Məhkəmə qərarları › İş №e-2-2(113)-889/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-889/2023

30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-889/2023 30.03.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən ödənilməmiş 64766 manat məbləğində əsas borcun və ödənilmiş 420 manat məbləğdə dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən ödənilməmiş 67466 manat məbləğində əsas borcun və ödənilmiş 420 manat məbləğdə dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməmiş 64766 manat məbləğində əsas borcun və ödənilmiş 420 manat məbləğdə dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 81B saylı 11 yanvar 2022-ci il tarixli sement məhsullarının alqı-satqı müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı sement məhsullarını razılaşdırılmış vaxtda cavabdehə satmağı öhdəsinə götürmüşdür. Cavabdeh isə aldığı məhsulun dəyərini iddiaçıya vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh aldığı məhsulun dəyərini ödəməmişdir. Belə ki, cavabdehin hal-hazıradək iddiaçıya ödənilməmiş 64766 manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 əvvəl keçirilmiş məhkəmə iclasında iddianı qismən etiraf edərək, izahatında bildirdi ki, yük nəqliyyat qaimələrini iddiaçının cavabdehlə üzləşdirilməsini istəyir. Çünki, hesab edir ki, cavabdehin 67000 manat borcu yoxdur. Bu məbləği aydınlaşdırmaq lazımdır. İddia tələbi üzrə 2022-ci ilin yanvar ayından bu tərəfə olan borc tələb olunur. İddiaçı təqdim etdiyi qaimələrdən yalnız 5 nəqliyyat qaiməsi 2022-ci ilə aiddir. Digər təqdim olunan nəqliyyat qaimələri isə 2022-ci ildən əvvəlki illərə məxsusdur. İddiaçının təqdim etdiyi qaimələrdə ziddiyyətli məqamlar var. Bütün bunlar araşdırılmalıdır. Elektron qaimələrin tarixlərinə nəzər yetirdikdə görünür ki, 14 ədəd elektron qaimə 2021-ci ilə məxsusdur. 2022-ci ildə isə 32694 manat borc müəyyən olunur, 5884 manat da ƏDV qeyd olunmuşdur. İddiaçıya təklif edir ki, bütün bu sənədlər aydınlaşdırılsın və borcun məbləği dəqiqləşdirilsin, yük nəqliyyat qaimələrini, cavabdehin əməkdaşları tərəfindən qəbul edilmiş malların hamısı aydınlaşdırılsın. 2022-ci ildə iddiaçı ilə bağlanılmış müqavilə üzrə 67000 manat borc yoxdur və cavabdeh borcdan yayınmır. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 81B saylı 11 yanvar 2022-ci il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı sement məhsulunu cavabdehə satmağı, cavabdeh isə malı almağı və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. 22 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 96633,34 manat dəyərində sement məhsulunun satılmasına dair elektron qaimə təqdim edilmişdir. 22 ədəd nəqliyyat qaiməsindən görünür ki, yük göndərən kimi “Holcim (Azərbaycan)” ASC tərəfindən müştəri kimi iddiaçının adından yükü təhvil alan kimi cavabdehə sement məhsulları daşınmışdır. Ödəniş cədvəlindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya sement məhsulunun alınmasına görə ümumilikdə 31866,51 manat ödəniş edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 81B saylı 11 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı sement məhsulunu cavabdehə satmağı, cavabdeh isə malı almağı və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən ümumilikdə 96633,34 manat dəyərində mal cavabdehə satılmış, cavabdeh isə malın dəyərindən 31866,51 manat ödəniş etmiş, qalan 64766,83 manat borcu ödəməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 81B saylı 11 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanılmış və qeyd olunan müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya 31866,51 manat məbləğində ödəniş edilmişdir. İddiaçı cavabdehə 64766 manat məbləğində satılmış malların dəyərinin ödənilmədiyini iddia edir. İddiaçının dəlillərindən biri bundan ibarətdir ki, malların cavabdehə verildiyi sübut qismində təqdim edilmiş elektron və nəqliyyat qaimələri ilə təsdiq edilir. Elektron qaimə-fakturalar faktiki olaraq 2021-ci ilin mart ayından 2022-ci ilin avqust ayınadək cavabdehə göndərilmiş, onlar cavabdeh tərəfindən təsdiqlənmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq təsdiq olunmuş, onlara etiraz edilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müqavilə, elektron qaimə-fakturaların mövcud olması, cavabdeh tərəfindən onlara hər hansı etiraz və ya düzəliş edilməsinə dair məlumatın mövcud olmaması, cavabdehin 31866,51 manat məbləğində ödənişi olması iddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklərinin icra olunmasına dəlalət etsə də, bunun müqabilində cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Elektron qaimələrin göndərildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaiməfakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində; Həmin Qaydaların 3.9-cu bəndinə əsasən elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. Qeyd edilən Qaydalara əsasən vergi ödəyiciləri arasında olan münasibətlər zamanı malların kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq malların təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Eyni zamanda işə əlavə olunmuş 22 ədəd nəqliyyat qaiməsindən göründüyü kimi yük göndərən kimi “Holcim (Azərbaycan)” ASC tərəfindən müştəri kimi iddiaçının adından yükü təhvil alan kimi cavabdehə sement məhsulları daşınmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 81B saylı 11 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ödənilməmiş 64766 manat borc iş materialları ilə təsdiq olunduğundan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 64766 manat məbləğində əsas borc və ödənilmiş 420 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar