Məhkəmə qərarları › İş №e-2-2(113)-864/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-864/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-864/2023 04.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ödənilməmiş 31448 (otuz bir min dörd yüz qırx səkkiz) manat məbləğində əsas borcun və ödənilmiş 210 manat məbləğdə dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 18 oktyabr 2021-ci il tarixli AS-B/21 saylı sement məhsullarının alqı-satqı müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC sement məhsullarını Cavabdeh MMC-yə satmağı öhdəsinə götürmüşdür. Cavabdeh MMC isə aldığı məhsulun dəyərini İddiaçı MMC-ə vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilə üzrə öhdəliyini yerinə yetirsə də Cavabdeh MMC aldığı məhsulun dəyərini ödəməmişdir. Belə ki, Cavabdeh MMC-nin hal-hazıradək İddiaçı MMC-yə ödənilməmiş 31448 (otuz bir min dörd yüz qırx səkkiz) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında xx.xx.2021-ci tarixdə bağlanmış müqaviləni Cavabdeh MMC tərəfindən aşağıda qeyd olunan bəndləri pozulmuşdur. 2.4.2. malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə satıcıya ödəmək, 2.4.3. müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada icra olunması və onların pozulmasına yol verilməməsini öhdəsinə götürmək, 4.1. malların dəyəri mallar təhvil-təslim sənədləri əsasında alıcıya təhvil verildikdən sonra 30 (otuz) təqvim günü ərzində ödəmək, 5.2. müqavilədə göstərilən ödəniş müddətində gecikmələr baş verdiyi halda, alıcı hər gecikdirilmiş gün üçün vaxtında ödənilməmiş məbləğin 0.1 % faizi məbləğində, lakin ümumən vaxtında ödənilməyən məbləğin 10 %-dən çox olmayan miqdarda cərimə ödəmək, müqavilənin 10.1-ci bəndinə əsasən tərəflər hazırki müqavilə ilə bağlı baş verə biləcək və ya ondan irəli gələn bütün mübahisəni qarşılıqlı anlaşma və danışıqlar yolu ilə mümkün qədər tez zamanda həll etməyə çalışmalıdırlar. Əgər tərəflər mübahisəli məsələlər yarandıqdan sonra 30 (otuz) gün ərzində razılığa gələ bilmirlərsə, o halda hazırki müqavilə ilə bağlı baş verə biləcək bütün mübahisəli məsələlər Azərbaycan Respublikası Məhkəmələri tərəfindən həll olunmalıdır. Göründüyü kimi Cavabdeh MMC hal-hazıradək İddiaçı MMC-yə olan 31448 manat məbləğində borcunu ödəməmişdir. Bu barədə Cavabdeh MMC-ə pretenziya məktubu göndərilməsinə baxmayaraq heç bir cavab gəlməmişdir. Ona görə də, yaranmış borc məbləği Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC “satıcı” Cavabdeh MMC “alıcı” olmaqla imzalanmış AS-AB/21 nömrəli 18 oktyabr 2021 tarixli alğı-satqı müqaviləsinə əsasən “satıcı” “alıcı”ya sement və yaxud əlavədə göstərilənləri satmağı öz öhdəsinə götürür. 2.4.2. malların dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlərlə satıcıya ödəmək, 2.4.3. müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada icra olunması və onların pozulmasına yol verilməməsini öhdəsinə götürmək “satıcı”nın vəzifəsidir. 4.1. bəndə əsasən alıcı müvafiq alış sifarişləri üzrə ödənişləri satıcının hesablaşma hesabına AZN-lə həyata keçirilir. Malların dəyəri mallar təhvil-fəslim sənədlər əsasında alıcıya təhvil verildikdən sonra 30 (otuz) təqvim günü ərzində. İddiaçı MMC tərəfindən birtərəfli qaydada təsdiq edilmiş xx.xx.2022 tarixli 17 saylı qarşılıqlı üzləşmə aktında xx.xx.2023 tarixə 31.447,38 manat məbləğində borc göstərilmişdir. EBBL seriyalı 751970 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4608 manat, EBBL seriyalı 752497 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4608 manat, EBBL seriyalı 894748 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4608 manat, EBBM seriyalı 138850 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4608 manat, EBBM seriyalı 324427 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4608 manat, EBBM seriyalı 553314 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4608 manat, EBBM seriyalı 747530 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 4680 manat, EBBM seriyalı 862759 nömrəli xx.xx.2021 tarixli elektron qaiməyə əsasən 2720 manat İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş yük nəqliyyat qaimələrindən məlum olur ki, alıcı İddiaçı MMC tərəfindən müxtəlif daşıyıcı şirkətlər vasitəsilə mallar Cavabdeh MMC-yə çatdırılmışdır. Qaimələr Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının təhvil verdiyi mallar üzrə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yaranması iş materialları ilə sübuta yetirildiyindən iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Qeyd edilənərə əsasən məhkəmə hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 200 manat mediasiya xərci və 10 manat poçt xidmətlərinə dair xərc cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 31448 (otuz bir min dörd yüz qırx səkkiz) manat məbləğində əsas borc və ödənilmiş 210 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar