Məhkəmə qərarları › İş №e-2-2(113)-8915/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-8915/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-8915/2024 29.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı cavabdeh “Cavabdeh”-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Cavabdeh”-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə 302 400 ABŞ dolları əsas borc, 15120 ABŞ dolları faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə, əvvəla, hazırkı mübahisəyə Azərbaycan Respublikasının məhkəmələrinin baxmaqda səlahiyyətli olub-olmaması məsələsinin şərh edilməsini zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa Azərbaycan Respublikasının məhkəmələrinin beynəlxalq səlahiyyəti xüsusi norma olan Mülki Prosessual Məcəllənin 443.0.7-ci maddəsindən irəli gəlir. Belə ki, həmin maddəyə əsasən, iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır. Belə ki, hazırkı iddia tələbi İddiaçı MMC (satıcı) və “Cavabdeh” (alıcı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 7 saylı alqı-satqı müqaviləsindən irəli gələn pul tələbidir. Sözügedən alqı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı müqavilədə göstərilən malları alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində həmin malları təhvil alıb, pulunu ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6-cı bəndində malın göndərmə şərti kimi EXW-Sumqayıt göstərilmişdir. “İncoterms 2020” beynəlxalq qaydalarına görə EXW göndərilmə şərti – malın satıcıya məxsus zavodda (fabrikdə, anbarda və s.) təhvil verilməsini nəzərdə tutur. Həmin göndərmə şərtlərinə görə satıcı malı şərtdə göstərildiyi yerdə (zavod və s.) alıcıya təhvil verdikdən sonra bütün risklər və xərclər alıcıya aid edilir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilədə əşyanın təhvil verilməsi öhdəliyinin icrası yeri kimi Azərbaycan Respublikasının ərazisi (Sumqayıt) göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gəln iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Məhkəmə qeyd edir ki, hazırda məhkəmənin beynəlxalq səlahiyyəti tərəflər arasında bağlanmış müqavilədə əşyanın təhvil verilməsi öhdəliyinin icrası yerinin Sumqayıt şəhəri göstərilməsindən irəli gəlir. Belə olan halda, ərazi aidiyyətinin müəyyən edilməsi ilə bağlı Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinin tətbiqinin mümkün olmadığı nəzərə alındığında məhkəmə hesab edir ki, ərazi aidiyyəti Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə müvafiq olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Sumqayıt şəhəri Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun verilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh “Cavabdeh”-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar