Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-865/2023 03.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli Xidmətlərin göstərilməsinə dair əsas müqaviləyə əsasən 5.076,43 manat xidmət haqqının, 395,94 manat cərimə borcunun, cəmi 5.472,37 manatın, hüquqi yardıma görə ödənilmiş 300 manatın, mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun, ümumilikdə 5.872,37 manat borcun “X1” MMC-dən tutularaq İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə “X1” MMC arasında xx.xx.2020-ci il tarixində Xidmətlərin göstərilməsinə dair Əsas Müqavilə bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən Sifarişçi tərəfindən təqdim edilmiş Təsdiqdə yerinə yetiriləcək xidmətin təsviri əks olunur. Müqavilənin 3.3-cü bəndinə əsasən, Təchizatçı təsdiqə uyğun olaraq xidmətləri Sifarişçi üçün yerinə yetirir. Müqavilənin 4.2-ci bəndinə əsasən, Təchizatçı malların yola salındığı tarixdən sonra dərhal Sifarişçiyə hesab-faktura təqdim edir. Qeyd olunan müqavilə üzrə cavabdeh tərəfindən təqdim edilmiş Xidmət Şifarişinə əsasən daşıma həyata keçirilmiş, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində ödənişin həyata keçirilməsinə dair elektron qaimə vurulmuş, lakin buna baxmayaraq cavabdeh tərəfindən göstərilmiş xidmətlərə görə ödənişlər həyata keçirilməmişdir. Müqavilənin 4.3-cü bəndinə əsasən, Sifarişçi ödənişi Təchizatçının təqdim etdiyi hər bir hesab-fakturanı təqdim edildiyi tarixdən 30 (otuz) təqvim günü müddəti ərzində tam şəkildə və vəsaiti Təchizatçının təqdim etdiyi bank hesabına köçürməklə həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixində iddiaçı (icraçı) tərəfindən təqdim olunmuş İNVOİCE-ə (hesab-faktura) əsasən göstərilən xidmətlərə görə Sifarişçi 2986.14 (iki min doqquz yüz səksən altı, 14) ABŞ dolları məbləğində xidmət haqqı ödəməli idi. Lakin, Sifarişçi tərəfindən xx.xx.2020- ci il tarixli müqavilənin müddəaları pozularaq xidmət haqqı tam ödənilməmiş, 2986.14 (iki min doqquz yüz səksən altı, 14) ABŞ dolları məbləğində əsas borc yaranmışdır. Bundan başqa, Müqavilənin 4.6-cı bəndinə əsasən, Təchizatçı özünün digər hüquqlarına əlavə olaraq vaxtaşırı surətdə Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot tarifindən yuxarı ildə 2% həcmində ödənilməmiş məbləğə görə faiz tətbiq edə bilər. Bu cür faizlər ödəniş tarixindən başlayaraq ödənilməmiş məbləğin faktiki ödənildiyi tarixədək əsasla tətbiq edilir. 2022-ci il üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən uçot faiz dərəcəsi ortalama 7.8% müəyyən edilmişdir. Əsas borcun gecikdirilməsini 1 ildən çox olduğunu nəzərə alaraq cavabdeh tərəfindən iddiaçıya 232,91 ABŞ dolları məbləğində faiz borcu ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən edilməlidir. İşin müəyyən olunmuş halları ondan ibarətir ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixdə xidmətlərin göstərilməsinə dair əsas müqavilə bağlanmışdır. Müqaviləyə əsasən sifarşçi (“X1” MMC) təchizatçının üzərinə düşən öhdəlikləri yerinə yetirməsi, daha sonra sifarişçinin xidmətlərdən faydalana bilməsi və nəticələrin nəzərdə tutulan vaxt müddətində təhvil verilməsi üçün sifarişçinin bu şərtlərə uyğun olaraq üzərinə düşən öhdəlikləri yeinə yetirməli olduğunu qəbul edir. Təchizatçı (İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı) təsdiqə uyğun olaraq xidmətləri sifarişçi üçün yerinə yetirir. Təchizatçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmək üçün subpodratçı və ya vasitəçiləri işə cəlb etmək hüququna malikdir. Müqavilə hər iki tərəfdən imzalanmış və möhürlə təsdiq edilmişdir. Hazırda iddiaçı icra edilmiş xidmətlər üzrə göndərilmiş 443594 saylı EBBN seriyalı xx.xx.2021-ci il tarixli elektron qaimə üzrə ödənilməmiş borcun qaldığını bildirərək cəmi 5.076,44 manat xidmət haqqı və 395,94 manat cərimə borcunu tələb edir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin faktiki əsasını tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Xidmətlərin göstərilməsinə dair müqavilə təşkil edir. Ona görə də, qeyd olunmuş müqavilə üzrə yaranmış öhdəliyin icra edilməsinin tələb edilməsi ilə bağlı hüquqi əsas tapılmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin məzmunu təfsir edildikdə və işin halları araşdırıldıqda aydın olur ki, hazırkı mübahisə Yükdaşıma müqaviləsindən irəli gələn mübahisə ilə bağlıdır. Ona görə də, mübahisənin həlli baxımından aşağıdakı normaların nəzərdən keçirilməsi zəruridir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 850.2-ci maddəsin əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 851-ci maddəsinə əsasən Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış müqavilədən irəli gəlir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasındakı xx.xx.2020-ci il tarixli müqavilə əsasında “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti malları daşıyıcı “X1” MMC vasitəsilə “LOADPROJECTS LiJİSTİK İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ”nə **-JR-***/10ZK-559 (qoşqu ilə birgə) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə göndərmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli beynəlxalq qaimədən məlum olur ki, ümumi çəkisi 2.620 kq olan mallar (24 ədəd) mal göndərən “X1” MMC tərəfindən daşıyıcı şirkət İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı vasitəsilə **-JR- ***/10ZK-559 (qoşqu ilə birgə) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yükü alan “LOADPROJECTS LiJİSTİK İÇ VE DİŞ TİCARET LİMİTED ŞİRKETİ”nə göndərilmişdir. Beynəlxalq qaimə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən xx.xx.2021-ci il tarixində “Buraxılsın” möhürü ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X1” MMC-yə göndərilmiş xx.xx.2021-ci il tarixli invoysdan görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən **-JR-***/10ZK-559 (qoşqu ilə birgə) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ümumi çəkisi 2.620 kq olan malların (24 Pallet) daşınması ilə bağlı daşıma haqqı 2,986,14 ABŞ dolları təşkil etmişdir. İş materiallarından görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X1” MMC-yə xx.xx.2021-ci il tarixdə dəyəri 5.076,44 (2986,14x1,7) manat təşkil edən EBBN 443594 saylı elektron qaimə göndərilmişdir. Göründüyü kimi, daşıyıcı İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən mallar təyinat yerinə çatdırılmaqla müqavilə üzrə öhdəliklər icra edilmiş olsa da, yükgöndərən “X1” MMC tərəfindən öhdəlik icra edilməmiş və yüklərin daşınması haqqı ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 5.076,44 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddianın cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Qeyd edilmiş normaların məzmunundan göründüyü kimi dəbbə pulu ya qanundan irəli gəlməli, ya da müqavilə nəzərdə tutulmuş olduğu halda tələb edilə bilər. Hazırkı halda isə, nə yükdaşıma və ya tapşırıq müqaviləsi üzrə xidmət haqqının ödənilməməsi ilə bağlı cərimənin hesablanması ilə bağlı norma, nə də müqavilədə bu barədə hər hansı bir bənd yoxdur. Ona görə də, iddia cərimə borcunun tələb edilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 100 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən mediasiya xərci olaraq 11 saylı Mediasiya Təşkilatına 100 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 100 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, hüquqi yardım göstərilməsinə görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Mülki Prossesual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ona hüquqi yardım göstərilməsi üçün Femida Vəkil Bürosuna 300 manat məbləğində pul ödəmişdir. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 300 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Beləliklə, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Xidmətlərin göstərilməsinə dair əsas” müqaviləyə əsasən xidmət haqqı borcu üzrə 5.076 (beş min yetmiş altı) manat 44 (qırx dörd) qəpik məbləğində pul “X1” Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilsin. Hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul “X1” Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul “X1” Məhdud Məhsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-865/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-865/2023
03.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver