Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8729/2025 16.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə S72/23 nömrəli təchizat müqaviləsi bağlanmışdır. Müqaviləyə görə Təchizatçı (iddiaçı) Alıcıya (cavabdehə) mal satır, Alıcı isə malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəyir. Bu müqavilə çərçivəsində mal termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. Müqavilənin: 1.1. 1.2-ci bəndinə görə malların miqdarı, çeşidi, qiyməti və dəyəri ƏDV daxil, aksizlər, eləcə də bütün digər məcburi ödənişlər mallara əlavə edilən qaimələrlə və hesab fakturalarla tərəflərin razılaşdığı və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə əks olunur; 1.2. 2.1-ci bəndinə əsasən malların təchizatı bu müqavilənin bütün müddəti ərzində bu müqaviləyə əlavələr və onun ayrılmaz hissəsi olan Spefikasiyalar əsasında ayrı-ayrı partiyalarla hissə-hissə həyata keçirilir; 1.3. 2.2-ci bəndinə görə malların təchizatı Təchizatçının yazılı şəkildə razılaşdığı əraziyə (o cümlədən elektron poçtdan istifadə etməklə) uyğun olaraq partiyalarla həyata keçirilir; 1.4. 2.3-cü bəndinə əsasən Alıcı malların qəbulunu təmin etməyə, ona baxış keçirməyə, keyfiyyətini, çeşidini və kəmiyyətini (o cümlədən əlavələrin tamlığını) yoxlamağa borcludur. Bu “Müqavilə”yə əsasən tədarük olunan mallar lazımi keyfiyyətə malik olmalıdır. 1.5. 2.4-cü bəndinə əsasən mallar Təchizatçı və ya onun cəlb etdiyi daşıyıcı tərəfindən Alıcının müvafiq lisenziyaya malik olduğu bilavasitə Alıcının anbarına (mağazaya, digər binalara) çatdırılır. Malların Alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur, həmin andan etibarən mallara qulluq yükü və malların təsadüfən itirilməsi riski Alıcının üzərinə düşür; 1.6. 4.1.-ci bəndinə görə bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq malların Təchizatçı qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş malın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində Təchizatçının ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. Malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, Alıcı satılan malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır.
2. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktında cəmi 452,47 manat məbləğində malların cavabdehə təhvil verilməsi əks olunmuş, akt cavabdeh (onun nümayəndələri) tərəfindən imzalanmışdır. Bundan başqa eyni tarixli digər təhvil-təslim aktında 224,21 manat məbləğində malların cavabdehə təhvil verilməsi əks olunmuş, lakin akt cavabdeh tərəfindən imzalanmamışdır.
3. İş materiallarına əlavə edilmiş “Müştəri sifarişi” adlı sənədlərdə iddiaçı tərəfindən, ümumilikdə 2603,37 manat (ƏDV daxil) məbləğində (xx.xx.2023-cü il tarixdə 513,13 manat, xx.xx.2023-cü il tarixdə 516,3 manat, xx.xx.2023-cü il tarixdə 141,6 manat, xx.xx.2023-cü il tarixdə 266,72 manat, xx.xx.2023-cü il tarixdə 456,96 manat, xx.xx.2023-cü il tarixdə 708,66 manat) spirtli içki məhsullarının cavabdehə təhvil verilməsi qeyd edilmiş, həmin sənədlər cavabdeh (onun nümayəndələri) tərəfindən imzalanmışdır. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə, ümumilikdə 4703,13 manat məbləğində elektron qaimələr göndərilmişdir. Həmçinin, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə 1041,12 manat məbləğində və xx.xx.2023cü il tarixdə 389,76 manat məbləğində mallara dair qaimə-fakturalar göndərilmiş, aktlar cavabdeh (onun nümayəndələri) tərəfindən imza ilə təsdiq edilmişdir.
4. İş materiallarına əlavə edilmiş kassa mədaxil orderlərindən görünür ki, cavabdeh tərəfindən cəmi 763 manat ödəniş həyata keçirilmişdir.
5. Bundan başqa, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli 676,68 manat dəyərində satış üçün təqdim olunan malların geri qaytarılması haqqında akt tərtib edilmiş, lakin akt yalnız cavabdeh tərəfindən imza ilə təsdiq edilmişdir.
6. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixdə 513,13 manat, xx.xx.2023-cü il tarixdə 708,66 manat, xx.xx.2023-cü il tarixdə 456,96 manat, xx.xx.2023-cü il tarixdə 266,72 manat, xx.xx.2023-cü il tarixdə 141,6 manat, xx.xx.2023-cü il tarixdə 516,3 manat, xx.xx.2023-cü il tarixdə 1041,12 manat və xx.xx.2023-cü il tarixdə 668,88 manat olmaqla, ümumilikdə 4703,13 manat məbləğində mal verilmiş, bundan 1439,68 manatı ödənilmiş, sonda 3263,45 manat ödənilməmiş borcu qalmışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
7. İddiaçı xx.xx.2023-cü il tarixli, S72/23 saylıAlqı-Satqı Müqaviləsi əsasında 3263,45 manat əsas, 326,35 manat dəbbə pulu və 56 manat ödənilən dövlət rüsumu olmaqla, cəmi 3645,8 manat pulun cavabdehdən tutulması barədə sonradan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə cavabdeh arasında S72/23 saylı“Alqı-Satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” tərəfindən çatdırılması hallarında, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə uyğun nağd ödənişlərin həyata keçirilməsini tənzimləyən qaydalara əsasən, çatdırılmış “Mal”ların nağd şəkildə ödənişi mümkündür. Lakin həmin müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən müştəri sifarişləri və iddia ərizəsinə əlavə edilən elektron-qaimə fakturaları əsasında mallar təchizatçı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı elektron-qaimələrə əsasən ƏDV daxil olmaqla, 3263.45 manat malın dəyərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq təchizatçıya, yəni iddiaçıya ödəməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
9. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi, cavabdehə ümumlikdə 4703,13 manat məbləğində malların satıldığını, bundan cavabdeh tərəfindən 763 manat ödəniş edildiyini, 676,68 manat məbləğində malların geri qaytarıldığını, bununla da ödənilməmiş 3263,45 manat məbləğində borcun qaldığını bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında qaimə-faktura və müştəri sifarişi adlı sənədlərdə qeyd olunan imzaların bir qismi ilə razılaşmadığını, 1041,12 manat məbləğində qaimə-fakturanı ümumiyyətlə qəbul etmədiyini, 516,3 manat məbləğində olan müştəri sifarişi ilə isə ona yalnız 145 manat məbləğində mal verildiyini, həmçinin müəyyən ödənişlər edildiyini, 676,68 manat məbləğində malların isə geri qaytarıldığını bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
17. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
18. Maddə 570.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.
19. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən əsaslıdır.
24. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
25. Tərəflər arasında mübahisə cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin icra edilməməsi ilə bağlıdır.
26. MM-nin 386.1-ci maddəsindən də, göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
27. Mülki Məcəllənin 567-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilədə ayrı qayda nəzərdə tutulmadığı halda, bağlandığı andan yaranır. Bir qayda olaraq alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
28. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə S72/23 nömrəli təchizat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehə mal satmağı, cavabdeh isə malı qəbul etməyi və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür.
29. İddiaçının malların təhvil verilməsinə dair müqavilə üzrə götürdüyü öhdəliyini lazımınca icra etməsi iş materiallarına əlavə edilmiş qaimə-fakturalar, müştəri sifarişi adlı sənədlər əsasında araşdırılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qarşılıqlı üzləşmə aktından görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixdə 513,13 manat, xx.xx.2023-cü il tarixdə 708,66 manat, xx.xx.2023-cü il tarixdə 456,96 manat, xx.xx.2023-cü il tarixdə 266,72 manat, xx.xx.2023-cü il tarixdə 141,6 manat, xx.xx.2023-cü il tarixdə 516,3 manat, xx.xx.2023-cü il tarixdə 1041,12 manat və xx.xx.2023-cü il tarixdə 668,88 manat olmaqla ümumilikdə 4703,13 manat məbləğində mal verilmiş, bundan 1439,68 manatı ödənilmiş, sonda 3263,45 manat ödənilməmiş borcu qalmışdır.
30. Məhkəmə iclasında iştirak edən cavabdeh xx.xx.2023-cü il tarixli 1041,12 manat məbləğində qaimə-fakturanı və xx.xx.2023-cü il tarixli 516,3 manat dəyərində olan müştəri sifarişi adlı sənədi mübahisələndirmiş, qalan aktları qəbul etdiyini və malların ona təhvil verildiyini etiraf etmişdir.
31. xx.xx.2023-cü il tarixli 1041,12 manat məbləğində qaimə-fakturaya münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən, Malların Alıcıya faktiki təhvil verildiyi və mallar üçün əlavə hesab-fakturaların imzalandığı andan çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur. Lakin cavabdeh öz izahatında xx.xx.2023-cü il tarixli qaimə-fakturanın onun tərəfindən imzalanmadığını və həmin məbləğdə malların ona təhvil verilmədiyini bildirmişdir. İddiaçı isə cavabdehin dəlillərini təkzib edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qaiməfakturanın mövcud olması özlüyündə 1041,12 manat məbləğində malların cavabdehə təhvil verilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz.
32. xx.xx.2023-cü il tarixli 516,3 manat dəyərində olan müştəri sifarişi adlı sənədə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh öz izahatında həmin müştəri sifarişi adlı sənəd üzrə malların ona təhvil verildiyini təsdiq etmiş, lakin məbləği qəbul etməyərək 516,3 manat məbləğində yox, yalnız 145 manat məbləğində malların ona təhvil verildiyini bildirmişdir. Lakin bu faktı təsdiq edəcək sübutlarını cavabdeh məhkəməyə təqdim etməmişdir.
33. Cavabdeh tərəfindən cəmi 763 manat ödənişin həyata keçirilməsi, xx.xx.2023-cü il tarixdə 676,68 manat dəyərində malların geri qaytarılması faktı iş materiallarına əlavə edilmiş kassa mədaxil orderlərindən və satış üçün təqdim olunan malların geri qaytarılmasına dair aktdan öz əksini tapmışdır. Habelə, iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak edərək öz izahatlarında bu faktı təsdiq etmişlər.
34. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə olan borcu 3263,45 manat əsas, 326,35 manat dəbbə pulu olmaqla, ümumilikdə 3589,8 manat təşkil edir.
35. Beləliklə, iddiaçı razılaşdırılmış növdə spirtli içki məhsullarını cavabdehə təhvil verməklə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmişdir. Cavabdeh isə müqaviləyə əsasən malları təhvil almağa dair hüququndan istifadə etmiş, mallara görə müəyyən ödənişlər həyata keçirmiş, lakin müqavilənin 4.1-ci bəndinə əsasən, malalrın satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində, lakin ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamaqla onun dəyərini tam ödəməklə bağlı öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı satılmış malların dəyərinin ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.
36. Lakin məhkəmə iddiaçı tərəfindən tələb olunan əsas borcun məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı 1041,12 manat məbləğində malların cavabdehə təhvil verilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etmədiyindən, həmin məbləğ çıxılaraq 2222,3 manat (3263,45 - 1041,12 = 2222,33 manat) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
37. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
38. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.
39. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 110 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.
40. Məhkəmə hesab edir ki, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli, S72/23 saylı alqı-satqı müqaviləsi əsasında 2222,3 manat əsas, 110 manat dəbbə pulu və ödənilən dövlət rüsumunun 36 manat hissəsi Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 22 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı