Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8705/2025 23.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 21913,96 manat məbləğində məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizəçinin maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 150.1 və 150.1.6-cı maddələrinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Göründüyü kimi, vergi ödəyicisi vergi, eləcə də məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta üzrə öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı müvafiq öhdəliklər üzrə hesablanmış borcların 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərməlidir. Qeyd olunan bildiriş göndərildikdən sonra hesablanmış borc ödənilməzsə, vergi orqanı borcun ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə bilər. Beləliklə, müəyyən olunur ki, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə qanunla müəyyən edilmiş işin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll qaydası nəzərdə tutulmuşdur. Məhkəməyə təqdim edilən vergi orqanı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, həmin hüquqi şəxslərdən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilən vergi ödəyicisi ilə yazışmalar barədə hesabatdan isə görünür ki, bildiriş vergi ödəyicisinin elektron kabinetində yerləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin “Vergi ödəyiciləri ilə yazışma” adlanan 70-ci maddəsində sənədlərin vergi orqanı tərəfindən vergi ödəyicisinə lazımi qaydada çatdırılmış sayılması formalarından biri kimi, onun elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 70.2-1 və 70.2- 1.3-cü maddələrinə əsasən, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Həmin Məcəllənin 13.2.72-ci maddəsinə əsasən isə elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, bu Qaydanın məqsədi Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq, vergi bəyannamələrinin (hesabatların) vergi ödəyicisi tərəfindən elektron şəkildə təqdim edilməsi, vergi orqanları tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron səkildə bildirişin verilməsi işlərinin tənzimlənməsi ilə “Elektron hökumət” layihəsi çərçivəsində dövlət orqanlarının vətəndaşlara və təşkilatlara təqdim etdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına və onların təqdim olunma prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına nail olmaqdır. Həmin Qaydanın 2-ci hissəsində göstərilmişdir ki, vergi ödəyicisi (rəhbəri) vergi bəyannamələrini elektron şəkildə göndərmək üçün müvafiq ərizəni və 2 nüsxədə müqavilə formasını doldurub imzalayır (möhürləyir) və uçotda olduğu vergi orqanına təqdim edir. Vergi orqanı vergi ödəyicisinin ərizəsini qəbul etdiyi tarixdən sonrakı 2 gün müddətində müqavilənin imzalanıb (möhürlənib) təsdiq edilməsini təmin edir. Müqavilə imzalandıqdan sonra onun bir nüsxəsi və elektron sənəd mübadiləsinin aparılması üçün zəruri istifadəçi kodu, şifrə və parol vergi ödəyicisinə qapalı zərfdə təqdim edilir. Müqavilənin qarşılıqlı imzalanması ilə vergi ödəyicisi bəyannamələrini vergi orqanına elektron şəkildə təqdim etmək hüququnu əldə edir və vergi orqanındakı qeydiyyat məlumatlarına və büdcə qarşısındakı öhdəliklərinə baxış imkanına malik olur. Sadalanan qanunvericilik normalarına əsasən elektron kabinetdən istifadə üçün ilk növbədə vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə bağlanmalıdır. Bu müqavilə bağlandıqdan sonra vergi orqanı tərəfindən elektron kabinet yaradılır. Elektron kabinetin aktivləşdirilməsi isə yalnız vergi orqanı tərəfindən vergi ödəyicisinə kod-parol təqdim edildikdən sonra həyata keçirilir və aktivləşdirilmiş elektron kabinetə elektron üsulla göndərilmiş sənədlər göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Ərizəçi iş materiallarına vergi ödəyicisinin elektron kabinetinə bildirişin göndərilməsi barədə sənəd əlavə etsə də, elektron kabinetdən istifadə ilə bağlı ərizəçi və vergi ödəyicisi arasında müqavilə məhkəməyə təqdim edilmədiyindən, vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kodparol ilə daxil olmağa imkan verən və vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən elektron kabinetə malik olması təsdiq edilmir. Həmçinin digər bildirişlərin bu və ya digər qaydada göndərilməsi də aşkar olunmur. Beləliklə, vergi ödəyicisinin qeyd olunan bildirişlərdən xəbərdar olması təsdiq olunmadığından ərizəçinin işin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya əməl etməsi müəyyən olunmur. Bu isə ərizəçinin maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl işin məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydaya əməl etmədiyi nəticəsinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddəsinə əsasən hakim müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə iddia ərizəsini geri qaytarır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1 və 150.1.4-cü maddəsinə əsasən iddia ərizəsinə həmin Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə olunmalıdır. Məhkəmə vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat əsasında müəyyən edir ki, ərizəçi maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəni də vergi ödəyicisinin elektron kabinetinə göndərmişdir. Yuxarıda da qeyd olunduğu kimi elektron kabinetdən istifadə ilə bağlı ərizəçi və vergi ödəyicisi arasında müqavilə məhkəməyə təqdim edilmədiyindən, vergi ödəyicisinin elektron kabinetə malik olması təsdiq edilmir. Belə olan halda isə ərizə və ona əlavə edilmiş sənədlər maraqlı şəxsə çatdırılmış hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.4-ci maddəsinə əsasən hakim kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizəyə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında qanunvericiliklə müəyyən edilmiş qaydada nizama salınmasına riayət edilməsini, ərizə və ona əlavə edilmiş sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada maraqlı şəxsə çatdırılmasını təsdiq edən sənədlər əlavə edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə izah edilsin ki, ərizənin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra xüsusi icraat qaydasında yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268 və 306-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-8705/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8705/2025
23.10.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver