Məhkəmə qərarları › İş №e-2-2(113)-8788/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8788/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8788/2025 14.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh3 və Cavabdeh4 qarşı (bundan sonra – cavabdehlər) “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli KTA-KTT-24/14163 № li, “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə əsasən xx.xx.2025-ci il tarixədək yaranmış 2904,32 (iki min doqquz yüz dörd manat 32 qəpik) manat gecikdirilmiş əsas borc, 366,01 (üç yüz altmış altı manat 01 qəpik) manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 3270,33 (üç min iki yüz yetmiş manat 33 qəpik ) manat borc məbləğinin, xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15920 № li nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə əsasən xx.xx.2025-ci il tarixə qədər 6,552.07 (altı min beş yüz əlli iki manat 07 qəpik) AZN manat gecikdirilmiş əsas borc, 896.97 (səkkiz yüz doxsan altı manat 97 qəpik) manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 7449,04 (yeddi min dörd yüz qırx doqquz manat 04 qəpik ) manat borc məbləğinin, və xx.xx.2024-cü il tarixli KTA-KTT- 24/15923 № li nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə əsasən xx.xx.2025-ci il tarixə qədər 228.48 (iki yüz iyirmi səkkiz manat 48 qəpik) AZN manat gecikdirilmiş əsas borc, 30.57 (otuz manat 57 qəpik) manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 259,05 (iki yüz doxsan beş manat 05 qəpik ), yekunda 10980 (on min doqquz yüz səksən) və 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli KTA-KTT-24/14163 № li, xx.xx.2024- cü il tarixli KTA-KTT-24/15920 və xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15923 nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə xitam verilməsi və 1 ədəd Lovol TD 904 (3-cü nəsil) markalı traktor, 1 ədəd New Holland TD5.110 CAB markalı traktor və 1 ədəd ŞAKALAK SK SSP4/14 markalı kotanın saz və işlək vəziyyətdə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2024-cü il tarixli KTA-KTT-24/14163 № li, xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15920 nömrəli və xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15923 nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” bağlanmış və bu müqaviləyə əsasən 1 ədəd Lovol TD 904 (3-cü nəsil) markalı traktor, 1 ədəd New Holland TD5.110 CAB markalı traktor və 1 ədəd ŞAKALAK SK SSP4/14 markalı kotan cavabdehə 60 ay müddətinə lizinqə verilmişdir. Qeyd olunan avadanlıqlar lizinq obyektinin təhvil-təslim aktı əsasında cavabdehə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli KTA-KTT-24/14163 № li Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 50008.18 manat təşkil etmişdir. Həmin məbləğin 18224,60 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 38769,25 manat məbləğində ilkin ödəniş Cəmiyyətimizə ödənilmişdir. xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15920 № li Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 98160 manat təşkil etmişdir. Həmin məbləğin 33474,36 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 19632 manat məbləğində ilkin ödəniş Cəmiyyətimizə ödənilmişdir. xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15923 № li Müqaviləyə əsasən lizinq obyektinin ümumi qiyməti 4199.00 manat təşkil etmişdir. Həmin məbləğin 1645,60 manat hissəsi “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən güzəşt kimi dövlət tərəfindən qarşılanmışdır. Müqavilənin 2-ci bəndinin şərtlərinə əsasən, cavabdeh tərəfindən 839,80 manat məbləğində ilkin ödəniş Cəmiyyətimizə ödənilmişdir. Eyni zamanda, Cavabdeh3 müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu lizinq ödənişlərinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Lizinq müqaviləsinin predmetini təşkil edən avadanlıq cavabdehə təhvil verildikdən sonra, onun tərəfindən ödəniş qrafiki üzrə ödənişlər vaxtında həyata keçirilməmişdir və nəticədə xx.xx.2025-ci il tarixinə xx.xx.2024-cü il tarixli KTA-KTT-24/14163 № li müqavilə üzrə 2904,32 manat gecikdirilmiş əsas borcu, xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15920 № li müqavilə üzrə 6,552.07 manat gecikdirilmiş əsas borcu, xx.xx.2024-cü il tarixli KTA-KTT- 24/15923 № li müqavilə üzrə 228.48 manat gecikdirilmiş əsas borcu yaranmışdır. Qeyd olunan müqavilələrin 11.3-cü bəndinə görə, Lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, Lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1%-i (sıfır tam onda bir faizi) miqdarında cərimə hesablamaq hüququna malikdir. Bu şərtə əsasən, cavabdehin xx.xx.2025-ci il tarixinə qədər xx.xx.2024-cü il tarixli KTA-KTT-24/14163 № li müqavilə üzrə 366,01 manat və xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15920 № li müqavilə üzrə 896.97 manat, xx.xx.2024cü il tarixli KTA-KTT24/15923 № li müqavilə üzrə 30.57 manat cərimə borcu mövcuddur. Göstərilən məbləğlərin ödənilməsi tələbi ilə, tərəfimizdən cavabdehə müxtəlif vaxtlarda pretenziya məktubları göndərilmişdir. Sonuncu pretenziya tələbi isə Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsi vasitəsilə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ilə rəsmi qaydada göndərilsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Beləliklə, Cavabdeh3 İddiaçı ASC qarşısında xx.xx.2024-cü il tarixli KTA-KTT- 24/14163 № li nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə əsasən xx.xx.2025-ci il tarixə qədər 2904,32 (iki min doqquz yüz dörd manat 32 qəpik) manat gecikdirilmiş əsas borc, 366,01 (üç yüz altmış altı manat 01 qəpik) manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 3270,33 (üç min iki yüz yetmiş manat 33 qəpik ) manat öhdəliyi vardır. xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15920 № li nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə əsasən xx.xx.2025-ci il tarixə qədər 6,552.07 (altı min beş yüz əlli iki manat 07 qəpik) AZN manat gecikdirilmiş əsas borc, 896.97 (səkkiz yüz doxsan altı manat 97 qəpik) manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 7449,04 (yeddi min dörd yüz qırx doqquz manat 04 qəpik ) manat öhdəliyi vardır. xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15923 № li nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” nə əsasən xx.xx.2025-ci il tarixə qədər 228.48 (iki yüz iyirmi səkkiz manat 48 qəpik) AZN manat gecikdirilmiş əsas borc, 30.57 (otuz manat 57 qəpik) manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 259,05 (iki yüz doxsan beş manat 05 qəpik ) manat öhdəliyi vardır. xx.xx.2024-cü il tarixli KTA-KTT-24/14163 № li, xx.xx.2024-cü il tarixli KTA-KTT- 24/15920 və xx.xx.2024-cü il tarixli KTA-KTT24/15923 № li müqavilə Lizinq müqaviləsinin təminatı kimi Cavabdeh4 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə AR Mülki Məcəlləsinin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır.

3. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15920 № li nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə qədər 6,552.07 (altı min beş yüz əlli iki manat 07 qəpik) AZN manat gecikdirilmiş əsas borc, 896.97 (səkkiz yüz doxsan altı manat 97 qəpik) manat gecikdirilmiş günlərə görə cərimə borc, ümumilikdə, 7449,04 (yeddi min dörd yüz qırx doqquz manat 04 qəpik ) manat borc məbləğinin və 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15920 nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi V.Atalızadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırda iddiaçı xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15920 nömrəli müqavilənin ləğv edilməsini və həmin müqavilə üzrə xx.xx.2025-ci il tarixə qədər yaranmış olan 6552,07 manat gecikdirilmiş əsas borc, 896,97 manat gecikdirilmiş günlərə görə cərimə borcu, ümumilikdə 7449,04 manat borc məbləğinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə də məlumat verməmişdir.

6. Sonuncu məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, KTA-KTT- 24/15920 nömrəli Aqrar Kredit və X2 ilə verilən Subsidiya tətbiq edilən X3 müqaviləsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikalarını və aqreqatlarını öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadə verməyi, lizinq alan isə lizinq obyektini bu lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən lizinq müqaviləsi üzrə bütün ödənişlər və bu müqavilənin bağlanması ilə bağlı yaranmış ödənişlər (sığorta haqqı, komissiya, qeydiyyat xərcləri və s.) Əlavə №2-də göstərilən cədvəl üzrə həyata keçirilir.

10. Müqavilənin 3.2-ci bəndinə əsasən lizinqin müddəti 60 aydır.

11. Müqavilənin 11.3-cü bəndinə əsasən lizinq alan bu müqavilə üzrə aylıq ödənişlərini vaxtında və tam həcmdə yerinə yetirmədiyi təqdirdə, lizinq verən hər gecikdirilmiş günə görə gecikdirilmiş məbləğin 0,1 faizi miqdarında cərimə hesablamaq hüququna malikdir.

12. Müqavilənin 17.2-ci bəndinə əsasən müqavilənin icra yeri lizinq verənin yerləşdiyi ünvan hesab olunur.

13. Müqavilənin 1 saylı Əlavəsində lizinq obyektinin adı, markası və xüsusiyyətləri göstərilmişdir.

14. Müqavilənin 2 saylı Əlavəsində lizinq ödənişlərinin vaxtı, məbləği razılaşdırılmışdır. Müqavilə üzrə son ödəniş tarixi xx.xx.2029-cu il müəyyənləşdirilmişdir.

15. xx.xx.2024-cü il tarixli, KTA-KTT-24/15920 nömrəli müqaviləyə 2 nömrəli Əlavədə lizinq müqaviləsi üzrə ödənişlərin günləri, aylıq standart ödənişlər və müvafiq olaraq borc qalıqları öz əksini tapmışdır.

16. İddiaçı ilə Cavabdeh4 (zamin) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, KTA- KTT-24/15920-Z nömrəli zaminlik müqaviləsinə əsasən İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, KTA-KTT-24/15920 nömrəli X3 müqaviləsi üzrə lizinq verən qarşısında öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirilənədək zamin lizinq alanla birgə məsuliyyət daşımağını öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə lizinq alan öhdəliklərini icra etmədiyi və lazımınca icra etmədiyi təqdirdə zamin lizinq verənin ilkin yazılı tələbi ilə lizinq məbləğini (lizinq borcu), ona hesablanmış faiz və cərimələrlə birlikdə, dərhal lizinq verənə ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür.

17. Tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli Cəlilabad filial anbarından satılan texnikanın təhvil-təslim aktına əsasən lizinq obyekti olan şassi kodu HFD207377 olan, New Holland markalı, TD5.110 modelli, mühərrik nömrəsi 614309 olan traktor Cavabdeh3 təhvil verilmişdir.

18. İddiaçı tərəfindən verilmiş 22 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, KTA-KTT- 24/15920 nömrəli müqaviləyə əsasən cavabdehin xx.xx.2025-ci il tarixə olan gecikdirilmiş əsas borcu 6552,07 manat, cərimə borcu isə 896,97 manat olmaqla, ümumilikdə borcu 7449,04 manat təşkil edir.

19. İddiaçı tərəfindən verilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, KTA-KTT-24/15920 nömrəli müqavilə üzrə son ödəniş xx.xx.2024cü il tarixində edilmişdir.

20. İddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərilərək, öhdəliyin icra olunması tələb olunmuş, qeyd olunan tələbin icra olunmadığı təqdirdə, İddiaçı ASC ilə bağladığı xx.xx.2024-cü il tarixli KTA-KTT-24/14163 № li, xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15920 nömrəli və xx.xx.2024-cü il tarixli KTA-KTT- 24/15923 nömrəli № li nömrəli lizinq müqaviləsi ləğv ediləcəyi, eləcə də həmin müqavilə üzrə yaranmış borcun, borcun alınması üçün çəkiləcək əlavə xərclərin məcburi qaydada alınmasına dair qanunvericlikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi və qeyd edilən tələblərlə əlaqədar aidiyyatı üzrə məhkəməyə və müvafiq icra qurumuna müraciət olunacağı bildirilmişdir.

21. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Cəlilabad filial anbarına qaytarılan texnikanın təhvil-təslim aktına əsasən lizinq obyekti olan şassi kodu HFD207377 olan, New Holland markalı, TD5.110 modelli, mühərrik nömrəsi 614309 olan traktor cavabdeh tərəfindən iddiaçıya həmin tarixdə geri təhvil verilmişdir.

22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15920 nömrəli lizinq müqaviləsi imzalanmış, lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixə müqavilə üzrə ödənilməli olan qalıq 6552,07 manat əsas borc hazırkı günədək ödənilməmişdir.

23. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

25. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

26. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

27. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

29. 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

30. 748-1.4-cü maddəsinə əsasən lizinq verən müvəqqəti sahibliyə və istifadəyə verilən lizinq obyektinin lizinq müqaviləsi bağlanarkən şərtləşdirilmiş və ya lizinq alana əvvəlcədən məlum olan, yaxud lizinq alanın lizinq obyektini nəzərdə keçirərkən və ya lizinq müqaviləsinin bağlanması zamanı onun sazlığını yoxlayarkən aşkar oluna bilən çatışmazlıqlar üçün məsuliyyət daşımır.

31. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

32. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15920 nömrəli lizinq müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 6552,07 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən (əsas borclu və zamin) tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdehdən 6552,07 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

33. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən hesablanmış 896,97 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

35. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

36. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

37. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehlərdən tutulacaq cərimə 320 manat məbləğində müəyyən edilməlidir.

38. Məhkəmə iddia ərizəsinin lizinq müqaviləsinin ləğv edilməsi hissəsi ilə də razılaşır və belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

40. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

41. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

42. Materiallardan görünür ki, lizinq müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilmədiyi üçün iddiaçı xx.xx.2025-ci il tarixli ona xəbərdarlıq göndərib öhdəliyin icra olunmasını, əks halda müqavilənin birtərəfli qaydada ləğv olunacağını bildirmişdir.

43. Məhkəmə araşdırması zamanı cavabdehin lizinq müqaviləsi üzrə öz öhdəliklərini lazımınca icra etməməsi, lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən hər hansı ödəniş etməməsi müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, xx.xx.2024-cü il tarixli KTA-KTT-24/15920 nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi ləğv edilmiş hesab edilməlidir.

44. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin lizinq müqaviləsinə əsasən üzərlərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 6552,07 manat gecikdirilmiş əsas borc, 320 manat gecikdirilmiş günlərə görə cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tərəflər arasında imzalanmış xx.xx.2024cü il tarixli KTA-KTT-24/15920 nömrəli “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi ləğv edilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehlərdən birgə (müştərək) qaydada tutularaq iddiaçıya ödənilməli, iddia ərizəsi verilərkən ödənilmiş qalan 23 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh3 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, KTA-KTT-24/15920 №li “Aqrar Kredit və X2 ilə verilən subsidiya tətbiq edilən X3 Müqaviləsi” ləğv edilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 birgə (müştərək) qaydada xx.xx.2025-ci il tarixə yaranmış 6552,07 manat əsas borc, 320 manat cərimə borcu, 100 manat dövlət rüsumu, ümumilikdə 6972,07 (altı min doqquz yüz yetmiş iki manat sıfır yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 23 (iyirmi üç) manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar