Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-884/2022 20.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2016-cı il tarixli 239-LD/16 nömrəli müqavilə üzrə 7.741,81 manat gecikdirilmiş əsas borc və 5.783,13 manat cərimə, xx.xx.2018-cı il tarixli 1241-GL/15 nömrəli üzrə 758 manat gecikdirilmiş əsas borc və 54,58 manat cərimə, xx.xx.2018-ci il tarixli 196-LD/18 nömrəli müqavilə üzrə 124.467,95 manat gecikdirilmiş əsas borc və 53.771,43 manat cərimə, xx.xx.2018-cı il tarixli 330-LD/18 nömrəli müqavilə üzrə 322.936,60 manat gecikdirilmiş əsas borc və 124.308,52 manat cərimə, xx.xx.2019cu il tarixli 02-LD/19 nömrəli müqavilə üzrə 299.048 manat gecikdirilmiş əsas borcun və 102.274,42 manat cərimə borcu borcunun, xx.xx.2020-ci il tarixli 561-GL/19 nömrəli müqavilə üzrə 64.387 manat gecikdirilmiş əsas borc və 9.017,83 manat cərimə borcunun hüquqi yardımla bağlı ödənilmiş 350 manat və 400 (dörd yüz) manat ödənilmiş mediasiya xərcinin, cəmi 1.115.299,27 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 239-LD/16 nömrəli, xx.xx.2018-cı il tarixli 1241- GL/15 nömrəli, xx.xx.2018-ci il tarixli 196-LD/18 nömrəli, xx.xx.2018-cı il tarixli 330-LD/18 nömrəli, xx.xx.2019-cu il tarixli 02-LD/19 nömrəli, xx.xx.2020-ci il tarixli 561-GL/19, müqavilələrə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2021-ci il tarixə borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddiaya etiraz edərək, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı tərəf elektron formada ərizə göndərərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsi tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748-1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" ASC ("xxxx" ASC) ilə “X2” MMC arasında xx.xx.2016-cı il tarixli 239-LD/16 nömrəli lizinq müqaviləsi bağlanmış, müqavilə üzrə nəzərdə tutulmuş 247 baş simmental cinsli damazlıq heyvan sonuncuya təhvil verilmişdir. Sonradan təhvil verilmiş heyvanlar barəsində də, damazlıq heyvanların inventarizasiya barədə sənəd tərtib edilmiş və sonuncunun nümayəndəsi tərəfindən imzalanmışdır. xx.xx.2018-cı il tarixli 1241-GL/15 nömrəli lizinq müqaviləsi üzrə nəzərdə tutulmuş 3 ədəd traktordan 1 ədədi “X2” MMC-yə təhvil verilmiş və hesablanmış borc da, ancaq 1 ədəd təhvil verilmiş traktora görə tələb edilir. xx.xx.2018-ci il tarixli 196-LD/18 nömrəli müqavilə üzrə 131 baş inək, xx.xx.2018-cı il tarixli 330-LD/18 nömrəli müqavilə üzrə 371 baş heyvan, xx.xx.2019-cu il tarixli 02-LD/19 nömrəli müqavilə üzrə 387 baş heyvan, xx.xx.2020-ci il tarixli 561-GL/19 nömrəli müqavilə üzrə müxtəlif adda texniklar təhvil-təslim aktları ilə “X2” MMC-yə təhvil verilmişdir. Hazırda cavabdeh tərəf məhkəmə iclasında müqavilələrdə nəzərdə tutulmuş texnika və heyvanların həqiqətən də təhvil verildiyini və təsərrüfat sahəsində olduqlarını, ancaq təhvil verilmiş texnikların bəzilərinin sonradan sıradan çıxdığını, cərimə məbləğinin çox hesablandığını, “X2” MMC-nin digər Bank qarşısında olduğunu bildirmişdir. Həmçinin də, əsas borcun da səhv hesablandığını qeyd etmişdir. Bundan başqa qeyd edilməlidir ki, hazırki iddia tələbi cavabdehin qeyd edilmiş müqavilələr üzrə xx.xx.2021-ci il tarixədək yaranmış borcuna görədir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış lizinq müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun əsas borcu və cərimə məbləğini tələb etmək hüququ yaranmışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş ödəniş cədvəlləri və maliyyə arayışlarının müqayisəli təhlilindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixə xx.xx.2016-cı il tarixli 239-LD/16 nömrəli müqavilə üzrə 7.741,81 manat, xx.xx.2018-cı il tarixli 1241-GL/15 nömrəli müqavilə üzrə 758 manat, xx.xx.2018-ci il tarixli 196-LD/18 nömrəli müqavilə üzrə 124.467,95 manat, xx.xx.2018-cı il tarixli 330-LD/18 nömrəli müqavilə üzrə 322.936,60 manat, xx.xx.2019-cu il tarixli 02-LD/19 nömrəli müqavilə üzrə 299.048 manat, xx.xx.2020-ci il tarixli 561-GL/19 nömrəli müqavilə üzrə 64.387 manat gecikdirilmiş əsas borc mövcuddur və belə olan halda əsas borcun tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş dispozitiv şərtlər mövcud olduğundan iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır. Bundan başqa da, cavabdeh tərəf əsas borcun düzgün hesablanmadığını qeyd etsə də, bu barədə hər hansı bir sənəd, yəni heç olmasa ödəmiş olduqların qəbzləri belə məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehin əsas borcun dügün hesablanmadığına dair dəlili əsassızdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, xx.xx.2021-ci il tarixə xx.xx.2016-cı il tarixli 239- LD/16 nömrəli müqavilə üzrə 7.741,81 manat əsas borcuna münasibətdə 400 manat, xx.xx.2018-cı il tarixli 1241-GL/15 nömrəli müqavilə üzrə 758 manat əsas borcuna münasibətdə 50 manat, xx.xx.2018-ci il tarixli 196-LD/18 nömrəli müqavilə üzrə 124.467,95 manat əsas borcuna münasibətdə 6.500 manat, xx.xx.2018-cı il tarixli 330- LD/18 nömrəli müqavilə üzrə 322.936,60 manat əsas borcuna münasibətdə 6.000 manat, xx.xx.2019-cu il tarixli 02-LD/19 nömrəli müqavilə üzrə 299.048 manat əsas borcuna münasibətdə 7.500 manat, xx.xx.2020-ci il tarixli 561-GL/19 nömrəli müqavilə üzrə 64.387 manat gecikdirilmiş əsas borcuna münasibətdə 3.200 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın 350 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də iddia təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ona hüquqi yardım göstərilməsi üçün Xırdalan Şəhər Vəkil Bürosunun hesabına 350 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə 350 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, cavabdeh tərəf mediasiya sesiyasında iştirak etməmiş və iddiaçı tərəfindən 400 manat məbləğində pul ödənilmişdir. Belə olan halda mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixə xx.xx.2016-cı il tarixli 239-LD/16 nömrəli lizinq müqaviləsi üzrə 7.741,81 manat əsas borc, 400 manat cərimə borcu olmaqla, cəmi 8.141,81 manat, xx.xx.2018-cı il tarixli 1241-GL/15 nömrəli lizinq müqaviləsi üzrə 758 manat, 50 manat cərimə borcu olmaqla cəmi 805 manat, xx.xx.2018-ci il tarixli 196-LD/18 nömrəli lizinq müqavilə üzrə 124.467,95 manat, 6.500 manat cərimə borcu olmaqla cəmi 130.967,95 manat, xx.xx.2018-cı il tarixli 330-LD/18 nömrəli lizinq müqaviləsi üzrə 322.936,60 manat, 6.000 manat cərimə borcu olmaqla cəmi 328.936,60 manat, xx.xx.2019-cu il tarixli 02- LD/19 nömrəli lizinq müqaviləsi üzrə 299.048 manat, 7.500 manat cərimə borcu olmaqla cəmi 306.548 manat, xx.xx.2020-ci il tarixli 561-GL/19 nömrəli lizinq müqaviləsi üzrə 64.387 manat əsas borc, 3.200 manat cərimə borcu olmaq cəmi 67.587 manat, ümumilikdə 842.986 (səkkiz yüz qırx iki min doqquz yüz səksən altı) manat, 36 (otuz altı) qəpik məbləğində pul “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Hüquqi yardıma görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pul “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul “X2” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-884/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-884/2022
20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver