Məhkəmə qərarları › İş №e-2-2(113)-8782/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8782/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8782/2025 10.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, prosessual maraq, əşya üçün qabaqcadan ödənilmiş məbləğin qaytarılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 369 050 manat əsas məbləğ, 21000 manat ƏDV məbləği və ödənilmiş 680,05 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında “PVC” alışı üzrə bağlanmış xx.xx.2022-ci il tarixli 02 2022 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən mal alınması (“PVC” alışı) məqsədilə cavabdehə xx.xx.2002-ci il tarixində 21000 manat, xx.xx.2022-ci il tarixində 88000 manat, xx.xx.2022-ci il tarixində 98000 manat, xx.xx.2022-ci il tarixində 30000 manat, xx.xx.2022ci il tarixində 58800 manat, xx.xx.2022-ci il tarixində 86250 manat məbləğində pul və 72000 manat ƏDV ödənilmiş, lakin mal göndərilməmişdir. Ödənilən puldan xx.xx.2022-ci il tarixində 13000 manat, ƏDV ödənişindən isə 51000 manat geri qaytarılmışdır. Bununla da xx.xx.2022-ci il tarixli müqavilə 369 050 manat əsas və ƏDV üzrə yaranmış 21 000 manat borcu qalmışdır. 2.2. Bununla bağlı cavabdehə iddiaçı tərəfindən elektron məhkəmə portalı və onlayn kargüzarlıq vasitəsilə xəbərdarlıq məktubu, müraciət və pretenziya məktubu göndərilmiş və 3 gün müddətində müqavilə öhdəliklərinin icra olunması tələb edilmişdir. Lakin bu günə kimi cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə və işin hallarına əsasən cavabdeh tərəfindən iddiaçının xeyrinə ödənilməmiş 369 050 manat əsas və ƏDV üzrə yaranmış 21 000 manat, cəmi 390 050 manat borcun, habelə 680,05 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmalıdır.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1, 386.2, 442-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclaslarında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda göstərdi ki, iddiaçı cəzaçəkmə müəssisəsində olduğundan bütün sübutların təqdim edilməsi mümkün olmamışdır.

6. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə xx.xx.2026-cı il tarixdə məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı əməliyyatları həyata keçirilsə də, Qanuni nümayəndə formal olaraq hüquqi şəxsin direktoru olduğundan proseslərdən xəbərdar olmamışdır.

7. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı münasibətləri formalaşmış, iddiaçı tərəfindən “02/2022 saylı xx.xx.2022 tarixli müqaviləyə əsasən pvc alışı üçün avans ödənişi” təyinatı ilə xx.xx.2022ci il tarixdə 21000 manat, 88000 manat, xx.xx.2022-ci il tarixdə 98000 manat, xx.xx.2022ci il tarixdə 30000 manat, xx.xx.2022-ci il tarixdə 58800 manat, xx.xx.2022-ci il tarixdə 86250 manat olmaqla cəmi 382 050 manat cavabdehə ödəniş edilmişdir. Cavabdeh tərəfindən “02/2022 saylı xx.xx.2022 tarixli müqaviləyə əsasən səhvən çox ödənilmiş avans məbləğin qaytarılması” təyinatı ilə 13000 manat məbləğində pul iddiaçıya qaytarılmışdır. Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-Q-36xx-xx/2025 nömrəli məktubuna əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək aparılan qarşılıqlı əməliyyatlara əsasən iddiaçının ƏDV depozit hesabına cavabdeh tərəfindən 50980,42 manat mədaxil, 77085 manat məxaric olmuşdur.

12. İddiaçı alqı-satqı müqaviləsi üzrə əşya üçün qabaqcadan ödənilmiş 21000 manat ƏDV, 369050 manat (382 050-13000) əsas məbləğ daxil cəmi 390 050 manatın qaytarılmasını tələb edir.

13. Cavabdeh tərəf alqı-satqı əməliyyatlarının aparıldığı, lakin direktorunun hər hansı məlumata malik olmadığını bildirir.

14. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

15. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

17. Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir.

18. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

19. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi olub, iddiaçının qabaqcadan ödənilmiş məbləğin qaytarılmasını tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 599.3-cü maddəsi təşkil edir.

20. Belə ki, Mülki Məcəllənin 599.3-cü maddəsinə görə, qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

21. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn, əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququnu realizə edir. Bu mənada göstərilməlidir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh alqı-satqı müqaviləsi üzrə öhdəliyini icra etdiyini – razılaşdırılan malları verdiyini sübut edə bilməmişdir.

22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

23. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

26. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə dəyəri ödənilmiş əşyanın verilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (satıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

27. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 390 050 manat borc Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

28. İddiaçı ödənilmiş 680,05 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

29. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********53 nömrəli mədaxil qəbzi ilə 681 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

30. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

31. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri, iddianın təmin edildiyini və iddianın qiymətinə uyğun dövlət rüsumunun məbləğini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 680,05 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehndən 21000 manat ƏDV daxil olmaqla 390050 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 680,05 manat Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar