Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8899/2025 23.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx"xxxx"xxxx" ASC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Heydərova Mülayim Akif qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə Zeynalabdin oğlunun, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı "xxxx"xxxx"xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Meqa Sığorta ASC-dən 2350 (iki min üç yüz əlli) manat sığorta ödənişinin 42 (qırx iki) manat dövlət rüsumunun və 44 (qırx dörd) manat dəbbə pulunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Polikom Konsaltinq MMC-nin mülkiyyətində olan Ford Fusion markalı 10AZ825 d.q.n avtonəqliyyat vasitəsinə sığorta hadisəsinin baş verməsi səbəbi ilə cavabdeh tərəfindən cəmiyyətə ünvanlanmış xx.xx.2025-ci il tarixli 1581 saylı məktub ilə nəqliyat vasitəsinə dəymiş zərərin dəyəri 790 manat məbləğində qiymətləndirilərək vəsaitin nağd şəkildə ödənilməsi və ya təmir olunması təklif olunmuşdur. Nurgun Motors tərəfindən tərtib olunmuş qüsur aktına əsasən Ford Fusion markalı 10AZ825 d.q.n avtonəqliyyat vasitəsinin təmirinə tələb olunan vəsait ümumilikdə 2200 manat təşkil etdiyi qeyd olunmuşdur. Belə ki , ehtiyyat hissələrinin dəyəri 1000 manat və işlərin görülməsinə əmək haqqı 1200 manat olaraq qiymətləndirilmişdir ki, bu da cavabdehin müəyyən etdiyi məbləğdən 3 dəfə çox edir. Ümumiyyətlə cavabdehin təqdim etdiyi qüsur aktına nəzər saldıqda ehtiyyat hissələrinin alınması nəzərdə tutulmamışdır. Cavabdeh nəqliyyat vasitəsində olan zədələri yalnız ustalar hesabına aradan qaldırmaqla hesablamışdır. Bu isə nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin qiymətləndirilməsini şübhə altına alır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə Zeynalabdin oğlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 cərimə borcu ilə razı olmadığını məhkəməyə bildirmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 922.1-ci maddəsinə əsasan sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. - 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. - 926.1-ci maddəsinə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
8. İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş siğorta hadisəsi nəticəsində "xxxx" MMC-nin mülkiyyətində olan Cavabdeh ASC tərəfindən siğortalanan ** AZ *** dövlət qeydiyyat nişanlı, Ford Fusion markalı avtomobilə ziyan dəymişdir.
9. İş materiallarına əlavə edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğorta şəhadətnaməsinə əsasən siğortalı "xxxx" MMC-yə məxsus olan 10AZ825 dövlət qeydiyyat nişanlı Ford Fusion markalı avtomobil siğortaçı Meqa Siğorta ASC tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi siğortalanmışdır.
10. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, məhkəmə iclasında iştirak edən cavabdehin nümayədəsi sığorta hadisəsinin baş verməsini qəbul etmiş və mübahisənin məbləğlə bağlı olduğunu qeyd etmişdir.
11. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli məktubla Meqa Siğorta ASC zərərçəkmiş avtomobilə dəyən zərərin qiymətləndirilməsinin aparıldığını, dəymiş zərərin məbləğinin 790 manat müəyyən edildiyini, zərər məbləği ilə razı olmadığı təqdirdə 3 müstəqil ekspertdən birinin vasitəsi ilə dəymiş zərərin qiymətləndirilməsini təşkil etməyə hazır olduğunu "xxxx" MMC-yə bildirmişdir.
12. Nurgun Motors MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən Ford Fusuion markalı 10AZ825 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2.200 manat məbləğində müəyyən edilmişdir.
13. Göründüyü kimi, işin mübahisələndirilən halı ancaq dəymiş ziyanın məbləği yəni, sığorta ödənişinin məbləği ilə bağlıdır.
14. Belə olan halda, Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan məqam Ford Fusion markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün nə qədər vəsait tələb olunmasıdır.
15. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, nəqliyyat vasitəsinə dəymiş ziyanın təmiri üçün çəkiləcək xərcin dəyəri 2.350 manat təşkil edir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi dəymiş zərərin əvəzi olaraq 2.350 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etdi.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ekspert rəyinin məhkəmənin mülahizəsinə buraxdığını bildirərək, iddianın cərimə borcun tutulması hissəsində rədd edilməsini xahiş etdi.
18. Qeyd olunanları və ekspert rəyinə əsasən avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin 2.350 manat təşkil etdiyini nəzərə alaraq hesab edir ki, iddia 2.350 manat məbləğində pulun tələb edilməsi hissəsində əsaslıdır və 2.350 manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.
19. Məhkəmə 44 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
20. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
21. Hazırda Məhkəmə tərəfindən tutulan məbləğlə Məhkəməyədək cavabdeh razı olmamış və sığorta ödənişinin verilməsini gecikdirmişdir.
22. Hazırkı işin hallarından görünür ki, 2.350 manat sığorta ödənişinə münasibətdə 44 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir
23. Bundan əlavə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 2.350 (iki min üç yüz əlli) manat məbləğində siğorta ödənişi və 44 (qırx dörd) manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 2.394 (iki min üç yüz doxsan dörd) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 42 (qırx iki) manat məbləğində pul Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov