Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8851/2025 02.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6783.10 manat (altı min yeddi yüz səksən üç manat, on qəpik) manat məbləğində borcun və 87.84 manat məbləğində dövlət rüsumunun, cəmi 6870.94 (altı min səkkiz yüz yetmiş manat, doxsan dörd qəpik) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC-nin arasında 31 yanvar 2023-cü il tarixdə, № NAEC-SDF/3101230s2a3ylı alqı-satqı müqavilə bağlanılmışdır. Müqavilənin tələblərinə əsasən Cavabdeh MMC malları qəbul edib və İddiaçı MMC-yə malın dəyərin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilərək xidmətlər icra edilsə də, cavabdeh tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli Elektron Qaimə № 582135 ilə 785.63 (yeddi yüz səksən beş manat altmış üç qəpik) manat məbləğdə elektron qaimə göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli Elektron Qaimə № 833104 ilə 3028.66 (üç min iyirmi səkkiz manat, altmış altı qəpik) manat məbləğdə elektron qaimə göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023cü il tarixli Elektron Qaimə № 317581 ilə 2176.74 (iki min yüz yetmiş altı manat, yetmiş dörd qəpik) manat məbləğdə elektron qaimə göndərilmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli Elektron Qaimə № 942911 ilə 1256 (min iki yüz əlli altı manat) manat məbləğdə elektron qaimə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə 6783.10 manat (altı min yeddi yüz səksən üç manat, on qəpik) manat İddiaçı MMC bir tərəfdən və digər tərəfdən Cavabdeh MMC üzləşmə aktı imzalanmışdır. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Belə ki, sonuncu dəfə 03 oktyabr 2025-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 10 (on) gün ərzində 6783.10 manat (altı min yeddi yüz səksən üç manat, on qəpik) manat məbləğində olan borcun ödənilməsini xahiş etmişik və onlayn kargüzarlıq vasitəsi ilə pretenziya cavabdehə göndərilmişdir. Lakin həmin pretenziya məktubu cavabdehə təqdim edilsə də, heç bir məbləğ ödənilməmişdir.
3. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6783.10 manat (altı min yeddi yüz səksən üç manat, on qəpik) manat məbləğində borcun, 678.31 (altı yüz yetmiş səkkiz manat, otuz bir qəpik) manat faiz borcun, vəkilə çəkilən xərc 350 (üç yüz əlli manat) manat və 87.84 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilən 350 (üç yüz əlli) manat vəkil xərcinin də cavabdehdən tutulmasını məhkəmə qətnaməsi çıxarılarkən nəzərə alınmasını xahiş etmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-8851/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə İddiaçı MMC tərəfindən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ərizə İddiaçı MMC-yə geri qaytarılmışdır. II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili A.Hadıyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verib, iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul olunmasın xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
8. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NAEC-SDF/310123 nömrəli satış müqaviləsinə əsasən, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində (X1) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları (bundan sonra Mallar) istifadə məqsədləri üçün yararlı halda Alıcıya təmin elməyi, Alıcı isə həmin Malları təhvil alıb dəyərini Müqavilədə müəyyən edilmiş məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən Müqavilə üzrə Malların qiyməti Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələri (X1) ilə müəyyən edilir.
12. Müqavilənin 3.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər, satıcı tərəfindən alıcıya göndərilən elektron qaimə-fakturanın tarixindən etibarən 1 (bir) iş günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır. Alıcı elektron qaimənin tərtib edildiyi gün ödəniş edəcəyini öhdəsinə götürür. Eyni zamanda satıcı nisyə mal satmır.
13. Müqavilənin 3.4-cü bəndinə əsasən müqavilə üzrə ödənişin valyutası Azərbaycan manatıdır.
14. Müqavilənin 4.3.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun təchiz olunmuş Malları qəbul elmək və həmin Malların dəyərini Müqavilə ilə müəyyən olunmuş qaydada Satıcıya ödəmək alıcının öhdəliyidir.
15. Müqavilənin 8.2-ci bəndinə əsasən tərəflərin hər hansı biri tərəfindən Müqavilə üzrə öhdəliklərin müəyyən olunmuş müddətlərdə və razılaşdırılmış şərtlərə uyğun olaraq yerinə yetirilməməsinə görə zərərçəkmiş Tərəf, müvafiq pozuntunu törətmiş digər Tərəfdən hər gecikmə günü və ya pozuntunun davam etdiyi hər gün üçün Müqavilənin ayrı-ayrı əlavələri ilə nəzərdə tutulan ümumi məbləğin 0,1 %-i (sıfır tam onda bir faizi) həcmində dəbbə pulu ödənilməsini, müvafiq əlavə(lər) üzrə ümumi məbləğin 10%-dən çox olmamaq şərti ilə tələb edə bilər. Dəbbə pulunun ödənilməsi tələbi üzrə zərərçəkmiş Tərəf ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
16. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDA 553787 nömrəli 1162,54 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDA 942911 nömrəli 1256 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBDA 317581 nömrəli 2176,74 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCO 833104 nömrəli 3028,66 manat məbləğində, xx.xx.2023-cü il tarixli, EBCO 582135 nömrəli 785,63 manat məbləğində elektron qaimələr göndərilmişdir.
17. Tərəflər arasında imzalanmış və hər iki tərəfin möhürləri ilə təsdiq edilmiş qarşılıqlı hesablaşmaların üzləşməsi aktına əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin iddiaçıya olan borcu 6783,10 AZN təşkil edir.
18. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, NAEC-SDF/310123 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
22. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
24. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
25. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
26. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, NAEC-SDF/310123 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 8409,57 manat dəyərində mal təhvil verilsə də, cavabdeh tərəfindən öhdəliklər tam şəkildə yerinə yetirilməmiş, nəticədə müqavilə üzrə alınmış malların dəyərinin qalıq hissəsi - 6783,10 manat vəsait iddiaçıya ödənilməmişdir.
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6783,10 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
28. Bundan başqa iddiaçı iddia ərizəsində hüquqi yardımla bağlı ödənilmiş 350 manat xərcin də cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən hüquqi yardımla bağlı yaranmış xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
29. Materiallarda olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 350 manat vəsait ödənilmişdir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
31. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 87,84 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 6783,10 manat məbləğində pul, 87,84 manat dövlət rüsumu, 350 manat hüquqi yardıma görə xərc, ümumilikdə 7220,94 (yeddi min iki yüz iyirmi manat doxsan dörd qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova