Məhkəmə qərarları › İş №e-2-2(113)-8895/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8895/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8895/2025 25.12.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Hacıyeva Nərmin Xaliq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 69470,75 manat borc, həmçinin 10420,61 manat dəbbə pulu olmaqla, cəmi 79891,36 (yetmiş doqquz min səkkiz yüz doxsan bir manat otuz altı qəpik) manat pulun, hüquqi yardıma görə ödənilmiş xərcin (zərərin) əvəzi kimi 325 (üç yüz iyirmi beş) manatın və ödənilmiş 330,65 (üç yüz otuz manat altı beş qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 12 yanvar 2022-ci və 24 iyul 2024-cü il tarixlərdə imzalanmış alqı-satqı müqavilələrinə əsasən iddiaçı cavabdehə müxtəlif çeşidli mal-materialları satmış, cavabdeh isə həmin malları qəbul edərək, onların dəyərini müqavilədə müəyyən edilmiş qaydada və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, sözügedən müqavilələrə əsasən iddiaçı elektron qaimə-fakturalarda göstərilmiş müxtəlif çeşidli mal-materialları cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuş, ümumilikdə 69470,75 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Belə ki, aşağıda qeyd olunmuş elektron qaimə - fakturalar üzrə mallar satıcı tərəfindən alıcıya təhvil verilmiş, alıcı tərəfindən təhvil alınmışdır: xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10834612 №-li elektron qaimə - fakturaya əsasən ƏDV (əlavə dəyər vergisi) daxil 9596,92 (doqquz min beş yüz doxsan altı manat doxsan iki qəpik) manat; xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10135357 №-li elektron qaimə - fakturaya əsasən ƏDV (əlavə dəyər vergisi) daxil 11879,65 (on bir min səkkiz yüz yetmiş doqquz manat altmış beş qəpik) manat; xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10884243 №-li elektron qaimə - fakturaya əsasən ƏDV (əlavə dəyər vergisi) daxil 23623,32 (iyirmi üç min altı yüz iyirmi üç manat otuz iki qəpik) manat; xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11918920 №-li elektron qaimə - fakturaya əsasən ƏDV (əlavə dəyər vergisi) daxil 16065,21 (on altı min altmış beş manat iyirmi bir qəpik) manat; xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10696722 №-li elektron qaimə - fakturaya əsasən ƏDV (əlavə dəyər vergisi) daxil 8305,65 (səkkiz min üç yüz beş manat altmış beş qəpik) manat bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 425.1, 442, 448.1, 567-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə CK/00030 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma protokolunda göstərilən malları alıcıya satır və alıcı öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəyir.

8. Satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə CK/00462 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə satıcı ilə alıcı arasında, atıpik-çərçivə alqısatqı müqaviləsi olmaqla, alıcının müqavilə müddətinin istənilən zaman kəsiyindəki sifarişi əsasında satıcının satılanın sahiblik və mülkiyyətini alıcıya ötürməyi, alıcının isə bunun qarşılığında pul ödəməyi öhdəsinə götürdüyü münasibətləri tənzimləyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən satılan (Mal) - pul ilə dəyişdirilməsi mümkün və iqtisadi dəyəri olan, satıcının satışa təqdim etdiyi bütün maddi nemətlər satılan ola bilər. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən sifariş - satıcının satılanın sahiblik və mülkiyyətini ötürməsi üçün alıcı tərəfindən satıcıya verilmiş təklif (oferta) bildirişi. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən qüvvəyə minmiş sifariş, satıcının qiymət siyahısı, hesabfaktura/elektron qaimə-faktura, tərəflər arasındakı bildirişlər bu müqavilənin ayrılmaz tərkib hissəsidir və müqavilənin şərh olunmasında əsas götürülür. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən müqavilə üzrə razılaşdırılmış ödəniş nəzərdə tutulan müddət ərzində alıcı tərəfindən ödənilmədiyi halda satıcı hər gecikdirilmiş gün üçün 0.1 % həcmində cərimə ödənilməsini tələb etmək hüququna malikdir.

9. xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10834612 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9596,92 manat (ƏDV daxil) təşkil edir.

10. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10135357 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 11879,65 manat (ƏDV daxil) təşkil edir.

11. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 10884243 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 23623,32 manat (ƏDV daxil) təşkil edir.

12. xx.xx.2024-cü il tarixli, MT2407 seriyalı, 11918920 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 16065,21 manat (ƏDV daxil) təşkil edir.

13. xx.xx.2024-cü il tarixli, MT2408 seriyalı, 10696722 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 8305,65 manat (ƏDV daxil) təşkil edir.

14. İddiaçı tərəfindən iş materiallarına elektron qaimələrin əsasında dayanan, hər iki tərəfdən imzalanıb möhürlənən qiymət razılaşdırma protokolu adlı spesifikasiyalar və malmaterialların/qiymətlərin təhvil-təslim aktları əlavə edilmişdir.

15. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin 10 (on) müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

18. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməmişdir. Həmin hal işdə olan, yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır.

19. İddia tələbinin bir hissəsini cavabdehdən 69470,75 manat əsas borcun tutulması təşkil edir.

20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, belə olan halda isə iddiaçının həmin məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasınınəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən 69470,75 manat (altmış doqquz min dörd yüz yetmiş manat yetmiş beş qəpik) borc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, yuxarıda qeyd olunan, xx.xx.2022-ci il tarixli CK/00030 nömrəli alqı-satqı müqavilə üzrə göndərilmiş ilk 3 elektron qaimə (müvafiq təhvil-təslim aktları) və xx.xx.2024-cü il tarixli CK/00462 nömrəli alqı-satqı müqavilə üzrə göndərilmiş 2 elektron qaimə (müvafiq təhvil-təslimaktları) üzrə ümumi məbləğ 69470,75 manat (9596,92+11879,65+23623,32+16065,21+8305,65=69470,75) təşkil edir.

21. Bundan əlavə iddiaçı cavabdehdən 10420,61 manat cərimə borcunun tutulmasını xahiş etmişdir.

22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 3500 (üç min beş yüz) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

23. Eləcə də, ödənilmiş 330,65 manat dövlət rüsumu və 325 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş edir.

24. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq dövlət rüsumuna görə 302 (üç yüz iki) manat və 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 69470,75 manat (altmış doqquz min dörd yüz yetmiş manat yetmiş beş qəpik) borc, 3500 (üç min beş yüz) manat cərimə, 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumuna görə 302 (üç yüz iki) manat olmaqla, ümumilikdə 73597,75 manat (yetmiş üç min beş yüz doxsan yeddi manat yetmiş beş qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar