Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(113)-8853/2025 27.02.2026 BAKI KOMMERSIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” şirkətinin cavabdeh cavabdeh1 Mühbəl oğluna qarşı “alğı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, malları göndərmə müqaviləsi, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçı “xxxx” şirkətinin cavabdeh cavabdeh1 Mühbəl oğluna qarşı “alğı-satqı müqaviləsi üzrə borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı “xxxx” şirkəti iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 1046,21 manat əsas borc, 190 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,5 faizi həcmində hesablamaqla 2727,32 manat penya və 76 manat ödənilmiş dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh1, “xxxx” şirkəti ilə bağladığı ***/** saylı, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən, malların verilməsindən 30 gündən gec olmayaraq ödəmək şərti ilə şirkətin istehsal etdiyi məhsullarını götürmüşdür. Cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla ##.##.2025-ci il il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması akt”ları tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək yaxın vaxtlarda ödəməyi öz üzərinə götürsə də, indiyədək 2870,86 manat borc qalığını ödəməmişdir. İddia tələbinin həcminin azaldılması barədə ərizəsində qeyd etmişdir ki, iş məhkəmənin icraatında olduğu vaxtda, cavabdeh iddiaçıya əsas borcun bir hissəsini ödəmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 449.1-ci maddələrinə istinad olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: “xxxx” şirkəti ilə cavabdeh1 Mühbəl oğlu arasında imzalanmış ***/** saylı, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən «Satıcı» bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları «Alıc»ya satmağı, «Alıcı» isə həmin malları almağı və onun dəyərini ödəməyi öz üzərinə götürür. 1.3-cü bəndinə əsasən «Alıcı» və «Satıcı» arasında yaranmış borc qalıqları mütəmadi olaraq tərəflər arasında imzalanaraq bağlanan "Öhdəliklərin qarşılıqlı tanınması aktı" ilə müəyyən edilir. 2.2-ci bəndinə əsasən mallar «Satıcı» tərəfindən «Alıcı»ya və ya «Alıcı»nın nümayəndələrinə təhvil verilir. 3.1-ci bəndinə əsasən malların qiymətləri bu müqaviləyə əlavə edilən və onun ayrılmaz tərkib hissəsi olan "Razılaşma Protokoluna" və ya Qaimə-Fakturaya uyğun olaraq müəyyən edilir. 3.2-ci bəndinə əsasən «Alıcı» ödənişləri malın qəbul edilməsindən sonra 30 (otuz) təqvim günündən gec olmayaraq bank ödənişi və ya nağd ödəniş yolu ilə həyata keçirməlidir. 6.2-ci bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə «Alıcı» gecikdirmənin hər günü üçün icrası gecikdirilən öhdəliyin dəyərinin 0.5%-i həcmində dəbbə pulu ödəyir. Gecikdirmənin müddəti 15 gündən çox olduqda, «Satıcı» öhdəliklərin məcburi qaydada icrası və dəbbə pulunun ödənilməsi üçün məhkəməyə müraciət edə bilər. 8.1-ci bəndinə əsasən müqavilə 5 il müddətinə bağlanılır. Müqavilə müddətinin başa çatmasına ən az 1 ay qalanadək tərəflərdən hər hansı biri müddətin uzadılmayacağı barədə digər tərəfi yazılı xəbərdar etməzsə, müqavilə tərəflər arasında eyni müddətə, eyni şərtlərlə uzadılmış hesab edilir. Hər iki tərəfin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş ##.##.2025-ci il tarixli, **** nömrəli “öhdəliklərin qarşılıqlı tanınması aktı”na əsasən alıcının satıcıya olan borcu 5 127,22 manat təşkil edir. Qeyd 1: Tərəflər razılaşırlar ki, yaranmış borc aktın imzalandığı tarixdən etibarən 1 (bir) aydan gec olmayaraq ödəniləcəkdir. ##.##.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, “xxxx” şirkəti tərəfindən 76 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 630.1-ci maddəsinə əsasən mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir. 631.1-ci maddəsinə əsasən mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunmuş sübutların məcmusu ilə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında ##.##.2023-cü il tarixli, ***/** saylı alqı-satqı (göndərmə) müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malları qəbul etməsinə baxmayaraq, onların dəyərini müqavilədə nəzərdə tutulmuş müddətdə tam şəkildə ödəməmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “öhdəliklərin qarşılıqlı tanınması aktı”ndan görünür ki, cavabdeh iddiaçıya olan borcunu etiraf etmişdir. Həmin akt tərəflər arasında borcun mövcudluğunu və məbləğini təsdiq edən yazılı sübut kimi qiymətləndirilir. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdeh məhkəmə icraatında iştirak etməmiş, iddiaya qarşı etiraz təqdim etməmiş, borcun tam ödənilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən əks sübut təqdim edilmədiyindən iddiaçının təqdim etdiyi sübutlar üstün sübut qüvvəsinə malik hesab edilir. Əksinə, cavabdeh işə baxıldığı müddətdə borcun bir hissəsini ödəmiş, bununla da borcun mövcudluğunu dolayısı ilə təsdiq etmişdir. Buna görə də, iddiaçının cavabdehdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır və həmin tələb əsaslıdır. Qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə üzrə öhdəliklərini tam icra etmədiyini, eləcə də iddiaçının öhdəliyin icrasını tələb etmək hüququnu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə əsaslıdır və 1046,21 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iddiaçı cavabdehdən 2727,32 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etmişdir. Məhkəmə müəyyən edir ki, tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndinə əsasən öhdəliyin gecikdirilməsi halında hər gecikdirilmiş gün üçün borc məbləğinin 0,5 faizi həcmində dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. İşin hallarından cavabdeh tərəfindən ödənişin gecikdirildiyi təsdiq olunduğundan iddiaçının dəbbə pulunu tələb etmək hüququ mövcuddur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən tərəflərin mənafeləri, gecikmənin müddəti, əsas borcun kiçik olması, penyanın borcu bir neçə dəfə üstələməsi və gecikmənin xarakteri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, tələb olunan 2727,32 manat məbləğində dəbbə pulu əsas borcla müqayisədə açıq-aşkar yüksəkdir və tənasübsüzdür. Bu səbəbdən dəbbə pulunun 50 manat məbləğində müəyyən edilməsi ədalətli və mütənasib hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri təmin olunmuş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülür. İddia qismən təmin olunduğundan mütənasib olaraq, ödənilmiş 76 manat dövlət rüsumunun 31 manatının cavabdehdən iddiaçının xeyrinə tutulması məqsədəmüvafiq hesab edilir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh cavabdeh1 Mühbəl oğlundan 1046 (bir min qırx altı) manat 21 (iyirmi bir) qəpik əsas borc, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 1096 (bir min doxsan altı) manat 21 (iyirmi bir) qəpik pul, ödənilmiş 31 (otuz iki) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “xxxx” şirkətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-8853/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8853/2025
27.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver