yüz altmış beş manat əlli iki qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar