Məhkəmə qərarları › İş №e-2-2(113)-89/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-89/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-89/2020 29.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Bağman qızının katibliyi ilə, İddiaçı «X7» Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Millikart” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı «X7» Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı cavabdehdən iddiaçının xeyrinə 83.520,55 ABŞ dolları məbləğində banka vurulmuş maddi zərərin və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 83.520,55 ABŞ dolları məbləğində banka vurulmuş maddi zərərin və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə “Millikart” Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı iləcavabdeh arasında xx.xx.2017ci il tarixdə 1720 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə (2.1.8-ci bənd) uyğun olaraq, cavabdeh xx.xx.2018-ci il tarixli ərizə ilə iddiaçıya müraciət edərək, həmin şirkətdə olan Pos Terminalda “Manual Entry” funksiyasının (kartın iştirakı olmadan əməliyyat aparılması) aktivləşdirilməsi və bu funksiyanın aktivləşdirilməsiilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərinə götürməsini qeyd etmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli 1720 saylı müqavilənin 2.1.8-ci bəndinə əsasən partnyorun (Cavabdeh MMC) ərizəsi əsasında “Manual Entry” funksiyasını (kartın iştirakı olmadan əməliyyat aparılması) aktivləşdirilmişdir. Həmin funksiyanın aktivləşdirilməsi nəticəsində iddiaçı tərəfindən həyata keçirilən hesablaşmalar üzrə 88.975,14 ABŞ dolları məbləğində zərər müəyyən olunmuş və həmin zərər iddiaçı tərəfindən kart sahiblərinin bank hesablarına köçürülmüşdür. Müqavilənin şərtlərinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəliklərə görə banka vurulmuş 88.975,14 ABŞ dolları məbləğində zərərin 5.454,59 ABŞ dolları məbləğində olan hissəsi cavabdehin bank hesabından silinmişdir. xx.xx.2019-cu il tarixli ƏD/1085 saylı arayışa əsasən mövcud olan zərər 83.520,55 ABŞ dolları təşkil edir. Cavabdeh üzərinə götürdüyü öhdəliyə görə iddiaçıya 83.520,55 ABŞ dolları məbləğində vurulmuş zərərin ödənilməsini təmin etməmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı iddia tələbinin əsası kimi ona istinad edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış 1720 saylı müqavilənin 2.1.8-ci bəndinə əsasən cavabdehinərizəsi əsasında “Manual Entry” funksiyası aktivləşdirilmişdir.Həmin funksiyanın aktivləşdirilməsi nəticəsində cavabdeh tərəfindən həyata keçirilən hesablaşmalar üzrə 88.975,14 ABŞ dollan məbləğində zərər müəyyən olunmuş və həmin zərər iddiaçı tərəfindən kart sahiblərinin bank hesablarına köçürülmüşdür.Müqavilənin şərtlərinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəliklərə görə banka vurulmuş 88.975,14 ABŞ dolları məbləğində zərərin 5.454,59 ABŞ dolları məbləğində olan hissəsi cavabdehin bank hesabından silinmişdir. xx.xx.2019-cu il tarixli ƏD/1085 saylı arayışa əsasən mövcud olan zərər 83.520,55 ABŞ dolları təşkil edir. Lakin iddia ərizəsində qeyd olunan məbləğin qeyd olunan kart sahiblərinin hesabına köçürülməsinə, kart sahiblərinin kimliyi barədə heç bir açıqlama verilməmiş və bununla bağlı sübutlar iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin qeyd olunan ziyanın bank tərəfindən ödənilməsini məcbur edən hallarin nədən irəli gəldiyi, buna cavabdehin hərəkət və ya hərəkətsizliyinin təsiri forması və eləcədə cavabdeh tərəfindən müqavilənin hansı şərtinə əməl edilmədiyi və ya mülki deliktin yaranmasına səbəb olan hansı qəsdli hərəkətlərə yol verildiyi göstərilməmiş və göstərilməsi də mümkün deyildir. Ona görə ki, cavabdehin bütün hərəkətləri tərəflər arasında olan müqavilə şərtlərinə tam uyğun olmuşdur. Bu halda yəni tərəflər arasında mövcud müqaviləyə əməl edildiyi halda, həmin müqaviləyə görə tərəfə qarşı tələbin hüquqi əsası yoxdur. Belə ki, cavabdeh ilə iddiaçı arasında Pos Terminalda "Manual Entry" funksiyası barədə xx.xx.2017-ci il tarixli 1720 saylı müqavilə bağlanmışdır. Cavabdehin xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən iddiaçı cavabdehdə olan Pos Terminalda “Manual Entry” funksiyasının, yəni kartın iştirakı olmadan əməliyyat aparılması aktivləşdirilmişdir. Həmin müqavilənin şərtləri ondan ibarətdir ki, istifadəsinə verilmiş Pos Terminal vasitəsi ilə cavabdeh “Manual Entry” funksiyasını, yəni kartın iştirakı olmadan əməliyyat aparılmasını həyata keçirsin. Müqavilə tərəfi olan cavabdeh adı çəkilən müqavilənin şərtinə uyğun hərəkət edərək, kartın iştirakı olmadan, ona göndərilmiş kart şifrəsini sistemə daxil etməklə, hesablaşmaların aparılmasını təmin etmiş və müqavilə ilə qadağan edilmiş və ya yol verilməyən hər hansı hərəkətə yol verilməmişdir. Belə ki, cavabdeh turizm xidməti ilə məşğul olmaqla, əsas fəaliyyət istiqaməti müraciət edənlərə uçuş bilitləri, tur paketləri, istirahət pansionatlarında yerlərin alınması və ya otellərin bron edilməsi, və s., eləcə də bunlardan irəli gələn xidmət haqlarının ödənilməsini təşkil etməkdir. Ödənişlər sifariş edən müştərilər tərəfindən, onların vəsaiti hesabına həyata keçirilir. Cavabdehin qazandığı isə xidmətə görə qiymətə əlavə edilən komissiyon məbləğidir. Hazırkı iddia ilə tələb olunan məbləğin aid olduğu münasibətlər də eyni qayda ilə baş vermişdir ki, aviabiletlər üçün sifariş edilmişdir. Ödəniş mənbəyi olaraq pul kartının şifrəsi göndərilmişdir. Biletləri adlarına olan şəxslərin şəxsiyyətini müəyyən edilən məlumatlar göndərilmişdir. Cavabdeh tərəfindən biletlər sifariş verilmişdir. Bilet sistemə salınandan sonra, kartdan silinmə barədə məlumat daxil edilmişdir. Bundan sonra biletlərin məbləğinə dair ödəniş qaimələri cavabdehə daxil olmuş və cavabdehin bank hesabından biletlərin dəyəri ödənilmişdir. Ödənilmiş biletlər sahibləri tərəfindən əldə edilmiş və istifadə olunmuşdur. Bundan başqa qeyd edir ki, biletlərlərin sifarişi ilə bağlı sifarişçi ilə bəzi məqamları dəqiqləşdirilməsindən ötrü cavabdeh ilə aralarında əlavə yazışmalar da aparılmışdır. Həmçinin elə hallar olmuşdur ki, göndərdiyi şifrənin aid olduğu bank kartında pul vəsaiti yetərli olmamışdır. Bu barədə məlumat veriləndən, bir gün sonra həmin karta pul otuzdurulmuşdur. Bu bir daha kartın şifrəsini göndərən şəxsin kart sahibi olduğu və ya kartın istifadəsinə ona səlahiyyət verildiyini göstərir. Sifariş edilmiş bütün biletlər və ödənişlərlə bağlı iddiaçıya hesabat təqdim edilmişdir. Göründüyü kimi, adı çəkilən məbləğin aid olduğu biletlərin əldə edilməsi ilə bağlı, cavabdeh tərəfindən kartın iştirakı olmadan əməliyyat aparılması tam şəkildə tərəflər arasında mövcud müqavilənin şərtlərinə uyğun həyata keçirilmişdir. Cavabdehə məlumat olaraq ötürülmüş kartların şifrəsinin onu göndərənə deyil, başqasına aid olduğu ilə bağlı hər hansı şübhəli məqamlar olmamışdır. Bundan başqa, cavabdehə verilmiş Pos Terminal vasitəsi ilə əməliyyat bank kartı olmadan şifrəsinin daxil edilməklə həyata keçirildiyindən, kartın özünün doğruluğu cavabdeh tərəfin bilmək imkanı mümkün deyildir. Lakin maliyyə əməliyyatlarına nəzarət bank olaraq iddiaçı tərəfə aiddir. Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qətiyyən qəbul etmir və kart sahibləri qarşısında da hər hansı öhdəliyi yoxdur. Kart sahibləri məlum, biletləri istifadə edənlər məlum, reyslər və bilet satan şirkətlər məlumdur. Əgər burada fırıldaqçılıq kimi əməllər baş vermişdirsə, bu cinayətdir. Bank pulu ödəmişdirsə, deməli iddiaçı tərəf ortada olan cinayəti ört-basdır etmişdir. Bu məsələ ilə bağlı cavabdeh tərəfindən iddiaçıya prenteziya təqdim edilmiş və onun hesabında iradəsinə zidd 5.454,59 ABŞ dolların silinməsinə etiraz edilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X8 məhkəmə iclasında, izahatında bildirdi ki, kartın iştirakı olmadan ödənişlərin qəbul olunması funksiyası cavabdehin ərizəsi əsasında aktivləşdirilmiş və riskləri cavabdeh üzərinə götürmüşdür. Sonda üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kommersiya qurumunun Dövlət reyestrindən Çıxarışdan görünür ki, “Millikart” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2017-ci il tarixli 1720 saylı müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən müvafiq qaydalara və səlahiyyətlərə malik olan Bank Partnyora səlahiyyət verir ki, Kartları mallara, işlərə və xidmətlərə ödəniş kimi qəbul etsin, MilliKart Partnyoru Kartlarla əməliyyatlar keçirmək üçün texniki imkanla təmin edir, hesabların işlənib hazırlanması və hesablaşma məlumatının Banka verilməsini həyata keçirir, Bank kartlardan istifadə etməklə keçirilən əməliyyatların məbləğini, komisyon haqları tutulmaqla, Partnyorun hesabına köçürülməsini həyata keçirir, Bank Partnyorun satdığı malların/xidmətlərin satışını “Albalı+” kart və onun növləri (Albalı+, 28 Mail kart, Albalı Gift card və s.) vasitəsi ilə kreditləşdirir (malı almaq istəyən alıcıya bu təyinatla kredit verir). Partnyorun elektron ticarət hesabı açmış və internet vasitəsi ilə satdığı mallara, göstərdiyi xidmətlərə görə “Albalı” kartı vasitəsi ilə kreditləşdirilir. (yalnız online elektron ticarət hesabı açmış partnyorlarla). Müqavilənin 2.3.25-ci bəndinə əsasən cavabdeh öhdəsinə götürmüşdür ki, Partnyor POS-terminallar vasitəsi ilə Maestro və Visa Electron və s. növlü kartlara xidmət göstərərkən müştərinin PİN-kod yığmasını təmin etməlidir. PİN-kod şəxsən müştərinin özü tərəfindən yığılmalıdır. Əks təqdirdə Chargeback halları baş verərsə (kart sahibi ödənişlərə etiraz edərsə), ödənişlər üzrə tam məsuliyyəti Partnyor daşıyacaqdır. xx xxxxx 2018-ci il tarixli Ərizədən görünür ki, cavabdeh ünvan 1 ünvanında yerləşən ona məxsus obyektdə olan xxxx pos terminalında “Manual entry” funksiyasının aktivləşdirilməsi ilə bağlı iddiaçıya müraciət etmiş və bu funksiyanın aktivləşməsi ilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. “Millikart” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli 28/22 saylı məktubdan görünür ki, POS22726 terminalında həyata keçirilən əməliyyatların hamısı cavabdeh tərəfindən istifadə edilən terminal İD POS22726 olan POS-terminalda xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək (kart nömrəsini əl ilə daxil etmə üsulundan (X12) istifadə edərək) həyata keçirilmişdir. xx xxxxxx 2017-ci il tarixli Təhvil-təslim aktından görünür ki, İD POS22726 olan POS-terminal işlək vəziyyətdə iddiaçı cavabdehə təhvil vermiş və cavabdeh POS-terminalı təhvil almaqla istifadə qaydaları ilə tanış olmuşdur. xx.xx.2019-cu il tarixli ƏD/1085 saylı Maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1720 saylı müqaviləyə əsasən cavabdeh tərəfindən aparılmış əməliyyatlar nəticəsində iddiaçıya 88975,14 ABŞ dolları məbləğində ziyan dəymiş, aparılmış əməliyyatlar üzrə vurulmuş zərər iddiaçı tərəfindən kart sahiblərinin bank hesablarına köçürülmüş, iddiaçıya vurulmuş 88.975,14 ABŞ dolları məbləğində zərərin 5.454,59 ABŞ dolları məbləğində olan hissəsi cavabdehin bank hesabından silinmiş və iddiaçıya dəymiş zərər cəmi 83520,55 ABŞ dolları təşkil edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli e-2-2(81)- 867/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında “xxxx” KB ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 1720 saylı müqavilə əsasında Cavabdeh MMC-nin istifadəsində olan pos terminalla əlaqəli olaraq Visa Şirkəti tərəfindən geri qaytarma “chargeback” əməliyyat nəticəsində “xxxx” KB ASC-nin müxbir hesabından pul vəsaitinin tutulub-tutulmaması, əgər tutulmuşdursa, o halda həmin məbləğin, Cavabdeh MMC tərəfindən təqdim olunmuş sənədlərə əsasən, X13 şəxsin sifarişi əsasında, ona göstərilən xidmətlərin pul məbləğlərinin ümumilikdə və Cavabdeh MMC-yə məxsus pos terminalla xidmətə görə aparılmış əməliyyat ilə fotoşəkilləri iş materiallarında olan X13 şəxsə məxsus 13 kartdan silinmiş pul məbləğlərin həcminin nə qədər təşkil etməsi barədə suallar qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 26379 saylı rəyi ilə müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş çıxarış məlumatlarında 88.975,14 ABŞ dolları məbləğində vəsaitin Visa şirkəti tərəfindən “chargeback” əməliyyatı nəticəsində “xxxx” KB ASC-nin hesabından tutulduğu öz əksini tapsa da, həmin vəsaitin X13 adlı şəxsə məxsus kart hesablarına köçürüldüyünü müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh MMC tərəfindən təqdim olunmuş sənədlərə əsasən, X13 şəxsin sifarişi əsasında, ona göstərilən xidmətlərin pul məbləğləri ümumilikdə 151.399,0 manat təşkil edir. Təqdim edilmiş “İnvoice” və “Cavabdeh" MMC-nin “xxxx” KB ASC-də olan hesabından çıxarış məlumatlarından göründüyü kimi alınmış aviabiletlərə görə Cavabdeh MMC tərəfindən “xxxx” MMC-yə 137104,62 manat və “xxxx” MMC-yə 484,61 manat, ümumilikdə 137589,22 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, tərəflərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixli 1720 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən müvafiq qaydalara və səlahiyyətlərə malik olan Bank Partnyora səlahiyyət verir ki, Kartları mallara, işlərə və xidmətlərə ödəniş kimi qəbul etsin, MilliKart Partnyoru Kartlarla əməliyyatlar keçirmək üçün texniki imkanla təmin edir, hesabların işlənib hazırlanması və hesablaşma məlumatının Banka verilməsini həyata keçirir, Bank kartlardan istifadə etməklə keçirilən əməliyyatların məbləğini, komisyon haqları tutulmaqla, Partnyorun hesabına köçürülməsini həyata keçirir, Bank Partnyorun satdığı malların/xidmətlərin satışını “Albalı+” kart və onun növləri (Albalı+, 28 Mail kart, Albalı Gift card və s.) vasitəsi ilə kreditləşdirir (malı almaq istəyən alıcıya bu təyinatla kredit verir). Partnyorun elektron ticarət hesabı açmış və internet vasitəsi ilə satdığı mallara, göstərdiyi xidmətlərə görə “Albalı” kartı vasitəsi ilə kreditləşdirilir. İddiaçı tərəfindən cavabdehin fəaliyyəti göstərdiyi ünvan 1 ünvanında yerləşən obyektdə İD POS22726 olan POS-terminal quraşdırılmaqla cavabdehə təhvil verilmişdir. Sonra cavabdeh xx xxxxx 2018-ci il tarixli ərizə ilə ona məxsus obyektdə olan xxxx pos terminalında “Manual entry” funksiyasının aktivləşdirilməsi ilə bağlı iddiaçıya müraciət etmiş və bu funksiyanın aktivləşməsi ilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Bundan sonra həmin funksiya iddiaçı tərəfindən cavabdehin istifadəsində olan POS-terminalda aktiv edilmişdir. Bir müddət sonra isə aparılmış əməliyyatlarla bağlı kart sahibi olan X13 adlı şəxsin şikayətləri əsasında 88.975,14 ABŞ dolları məbləğində vəsait beynəlxalq kart təşkilatı olan Visa/Mastercard tərəfindən iddiaçıdan akseptsiz qaydada (“chargeback” əməliyyatı) silinmişdir. Bununla da cavabdehə məxsus obyektdə quraşdırılmış POS-terminalda “Manual entry” funksiyasının pozuntularla aparılmasına görə 88.975,14 ABŞ dolları məbləğində iddiaçıya maddi zərər dəymişdir. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, Visa şirkəti tərəfindən “chargeback” əməliyyatı nəticəsində 88.975,14 ABŞ dolları məbləğində vəsaitin onun hesabından tutulmasını məhz cavabdehin təqsiri üzündən baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi “Chargeback” əməliyyatına səbəb X13 adlı şəxsə məxsus 13 ədəd kartdan silinmiş pul məbləğləri olmuş və həmin kartlar vasitəsilə həyata keçirilmiş aviabilet alınması əməliyyatları 2018-ci ilin aprel-may aylarında həyata keçirilmişdir. Həmin əməliyyatların hamısı isə cavabdeh tərəfindən istifadə edilən terminal İD POS22726 olan POS-terminalda xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək kart nömrəsini əl ilə daxil etmə üsulundan (X12) istifadə edilərək həyata keçirilmişdir (“Millikart” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli 28/22 saylı məktubu). Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1720 saylı müqavilənin 2.3.2-ci bəndinə əsasən cavabdeh kart vasitəsilə mal, iş və xidmətlərin dəyərinin ödənilməsi zamanı əlavə haqq təyin etməmək öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin 2.3.25-ci bəndinə əsasən cavabdeh POS-terminallar vasitəsi ilə Maestro və Visa Electron və s. növlü kartlara xidmət göstərərkən müştərinin PİN-kod yığmasını təmin etməlidir. PİN-kod şəxsən müştərinin özü tərəfindən yığılmalıdır. Həmin müqavilənin 10.3-cü bəndinə əsasən tərəflər razı olur ki, məxfi məlumatları gizli saxlayacaq və onları yalnız digər Tərəf qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi məqsədilə istifadə edəcək. Tərəflər məxfi məlumatı işçilərinə, müdirlərinə yalnız o şərtlə açıqlaya və ya ötürə bilər ki, sadalanan şəxslər həmin məlumatı bu Müqavilənin şərtlərinə uyğun olaraq gizli saxlayacaqlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh göstərilən müqavilə tələblərinə əməl etməmiş, İD POS22726 olan POS-terminal vasitəsi ilə kart sahibinin məxfi məlumatları müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı olmayan məqsədlərə görə istifadə edilmiş, kartlardan pul silinməsi həyata keçirilmiş, nəticədə “chargeback” əməliyyatları baş vermişdir. Cavabdeh, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1720 saylı müqavilənin 2.3.25-ci bəndinə əsasən chargeback halları baş verərsə (kart sahibi ödənişlərə etiraz edərsə), ödənişlər üzrə tam məsuliyyəti daşıyacağı barədə öhdəlik götürmüş, eyni zamanda xx xxxxx 2018-ci il tarixli ərizəsi ilə “Manual entry” funksiyasının aktivləşdirilməsi ilə bağlı sonralar yarana biləcək bütün problemlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti göstərərkən istifadəsində olan POS terminalda “Manual entry” funksiyası aktiv edilmiş və bu funksiya vasitəsi ilə aparılmış əməliyyatlar nəticəsində iddiaçı akseptsiz tutulmalara (chargeback) məruz qalmış, bununla da iddiaçıya 88.975,14 ABŞ dolları məbləğində maddi ziyan dəymiş, ondan 5.454,59 ABŞ dolları məbləğində olan hissəsi cavabdehin bank hesabından silinmiş və 83.520,55 ABŞ dolları isə qalmışdır. Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçı cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən "X7" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 83.520,55 ABŞ dolları məbləğində maddi zərər ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 30 manat məbləğində dövlət rüsumu tutulsun. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat məbləğində ekspertiza xərcləri Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar