Məhkəmə qərarları › İş №e-2-2(113)-885/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-885/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-885/2020 30.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı “Petro-Hong X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Petro-Hong X1” MMC-dən 45300 manat əsas borcun, 2265 manat faiz borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 47595 manat məbləğində pulun birdəfəlik tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, SOCAR İddiaçı ilə “Petro-Hong X1” MMC arasında xx xxxxxx 2009-cu il tarixli, 023/04- XM/2009 saylı müqavilə bağlanılmışdır. Həmin Müqavilənin 2.1.1-ci bəndinin şərtlərinə görə iddiaçı neftin xüsusi çəkisini, tərkibində suyu, xlor turşularının və mexaniki qarışıqların faizini təyin etməyi, cavabdeh isə müqavilənin 3.1-ci bəndinə əsasən göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh iddiaçıya müqavilə üzrə yaranmış 45300 manat məbləğində borcu ödəməmişdir. Son ödəniş xx.xx.2019-cu il tarixdə edilmiş, bundan sonra ödəmə dayandırılmışdır. Belə ki, cavabdeh iddiaçıya olan borcunu iddiaçı ilə “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə Aktla etiraf etmişdir. Borcun ödənilməsinə dair Cavabdehə xəbərdarlıqlar edilmiş, həmçinin pretenziya məktubu da göndərilmiş, lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymamışdır. Həmçinin tərəflər arasında bağlanılmış müqavilənin 6.2-ci maddəsinə əsasən, cavabdeh yerinə yetirilmiş işlər üçün ödəməni gecikdirdiyi halda hər gecikdirilmiş gün üçün ödənilməmiş məbləğin 0,01%-i məbləğində peniya ödəməlidir. Müqavilənin 6.4cü maddəsinə əsasən, sanksiya tətbiq edildiyi halda cərimənin ümumi məbləği müqavilənin ödənilməmiş və müqavilə üzrə görülməmiş işlərin həcminə və dəyərinə mütanasib olan məbləğin 5.0%-dən çox ola bilməz. Hazırda müqavilənin ödənilməmiş məbləğini 45,300 manat, həmin məbləğin 5%-ni 2,265 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədiyini bildirərək rədd olunmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - xx.xx.2009-cu il tarixli, 023/04-XM/2009 saylı neftin analizinin aparılması xidmətinin göstərililməsinə dair müqaviləyə əsasən “Azneft” İB “Petro-Hong X1” MMC-nin tapşırığı ilə 2.1.1 bənddə göstərilən analizlərin aparılması xidmətini göstəməyi və “Petro- Hong X1” göstərilmiş xidmətin haqqını ödəməyi öhdəsinə götürür. - xx.xx.2009-cu il tarixli 023/04-XM/2009 saylı müqaviləyə 1 saylı əlavədə olan qiymətlərin razılaşdırılmış prokoluna əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə bağlanmış müqaviləyə həyata keçiriləcək analizlərin növləri üzrə qiymətləri 800 manat təşkil edir. - 2019-cu il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən üzləşdirilmə aparılan tarixə xx.xx.2019-cu ilə borc qalığı xidmət neft məhsulları ilə bağlı 45300 manat təşkil etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşdən göründüyü kimi 023/04-XM/2009 saylı neftin analizinin aparılması xidmətinin göstərililməsinə dair müqavilənin 2.1.1-ci bəndinə əsasən cavabdeh cəmiyyətə müqavilədə nəzərdə tutulmuş xidməti göstərmişdir. Həmçinin mövcud müqavilə üzrə yaranmış borcun təsdiqi kimi tərəflər arasında səlahiyyətli şəxslər vasitəsi ilə qarşılıqlı borcların üzləşdirilməsi aktı təsdiq edilmişdir. Bununla belə cavabdeh cəmiyyət isə müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin etmiş olduğu xəbərdarlığa məhəl qoymadan yaranmış borcu tam ödəməkdən hal – hazıra kimi yayınmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia 45300 manat məbləğində pul vəsaitinin tutulması hissəsində təmin olunmalıdır. İddia ərizəsinin nəticəvi hissəsində 2265 manat məbləğində pul vəsaiti faiz borcu kimi tələb olunsa da, təsviri hissədə həmin pul vəsaiti müqavilədə nəzərdə tutulmuş dəbbə pulu kimi göstərilmiş və əsaslandırma da bu istiqamətdə aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 45300 manat əsas borca 2265 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 2265 manat dəbbə pulunun miqdarı azaldılaraq 500 manat miqdarında müəyyən edilməlidir. İddia qismən təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 29 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı “Petro-Hong X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 45300 manat məbləğində əsas borc, 500 manat cərimə olmaqla ümumilikdə 45800 manat məbləğində pul vəsaiti “Petro-Hong X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 29 manat məbləğində pul vəsaiti “Petro-Hong X1” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar