Məhkəmə qərarları › İş №e-2-2(113)-8797/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8797/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8797/2024 26.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi barədə kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət etmişdir Cavabdeh tərəfindən “AZEMİS” elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ... iddiaçı bizə göndərdiyi pretenziya məktubunda borcun ödənilməsi üçün 3 gün müddət versə də, elə həmin gündə də iddia ərizəsi və ona əlavə olunan sənədləri cavadbehə göndərmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, kiçik iddiaya dair ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu xx.xx.2024-cü il tarixdə göndərilmiş (göndərilmə tarixidir) və sözügedən pretenziya məktubunda borc məbləğinin 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuşdur. Lakin iddiaçı pretenziya məktubunda qeyd etdiyi müddətə riayət etməmiş və iddia ərizəsi və ona əlavə olunmuş sənədləri xx.xx.2024-cü il tarixdə elektron imza ilə imzalayaraq məhkəməyə ünvanlamışdır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, kiçik iddiaya dair ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır, 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar