Məhkəmə qərarları › İş №e-2-2(113)-8725/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-8725/2025

16.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8725/2025 16.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı, mal göndərmə müqaviləsi) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alğı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturalar əsasında yaranmış 2456,56 manat borcun və 45 manat ödənilən dövlət rüsumunun, cəmi 2501,56 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə şifahi razılaşma əsasında İddiaçı MMC tərəfindən cavabdehə spirtli içkilərin satışı həyata keçirilmiş, cavabdeh həmin malları qəbul edərək dəyərini şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq,alıcı elektron-qaimələrə əsasən 2456.56 manat (ƏDV daxil olmaqla) malın dəyərini, tərəflərin razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı alıcıya pretenziya məktubu gödəndilmiş, lakin borcun ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2, 567, 597.1, 598.3, 600.1-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanları müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi məhkəmə iclasında məhkəməyə ərizə ünvanlayaraq işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: EBCM seriyalı, 303939 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 141.60 manat, EBCM seriyalı, 300104 nömrəli, xx.xx.2022-ci il tarixli, 205.34 manat, EBCM seriyalı, 300109 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 79.92 manat, EBCN seriyalı, 909485 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 138.24 manat, EBCO seriyalı, 144235 nömrəli, xx.xx.2023cü il tarixli, dəyəri 283.20 manat, EBCO seriyalı, 144134 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 133,92 manat, EBDA seriyalı, 381565 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 320.64 manat, EBDA seriyalı, 975351 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 183.60 manat, EBDC seriyalı, 295637 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 200.46 manat, EBDG seriyalı, 497196 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 703.32 manat, EBDC seriyalı, 375875 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 104.80 manat olan elektron qaimələr ödəniş edilməsi üçün iddiaçı tərəfindən cavabdehə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, 0000-004441 nömrəli qaimə-fakturaya əsasən ƏDV daxil 703,32 manat, xx.xx.2023-cü il tarixli, 2653 nömrəli müştəri sifarişinə əsasən 30,58 manat, xx.xx.2023-cü il tarixli, 1682 nömrəli müştəri sifarişinə əsasən 48,90 manat, xx.xx.2023-cü il tarixli, 1443 nömrəli sifarişə əsasən 28,01 manat, xx.xx.2023-cü il tarixli, 1138 nömrəli sifarişə əsasən 20,06 manat, xx.xx.2023-cü il tarixli, 801 nömrəli sifarişə əsasən 43,20 manat, xx.xx.2023-cü il tarixli, 699 nömrəli sifarişə əsasən 20,43 manat, xx.xx.2023-cü il tarixli, 532 nömrəli sifarişə əsasən 15,99 manat, xx.xx.2023-cü il tarixli, 144 nömrəli sifarişə əsasən 21,09 manat, xx.xx.2022-ci il tarixli, 189 nömrəli sifarişə əsasən 21,60 manat, xx.xx.2022-ci il tarixli, 52 nömrəli sifarişə əsasən 12,19 manat, xx.xx.2022-ci il tarixli satış sənədinə əsasən 205,34 manat dəyərində mallar cavabdehə verilmişdir. GDĞ/1 seriyalı, 347511 nömrəli, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən xx.xx.2022 tarixli EQ EBCM N300109 üzrə 70 manat, GDĞ/1 seriyalı, 359684 nömrəli, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinə əsasən EQ EBCM No 300104/xx.xx.2022 üzrə 100 manat məbləğində pul Cavabdeh1 tərəfindən İddiaçı MMCyə ödənmişdir. xx.xx.2025-ci il tarixli **********17 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC 45 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə görə mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə görə mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilə. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alqı-satqı münasibətləri mövcud olmuş, tərəflər arasında formalaşmış işgüzar münasibətlər məhz elektron qaimə üzrə həyata keçirilmiş, iddiaçı cavabadehə müvafiq həcmdə malları təhvil vermiş, lakin cavabdeh təhvil verilmiş malların dəyərini tam ödəməmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun tam ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş elektron qaimələrlə və müştəri sifarişləri ilə öz təsdiqini tapmışdır. Həmçinin, cavabdehin elektron qaimələr üzrə iki dəfə ödəniş etməsi tərəflər arasında şifahi alqı-satqı münasibətlərinin mövcud olmasını, malların ona verildiyini təsdiq edir. Buna görə də, iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qanunvericilik normalarını, cavabdehin elektron qaimələr üzrə ödəniş etməsini, aldığı malların dəyərindən 2456,56 manat borcu ödəmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, malların dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 2456,56 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 45 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 242-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1dan 2456 (iki min dörd yüz əlli altı) manat 56 (əlli altı) qəpik borc və ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün (“elektron formada”) Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsi və həmin ərizəyə baxılması müddəti bitdikdən sonra, tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar