Məhkəmə qərarları › İş №e-2-2(113)-8893/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8893/2025

12.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8893/2025 12.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, lizinq müqaviləsi və kredit müqaviləsinin nisbəti, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Bank "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 may 2019-cu il tarixli 209 saylı daxili maliyyə lizinqi müqaviləsi üzrə 9346,8 manat əsas borc, 1265,18 manat faiz borcu, 6888,57 manat dəbbə pulu olmaqla 17500,55 manat məbləğində pulun və ödənilmiş 143 manat dövlət rüsumu, 0,4 manat bank xidmət haqqının cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 27 may 2019-cu il tarixli 209 saylı daxili maliyyə lizinq müqaviləsinə əsasən Cavabdeh2 sifarişi ilə "xxxx" ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “BMW 528” markalı, WBA5A5C56ED510700 ban nömrəli, ağ rəngli avtomobil sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. "xxxx" ASC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli LM- 209-1/23 nömrəli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən 27 may 2019-cu il tarixli 209/19 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər Cavabdeh1 ötürülmüşdür. Bundan başqa, "xxxx" ASC, Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli LM-209-1/23 saylı zaminlik müqaviləsi bağlanmış və zamin lizinq verən "xxxx" ASC qarşısında lizinq alanın xx.xx.2023-cü il tarixli LM-209-1/23 saylı öhdəliyin icrası ilə bağlı sazişə əsasən öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 2.2. Cavabdehlər lizinq verən qarşısında götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bank "xxxx" ASC ilə "xxxx" ASC arasında bağlanmış 08 iyun 2022-ci il tarixli THAS-B001/22 saylı tələb hüquqlarının güzəşti haqqında müqaviləyə və həmin müqaviləyə 3 sentyabr 2024-cü il tarixli 01 saylı əlavə sazişə əsasən yuxarıdakı müqavilə üzrə tələb hüquqları "xxxx" ASC tərəfindən Bank "xxxx" ASC-yə ötürülmüşdür. "xxxx" ASC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli təhviltəslim aktna əsasən, təhvil verilən lizinq predmeti – 2014-cü il buraxılışlı, “BMW 528” markalı, WBA5A5C56ED510700 ban nömrəli, ağ rəngli, 90PV102 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən təhvil alınmışdır. xx.xx.2025-ci il tarixinə hesablanmış və ödənilməmiş 9346,8 manat əsas borc, 1265,18 manat faiz borcu, 6888,57 manat dəbbə borcu vardır. Beləliklə, cavabdehin xx.xx.2025-ci il tarixinə ümumi borcu 17500,55 manat təşkil edir.

3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 462.1, 522.1, 747.1, 748-7.1-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndələri X4 və X1 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat (izah) verdilər və iddianın təmin edilməsini xahiş etdilər.

6. Cavabdeh1 məhkəmə iclaslarında iştirak edərək əsas borcla razı olduğunu bildirdi, lakin faiz borcu və dəbbə pulu hissəsində iddianının rədd edilməsini xahiş etdi.

7. Cavabdeh2 yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana məhkəmə bildirişləri göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmmasına baxmayaraq, həmin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən mübahisəyə adıçəkilən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Daxili maliyyə lizinqi müqaviləsi üzrə əsas və faiz borcunun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki: – "xxxx" ASC ilə X3 (satıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli AK-209 nömrəli avtomaşının alqı-satqı müqaviləsinə əsasən “BMW 528” minik markalı, 2014-cü il buraxılışı, WBA5A5C56ED510700 ban nömrəli, ağ rəngli nəqliyyat vasitəsini satıcı "xxxx" ASC-yə satmağı, "xxxx" ASC isə həmin nəqliyyat vasitəsini lizinq obyekti məqsədilə alıb qiymətin 4590 manat hissəsini avans qaydasında, 41310 manat məbləğində pulu isə təhvil-təslim aktı imzalandıqdan sonra ödəməyi öhdəsinə götürmüşdür; – "xxxx" ASC ilə Cavabdeh2 (lizinq alan) arasında xx.xx.2019-cu il tarixli 209 nömrəli daxili maliyyə lizinqi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, "xxxx" ASC lizinq alan tərəfindən seçilmiş və müqaviləyə 02 nömrəli əlavədə qeyd olunmuş, ətraflı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında lizinq vasitəsilə lizinq haqqı müqabilində Azərbaycan Respublikası qanunvericiliyi, habelə lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinq alanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürmüş, lizinq müddəti 60 ay olması, qiymətin 4590 manat hissəsinin avans şəklində satıcıya ödənilməsi, qalan 41310 manat hissənin isə illik 20 faiz dərəcəsi ilə ödənilməsi razılaşdırılmışdır. Müqaviləyə 02 nömrəli əlavə ilə lizinq obyekti qismində “BMW 528” minik markalı, 2014-cü il buraxılışı, WBA5A5C56ED510700 ban nömrəli, ağ rəngli nəqliyyat vasitəsi seçilmiş, xx.xx.2019-cu il tarixdə tam, saz və işlək vəziyyətdə təhvil-təslim aktı əsasında lizinq alan Cavabdeh2 tərəfindən təhvil alınmışdır; – xx.xx.2019-cu il tarixli 209 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə 17 yanvar 2023-cü il tarixli 02 nömrəli əlavə ilə lizinq alanın qalıq 33936,85 manat məbləğində borcu xx.xx.2023-cü il tarixdən 17 iyul 2025-ci il tarixədək illik 18 faiz dərəcəsi ilə restrukturizasiya edilmişdir. – "xxxx" ASC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli LM-209-1/23 nömrəli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən xx.xx.2019-cu il tarixli 209 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq alanın hüquqları, öhdəlikləri, lizinq obyektinin Cavabdeh1 verilməsi razılaşdırılmışdır; – xx.xx.2019-cu il tarixli 209 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2023cü il tarixli 03 nömrəli əlavə olan ödəmə cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 26 ay müddətinə hər ay 1416,58 manat (sonuncu ay 1416,47 manat) olmaqla ümumilikdə 30312,8 manat əsas məbləğ, 6518,17 manat faiz məbləğinin ödənilməsi razılaşdırılmışdır; – xx.xx.2023-cü il tarixli M-209-1/23 nömrəli təhvil-təslim aktına əsasən “BMW 528” minik markalı, 2014-cü il buraxılışı, WBA5A5C56ED510700 ban nömrəli, ağ rəngli nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən təhvil alınmışdır; – "xxxx" ASC, Cavabdeh1 və Cavabdeh2 (zamin qismində) oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli LM-209-1/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin lizinq verən qarşısında lizinq alanının xx.xx.2023-cü il tarixli 209-1/23 nömrəli illik 18 faiz, 30312,8 manat məbləğdə, 26 ay müddətinə daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür; – İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli THAS-B001/22 nömrəli tələbin güzəşti haqqında müqaviləyə və həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 108 saylı akta əsasən xx.xx.2023-cü il tarixli L/M-209-1/23 nömrəli müqavilə üzrə tələb hüququ (30408,92 manat məbləğində borc) iddiaçıya ötürülmüşdür.

12. İddiaçı xx.xx.2019-cu il tarixli 209 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 9346,8 manat əsas borc, 1265,18 manat faiz borcunun cavabdehdən tutulmasını tələb edir.

13. Cavabdeh1 xx.xx.2019-cu il tarixli 209 nömrəli müqavilə üzrə əsas borcla razı olduğunu, lakin faiz borcunun əsassız hesablandığını göstərir.

14. Cavabdeh2 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.

15. Məhkəmə mübahisənin həlli üçün əvvəla lizinq müqaviləsinin hüquqi təbiəti, lizinq ödənişlərinin təyinatının şərh edilməsini zəruri sayır.

16. Lizinq müqaviləsinin hüquqi məzmunu Mülki Məcəllənin 747.1-ci maddəsində əks olunmuşdur. Həmin maddəyə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

17. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

18. Konstitusiya Məhkəməsi göstərmişdir ki, beynəlxalq təcrübədə geniş tətbiq olunan maliyyələşdirmə alətidir. Bu alətin unikallığı ondan ibarətdir ki, o özündə icarə, kredit və alqı-satqı müqavilələrinin elementlərini birləşdirərək bazar və mülki dövriyyənin çevikliyini yüksək dərəcədə artırır. Bu müqavilə konstruksiyasının hər üç tərəfi onun faydalarından mikrosəviyyədə, dövlət və iqtisadiyyat isə makrosəviyyədə yararlanırlar. Belə ki, lizinq alan maliyyələşmə alətindən istifadə etməklə, bu və ya digər əmlakı daha sürətlə ödəmə qabiliyyətinin daha az maliyyə analizinə cəlb etməklə nisyə satın alır, lizinq verən lizinq obyektinin lizinq müddətində onun mülkiyyətində qalmaqla daha təminatlı şəkildə maliyyələşməsini həyata keçirir, satıcı isə bu üsulla daha məhsuldar satışlar həyata keçirir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).

19. Göründüyü kimi, mülki qanunvericilikdə lizinq müqaviləsi müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini ehtiva etməklə müstəqil müqavilə kimi təsbit edilmiş, əmlakın alınması üçün müvafiq maliyyənin ayrılması, əmlakın alqı-satqısı, istifadəyə verilməsi və istifadə haqqının alınması kimi kompleks məsələləri rəsmiləşdirməyin hüquqi forması kimi çıxış etmişdir. Bu zaman lizinq alan tərəfindən lizinq ödənişlərinin edilməsinin hüquqi əsası qismində isə Mülki Məcəllənin 747.1-ci maddəsi çıxış edir.

20. Qeyd olunan normanın dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh lizinq müqaviləsi üzrə öz öhdəliklərini tam icra etməmiş və belə olan halda da iddiaçının lizinq alandan – cavabdehdən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.

21. Məhkəmə cavabdehdən tutulmalı lizinq ödənişlərinin məbləği ilə bağlı qeyd edir ki, təqdim edilən hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 20956 manat əsas borc, 6122,65 manat faiz (mükafat) borcu üzrə ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli 209 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə xx.xx.2023-cü il tarixli 03 nömrəli əlavə olan ödəmə cədvəlinə əsasən isə müqavilə müddətinin sonuna (xx.xx.2025-ci il) 30312,8 manat əsas borc, 6518,17 manat faiz (mükafat) borcunun ödənilməsi şərtləşdirilmişdir.

22. Belə olan halda, xx.xx.2019-cu il tarixli 209 nömrəli daxili maliyyə lizinqi müqaviləsi əsas borc 9346,8 manat, mükafat borcu 395,52 (6518,17 – 6122,65) manat müəyyən edilməlidir.

23. Məhkəmə iddiaçının əlavə faiz hesablamasına münasibətdə göstərir ki, iddiaçı kredit müqaviləsində olduğu kimi annuitet qaydada faiz hesablamış, icranın gecikdirilməsi üçün illik faiz dərəcəsinə müvafiq olaraq əlavə faiz məbləğləri tələb etmişdir.

24. Lizinq müqaviləsi və kredit müqaviləsinin nisbəti ilə bağlı Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alqı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Kredit zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ (həmin əmlak üzərində kredit verənin xeyrinə yüklülüyün qoyulması istisna olmaqla) əldə edir və borcun ödənilmədiyi qalıq məbləği həcmində mülki məsuliyyət daşıyır. Kredit müqaviləsindən fərqli olaraq lizinqdə girov tələb olunmur. Göstərilənlərdən aydın olur ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin ayrıca fəsli ilə nizamlanır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərar).

25. Beləliklə, kredit müqaviləsindən fərqli olaraq, lizinq müqaviləsində lizinq alanın (borclunun) öhdəliyinin əsas məzmunu lizinq obyektindən məhz istifadəyə görə ödənişlərin edilməsidir. Bu mənada lizinq münasibətlərində kredit müqavilərində olduğu kimi annuitet qaydada faiz məbləğinin hesablanmasının hüquqi əsası yoxdur. Lizinq müqaviləsində təsbit edilmiş mükafat məbləğindən kənar hər hansı faiz məbləğinin (lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz istisna olmaqla) dövri olaraq hesablanması, kredit müqaviləsində olduğu kimi ödənişlərin gecikməsi zamanı kreditdən istifadəyə görə əlavə faizin tələb edilməsi mümkün deyildir. Lizinq verən lizinq alanın öz öhdəliyinin icrasını gecikdirməsi üçün əlavə faiz deyil, cərimə tətbiq etmək hüququna malikdir ki, hazırda həmin hüquqdan da istifadə etmişdir.

26. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

27. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

28. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

29. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

30. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 27 may 2019-cu il tarixli 209 saylı daxili maliyyə lizinqi müqaviləsi (08 iyun 2022ci il tarixli tələbin güzəşti haqqında, 23 may 2023-cü il tarixli öhdəliklərin verilməsi haqqında müqavilənin şərtləri nəzərə alınmaqla) üzrə 9346,8 manat əsas borc, 395,52 manat mükafat məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir.

b) Lizinq müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

31. İddiaçı 6888,57 manat cərimənin də cavabdehlərdən tutulmasını xahiş etmişdir.

32. 27 may 2019-cu il tarixli 209 saylı daxili maliyyə lizinqi müqaviləsinin 11.1-ci bəndinə əsasən, lizinq alan pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı hər gecikdirilmiş gün üçün 0,5% dərəcə ilə cərimə faizi ödəyəcək.

33. 23 may 2023-cü il tarixli LM-209-1/23 nömrəli zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən, zamin lizinq alının lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun ... ödənilməsinə görə lizinq verən qarşısında lizinq alan ilə eyni həcmdə məsuliyyət daşıyır.

34. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

35. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

36. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

37. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlə ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, lizinq müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2025-ci il tarixdə olduğu halda, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

38. Kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri, öhdəliyin pozulma dərəcəsi, borclu və kreditorun davranışları nəzərə alındığında məhkəmə belə hesab edir ki, cərimə məbləğinin 460 manat müəyyən olunması ağlabatan və ədalətlidir.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cərimənin tutulması hissəsində iddia tələbi qismən təmin edilməli, 460 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir.

c) Məhkəmə xərcinin tutulması ilə bağlı

40. İddiaçı eyni zamanda ödənilmiş 143 manat dövlət rüsumunun, 0,4 manat bank xidmət haqqının tutulmasını tələb edir.

41. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən ********** nömrəli mədaxil qəbzi əsasında 143 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsinə görə dövlət büdcəsinə ödənilmişdir.

42. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

43. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Beləliklə, yuxarıda göstərilənləri və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. 27 may 2019-cu il tarixli 209 saylı daxili maliyyə lizinqi müqaviləsi (08 iyun 2022-ci il tarixli tələbin güzəşti haqqında, 23 may 2023-cü il tarixli öhdəliklərin verilməsi haqqında müqavilənin şərtləri nəzərə alınmaqla) üzrə 9346,8 manat əsas borc, 395,52 manat mükafat məbləği, 460 manat cərimə olmaqla ümumilikdə 10202,32 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar