Məhkəmə qərarları › İş №e-2-2(113)-888/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-888/2022

10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-888/2022 10.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı nin cavabdeh X3 qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.03.2018ci il tarixli 550-GL/18 nömrəli müqavilə üzrə 32526 (otuz iki min beş yüz iyirmi altı) manat gecikdirilmiş əsas borc, 13366,37 manat (on üç min üç yüz altmış altı manat otuz yeddi qəpik) cərimə borcu, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat olmaqla, cəmi 49242,37 manat (qırx doqquz min iki yüz qırx iki manat otuz yeddi qəpik) pul vəsaitinin cavabehdən tutularaq nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ("xxxx" ASC) ilə cavabdeh arasında bağlanılmış 14.03.2018-ci il tarixli 550-GL/18 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 08.07.2021-ci il tarixə 14.03.2018-ci il tarixli 550-GL/18 nömrəli müqavilə üzrə 32526 (otuz iki min beş yüz iyirmi altı manat) manat gecikdirilmiş əsas borc və 13366.37 (on üç min üç yüz altmış altı manat otuz yeddi qəpik) cərimə cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, ödənişlər yerinə yetirilməmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbinin əsas borc və hüquqi yardımla bağlı ödənilmiş hissəsini qəbul edir, lakin cərimə borcunu qəbul etmir. Odur ki, iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: - Lizinq verən qismində "xxxx" ASC ilə Lizinq alan qismində X4 arasında "xxxx" ASCyə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə 14.03.2018-ci il tarixli, 550-GL/18 nömrəli lizinq müqavilə (güzəşt) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Lizinq verən ümumi məbləği 99968 manat olan və Spesifikasiyada (Əlavə 1) göstərilən kənd təsərrüfatı texnikalarını (bundan sonra Texnika) ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan Texnikanın qalıq məbləğini ödəniş qrafikinə (Əlavə N 2) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC tərəfindən verilmiş 30.03.2018-ci il tarixli 1785/ü nömrəli Əmrdə qeyd olunmuşdur ki, 1) "xxxx" ASC ilə X4 arasında bağlanmış: 1.1) 16.02.2018-ci il tarixli, D-181-L/18 və 881ü/16.02.2018; 1.2) 14.11.2017-ci il tarixli, D-1546-L/17 və 5470ü/14.11.2017 və 1.3) 16.02.2018-ci il tarixli 194-L/18 və 882ü/16.02.2018 nömrəli müqavilə(s/lər)inə xitam verilsin və əmr(lər) qüvvədən düşmüş hesab olunsun. 2) "xxxx" ASC ilə X4 arasında bağlanmış 14.03.2018-ci il tarixli, 550-GL/18 nömrəli lizinq müqaviləsinə əsasən aşağıdakı kənd təsərrüfatı texnikası güzəşt tətbiq edildikdən sonra qalıq dəyəri ilə yenidən lizinqə verilsin. - "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 15 noyabr 2017-ci il tarixli 5/720 nömrəli aktda qeyd olunmuşdur ki, 1 adda qeyd edilən (Kotan 5 gövdəli asma (təkərli) AK-5-35) texnikalar "xxxx" ASC-nin 14 noyabr 2017-ci il tarixli 5470/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. - "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 31 oktyabr 2017-ci il tarixli 865 nömrəli aktda qeyd olunmuşdur ki, 3 adda qeyd edilən (Kotan 5 gövdəli P5, Traktor Massey-Ferquson-4270 və Traktor Lombarghini-1106) texnikalar "xxxx" ASC-nin 26 oktyabr 2017-ci il tarixli 5198/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. - "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 31 oktyabr 2017-ci il tarixli 5/672 nömrəli aktda qeyd olunmuşdur ki, 1 adda qeyd edilən (Çöp doğrayan-240 sm) texnikalar "xxxx" ASC-nin 26 oktyabr 2017-ci il tarixli 5198/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. - "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 14 fevral 2018-ci il tarixli 46 nömrəli aktda qeyd olunmuşdur ki, 1 adda qeyd edilən (Traktor təkərli Class Axion 820) texnikalar "xxxx" ASC-nin 13.02.2018-ci il tarixli 804/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. - "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə 19 fevral 2018-ci il tarixli 5/127 nömrəli aktda qeyd olunmuşdur ki, 1 adda qeyd edilən (Kartofbasdıran 4 cərgəli) texnikalar "xxxx" ASC-nin 16.02.2018-ci il tarixli 882/ü saylı əmri əsasında saz, nizamlanmış və komplekt halda Bazadan lizınq alana təhvil verildi. - 08.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, lizinq alan X2 14.03.2018-ci il tarixli, 550-GL/18 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 32526 manat, hesablanmış cəriməyə görə 13366,37 manat olmaqla, ümumilikdə 45892,37 manat məbləğində borcu vardır. Eləcə də, izinq alan X2 qrafik üzrə ödənişləri 15985 manat təşkil edir. - Azərbaycan Respublikası Prezidentinin 17.08.2020-ci il tarixli 1137 nömrəli Fərmanında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit ve İnkişaf Agentliyinə keçir. - "xxxx" ASC tərəfindən verilmiş 000İPX1213612C98 nömrəli, 27.12.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən Xırdalan şəhər Vəkil Bürosunun AZ46AİİB******************** nömrəli hesabına 350 manat məbləğində ödəniş edilmişdir. - tərəfindən X3 ünvanlanmış pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək əsas borcun və cərimənin ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı əsas borc və cərimə borcunun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq va öhdəlikləri nə keçmişdir. İddia tələbinin bir hissəsini 14.03.2018-ci il tarixli, 550-GL/18 nömrəli müqavilə üzrə 32526 manat gecikdirilmiş borcun cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. maddəsi bəzi istisnalarla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanlımalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 747.1-ci maddəsində göstərilən lizinq müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülkin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdeh X2 lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi iş materialları ilə də öz təsdiqini tapdığından, iddia tələbi 32526 manat əsas borcun ödənilməsi hissəsində tam təmin edilməlidir. İddia tələbinin digər hissəsini cavabdehdən iddiaçının xeyrinə hesablanmış 13366,37 manat cərimə borcunun tutulması təşkil edir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafıkinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, hər iki müqavilə üzrə tutulması tələb olunan dəbbə pulu azaldılaraq ümumilikdə 2000 manat məbləğində müəyyən edilməlidir. İddiaçı vəkilə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, göstərilmiş hüquqi yardıma görə cavabdehdən 350 (üç yüz əlli) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 14.03.2018-ci il tarixli 550-GL/18 nömrəli müqavilə üzrə 32526 (otuz iki min beş yüz iyirmi altı) manat əsas borc, 2000 (iki min) manat cərimə və 350 (üç yüz əlli) manat hüquqi yardım xərci olmaqla, cəmi 34876 (otuz dörd min səkkiz yüz yetmiş altı) manat məbləğində pul nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar