Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8772/2024 26.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta ödənişinin tutulması barədə ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, sığorta ödənişi sığorta şəhadətnaməsində 62 sentner/hektar məhsuldarlıq miqdarına münasibətdə hesablanması və 62 sentner/hektara görə ümumilikdə 53000 manat sığorta ödənişinin və 249 manat dövlət rüsumunun cavabdeh Aqrar Sığorta Fondundan tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı 2023 - 2024-cü təsərrüfat ilində 30 ha özümə məxsus əkin sahəsində Avstriya toxumçuluq Şirkətinin rəsmi distribütoru olan "xxxx" MMC ilə bağlanmış 2023-cü il 13 noyabr tarixli ASE 034/23 nömrəli alqı-satqı müqaviləsi əsasında bir kq-ı bir manatdan 4 600 kq 1-ci reproduksiyalı, 6 cərgəli (yerli arpa sortları 2 cərgəlidir), quraqlığa davamlı Avstriya istehsalı olan “Finalo” arpa toxumu ilə yüksək aqrotexniki qaydada səpin aparmış, səpinlə birlikdə hər hektara 200 kq hesabı ilə mürəkkəb gübrə olan Ammofos gübrəsi vermişdir. Səpindən sonra əkin sahəsində normal cücərtilər alınmışdır. Mart ayında bitkilərdə məhsuldar gövdələrin sayını artırmaq, böyümə və inkişafı sürətləndirmək üçün hər hektar sahəyə 200 kq ammonium – nitrat gübrəsi vermişdir, alaq otlarına qarşı mübarizə məqsədilə “Balexina” herbisidilə çiləmə aparmış, mart ayının 18-də NPK (13-40-13) mikro gübrəli məhlulla 1-ci kökdənkənar yemləmə, aprel ayının 5-də NPK (20-20-20) mikro gübrəli məhlulla 2-ci kökdənkənar yemləmə aparmışdır. Beləliklə, aparılmış kompleks aqrotexniki tədbirlər nəticəsində son dərəcə yüksək məhsul yetişdirilmişdir. Sortun dəmyə əkin sahələrində yüksək nəticə verməsini nəzərə alaraq Aqrar Xidmətlər Agentliyi tərəfindən 30 ha arpa sahəsi toxumluq sahə kimi qeydə alınmış, ətraf rayonların fermerlərinin iştirakı ilə mum yetişkənliyi fazasında nümayiş təlim keçirilmişdir. Təlimdə mütəxəssislər tərəfindən aparılmış aprobasiya nəticəsində sahənin hər hektarında ən azı 60-65 sentner toxumluq arpa məhsulu götürüləcəyimüəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.10.1ci bəndinin tələbinə görə sığorta müqaviləsi sığortalının müraciəti əsasında Aqrar Sığorta İnformasiya Sistemi vasitəsilə sığortalı ilə Fondun adından idarəedici qurum olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılır. xx.xx.2024-cü il tarixdə mənlə Fond arasında sığorta müqaviləsi bağlanarkən Fondun əməkdaşlarının səhlənkarlığı ucbatından sığorta müqaviləsi üzrə sort iki cərgəli yerli arpa sort olan “ Qarabağ-22” kimi qeyd olunub və sığorta məbləğinin hesablanmasında başlıca göstəricilər iki cərgəli “Qarabağ-22” arpa sortunun parametirlərinə uyğun hesablanıb. Təminat müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan BS – ********** – AS nömrəli sığorta şəhadətnaməsi üzrə əkin sahəm 30 hektar, sortun adı “Qarabağ-22”,bir hektar üzrə məhsuldarlıq 20 sentner, bir sentner məhsulun satınalma qiyməti 30 AZN, bir hektar sahənin sığorta dəyəri 600 AZN, ümumi sahə üzrə sığorta məbləği 18000, tərəfimdən ödənilməli olan sığorta haqqı isə 340,2 AZN olaraq müəyyən edilib. Qaydaların 1.10.3-cü yarımbəndinin tələbinə görə sığorta müqaviləsi bu Qaydaların 1.10.2-ci yarımbəndinin 2-ci abzasında nəzərdə tutulmuş qaydada bağlanıldıqda sığorta şəhadətnaməsinin verilməsi sığorta müqaviləsinin bağlanılması faktını təsdiq edir. Təəssüf ki, Qaydaların yuxarıda qeyd edilən tələbi də səhlənkarlıq ucbatından düzgün icra olunmamış, sığorta şəhadətnaməsi müştəri kimi, ümumiyyətlə, əkinçilik münasibətlərində iddiaçı ilə heç bir bağlantısı olmayan və heç bir məsuliyyət daşımayan 055 *** ** ** nömrəli mobil telefonunun sahibinə SMS bildiriş şəklində göndərilmişdir. Nəticədə, elektron formada hazırlanmış şəhadətnamə iddiaçının mobil telefonuna ( 050 *** ** ** ) SMS bildiriş şəklində göndərilmədiyindən o, müqavilə şərtləri ilə tanış ola bilməmişdir, bu halada müqavilə hüquqi mahiyyət daşımır. Yuxarıda qeyd olunduğu kimi, “Qarabağ-22” arpa sortu ikicərgəlidir, bir sünbülündə dən sayı 24-26 ədəd, bir sünbüldə dənin çəkisi 0,8-1 qramdır. Toxumluq məhsul kimi kiloqramını 1 manata aldığı “Finola” sortu isə 6 cərgəlidir, yəni yerliarpa sortlarında 3 dəfə çox cərgəyə sahibdir, müvafiq olaraq bir sünbüldə dən sayı 72-78 ədəd, bir sünbüldə dənin çəkisi 2,4- 3 qramdır. Sortun potensial məhsuldarlığı 75 sentnerdir. Bu qədər fərqli kəmiyyət göstəricilərinə sahib arpa sortunun məhsuldarlığını 20 sentnerlə məhdudlaşdırmaq yolverilməzdir. Təəssüf ki, müqavilənin hüquqi qüvvədə olduğu dövrlərdə müqavilə üzrə müvafiq dəyişikliklərin edilməsi üçün dəfələrlə edilən rəsmi və yaxud qeyri-rəsmi müraciətlərə lazımi diqqət yetirilməmişdir. May ayının sonlarında bitkinin mum yetişkənliyi fazasında 30 hektar payızlıq arpa sahəyə dolu sığorta hadisəsi zamanı yaranmış zərərin qiymətləndirilməsi üçün Qaydaların 1.19.1 –ci bəndinin tələbinə uyğun olaraq idarəedici qurum tərəfindən müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən 30 ha arpa sahəsində aparılmış ekspertiza üzrə tərtib edilmiş rəydə sortun 6 cərgəli “Finalo” arpa sortu olduğu və faktiki məhsuldarlığın 62 sentner/hektar olduğu öz təsdiqini tapmışdır. Beləliklə, dolu sığorta hadisəsi nəticəsində 30 ha arpa sahəyə dəymiş zərərə görə iddiaçının alacağı sığorta ödənişinin məbləği Fondun əməkdaşlarının səhlənkarlığı ucbatından “Finola” sortu üzrə 62 sentner/hektara münasibətdə yox, “Qarabağ-22” sortu üzrə 20 sentner/hektara münasibətdə hesablanacaq və o 62 sentner/hektara münasibətdə ala biləcəyi sığorta ödənişindən məhrum olmuş olacaqdır. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qadasında baxılmalı olmadığından ərizənin icraata qəbul olunmasından imtina edilməlidir. Çünki cavabdeh Aqrar Sığorta Fondu qeyri-kommersiya hüquqi şəxsdir, nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir və onun inzibati orqan kimi sığorta ödənişlərinin verilməsi, dəyişdirilməsi, imtina edilməsi ilə bağlı inzibati akt qəbul etmək səlahiyyəti vardır. İddiaçı, sığorta ödənişinin sığorta şəhadətnaməsində 62 sentner/hektar məhsuldarlıq miqdarına münasibətdə hesablanması və 53000 manat sığorta ödənişinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, iddiaçıya sığorta ödənişinin hesablanmasının dəyişdirilməsinin və əsas sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində yazılı müraciət edilməməsi ilə bağlı sığorta müqaviləsinə hər hansı dəyişikliyin edilməsinin mümkün olmadığı bildirildikdən sonra sonuncunun hərəkət və ya hərəkətsizliyindən, qərarından iddiaçının inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə şikayət etmək, müvafiq qərarın qəbu edilməsi öhdəliyinin Aqrar Sığorta Fondunun üzərinə qoyulması barədə iddia qaldırmaq hüququ vardır. Beləliklə, iddiaçı “Aqrar sığorta haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunlarına əsasən müvafiq tələblə inzibati məhkəməyə şikayət (inzibati iddia) verərək sığorta ödənişinin hesablanmasının dəyişdirilərək verilməsini tələb etmək hüququna malikdir. Cavabdeh qeyri-kommersiya hüquqi şəxs kimi inzibati akt qəbul etmək səlahiyyətinə malik olan inzibati orqan olmaqla, hazırkı mübahisə onun Nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olmasından irəli gəlmir. xx.xx.2007-ci il tarixli “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının “V” bəndinə görə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 1-5.1-ci bəndlərində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1-ci maddəsinə əsasən aqrar sığorta orqanı Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılır. 8.2-ci maddəsinə əsasən aqrar sığorta orqanı nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin formalaşdırılmasını təmin edir. 17.1-ci maddəsinə əsasən sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. 17.4-ci maddəsinə əsasən sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 72.5-ci maddəsinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Aqrar Sığorta Fondunun Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Aqrar Sığorta Fondu (bundan sonra – Fond) “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 8.2-ci maddəsinə uyğun olaraq “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 avqust tarixli 809 nömrəli Fərmanı (bundan sonra – Fərman) ilə Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir. Həmin Nizamnamənin 1.4-cü maddəsinə əsasən Fond bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Həmin Nizamnamənin 2.1-ci bəndinə əsasən Fond bu Nizamnamə ilə müəyyən edilmiş qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını, dayanıqlılığını və fasiləsiz fəaliyyətini, idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək, habelə idarəedici qurum ləğv edildikdə, yenisinin formalaşdırılmasını təmin etmək məqsədilə yaradılmışdır. Fond bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərini həyata keçirərkən, qabaqcıl beynəlxalq təcrübə və standartları əsas götürür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.1 və 2.2.2-ci maddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya cavabdehin hərəkət və ya hərəkətsizliyindən, qərarından müvafiq inzibati məhkəməyə şikayət (inzibati iddia) vermək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 268-269-cu maddələrini rəhbər tutaraq, qərar verdim: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı sığorta ödənişinin tutulması barədə iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən (“elektron kabinet”lərinə yerləşdirildikdən) sonra 10 gün müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-8772/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8772/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver