Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-893/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 oktyabr 2014-cü il tarixli, 765/183/2014 saylı X4 müqaviləsi üzrə 26838,39 manat əsas borc, xx.xx.2014-30.10.217-ci il dövrü üçün 975,69 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 175 manat olmaqla, ümumilikdə 27989 manat pul vəsaitinin alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş "xxxx" ASC-nin törəmə müəssisəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki adı “X6” QSC) ilə lizinq alan Cavabdeh arasında bağlanılmış 30 oktyabr 2014-cü il tarixli, 765/183/2014 saylı X4 müqaviləsinə əsasən, dövlət büdcəsinin vəsaiti hesabına alınmış 2 ədəd Microscope Pico NEW, binocular 45, LED light source markalı tibbi stomotoloji avadanlığı Cavabdeh lizinqə istifadəyə təhvil verilmiş və Cavabdeh lizinq müqaviləsi üzrə lizinq haqqının ödənilməsini öz öhdəsinə götürmüşdür. Lizinq verən İddiaçı QSC müqavilə üzrə ödəliklərini tam icra etsə də, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini icra etmir və bundan qərəzli olaraq boyun qaçırır. Lizinq müqaviləsi üzrə yaranmış lizinq borcunun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciətlər edilmiş, müvafiq pretenziyalar göndərilmiş, lakin cavabdeh hələ də borcu ödəməmişdir. Cavabdehin xx.xx.2014-cü il tarixli, 765/183/2014 saylı “X4” müqaviləsi üzrə əsas borcu 26838,39 manat, faiz borcu (lizinq mükafatı) 975,69 manat təşkil edir. X4 müqaviləsinin 45-ci maddəsinə görə öhdəliklərin müstəsna icra yeri Bakı şəhəridir. X4 müqaviləsinin 46-cı maddəsinə əsasən bütün mübahisələrə lizinq verənin olduğu yer üzrə müvafiq məhkəmədə baxılır.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 425.1, 747.1, 748-1.12.4-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdur. Tədqiq olunan sübutlar:
5. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
6. Lizinq verən qismində İddiaçı QSC ilə lizinq alan qismində Cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 765/183/2014 nömrəli X4 müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən lizinq verən lizinq alan tərəfindən seçilmiş və müqavilənin ayrılmaz hissəsi hesab olunan müqavilədə göstərilmiş alqı-satqı müqaviləsində qeyd olunmuş, ətraflı təsviri verilmiş lizinq obyektlərini lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə lizinq müqaviləsinin müddəalarına uyğun olaraq istifadə edilməsi üçün lizinqə verir: “X6” QSC və satıcı "xxxx" MMC arasındakı alqı-satqı müqaviləsində göstərilmiş 2 ədəd Microscope Pico NEW, binocular 45, LED light source avadanlığı. Lizinq alan qeyd edilmiş alqı-satqı müqaviləsinin bütün müddəalarının qəbul edir və həmin müqavilədə müəyyən edilmiş lizinq obyektinin növü, satıcısı, qiyməti, xüsusiyyətləri, o cümlədən, keyfiyyəti, kəmiyyəti, tərkib hissələri, təsviri, ödəmə və təslim müddətləri ilə tamamilə qeyd-şərtsiz razıdır. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən alqı-satqı müqaviləsinə əsasən əldə ediləcək lizinq obyektlərinin ümumi dəyəri 50000 manat təşkil edir və lizinq alan bununla razıdır. Lizinq obyektinin əldə edilməsi ilə bağlı yarana biləcək xərclər (o cümlədən, lakin bununla məhdudlaşmayaraq, bank xərci, valyuta konvertasiyası xərcləri, məzənnə xərcləri, gömrük xərcləri, lizinq obyektinin dövlət qeydiyyatı xərcləri və s. xərclər) və digər gözlənilməyən əlavə xərclər lizinq alanın vəsaiti hesabına ödənilməlidir. Lizinq alanın avansı lizinq obyektinin ümumi qiymətinin 13000 manat hissəsini təşkil edir. Lizinq alan avansı müqavilə imzalandığı tarixdən sonra 5 iş günü ərzində ödəmədikdə lizinq verən müqaviləni birtərəfli qaydada məhkəməyə müraciət etmədən xitam edə bilər. Bu zaman lizinq alan müqavilənin imzalanması və xitam olunması ilə bağlı lizinq verənə dəymiş ziyanı və xərcləri ödəməlidir. Həmin müqavilənin 1.4-cü maddəsinə əsasən lizinq müddəti müqavilə imzalandığı gündən sonra 36 ay təşkil edir. Həmin müqavilənin 1.5-ci maddəsinə əsasən lizinq verən tərəfindən lizinq obyektinin/obyektlərinin satın alınması üçün çəkdiyi xərclər lizinq üzrə borc məbləği hesab edilir. Lizinq haqları həmin borc məbləğinə (avans məbləği çıxılmaqla, əgər varsa) lizinq verənin gəliri olaraq illik 18% dərəcəsi əlavə etməklə sabit lizinq haqları olaraq hesablanır. Bütün hallarda ödəmə cədvəli lizinq alan və lizinq verən tərəfindən razılaşdırılaraq müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də tam əks edilir. Lizin alan qəbul edir ki, lizinq müqaviləsi üzrə borc öhdəliyi Azərbaycan manatı ilə ödəniləcək. Lizinq alan borc məbləğini tam və ya qismən vaxtından əvvə ödədikdə, lizinq verənin lizinq müqaviləsinin vaxtı çatmamış hər hansı dövrü üçün lizinq mükafatını lizinq alandan tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.4-cü maddəsinə əsasən lizinq alan lizinq haqqını lizinq verənə ödəmə cədvəlinə uyğun olaraq ödəməlidir və lizinq obyektinin gətirilməsi və ya təhvili və ya işlədilməyə hazırlıq zamanı hər hansı gecikmə, ləngimə, texniki nasazlıq və bu kimi səbəblərə görə ödəməmək ixtiyarında deyil. Lizinq alanın lizinq haqlarını ödəmək üzrə öhdəliklərini yerinə yetirməsi günü kimi pul vəsaitlərinin lizinq verənin hesablaşma hesabına daxil olduğu gün hesab edilir. Lizinq alan tərəfindən lizinq haqları, borcları, lizinq obyektinin qalıq dəyəri, yaranmış gecikmə faizi, sığorta borcları tam ödənildikdə lizinq obyektinə mülkiyyət hüququ lizinq alana keçir. Həmin müqavilənin 3.5-ci maddəsinə əsasən ödəmə cədvəlində göstərildiyi tarixdə lizinq alan lizinq haqqını lizinq verənin hesabına ödəməzsə, ödənişin pozulması baş verir. Bununla lizinq alan razılıq verir və öhdəsinə götürür ki, lizinq haqqının ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətə, hər gecikdirilmiş gün üçün vaxtında ödənilməmiş lizinq haqqının 0,1%-i məbləğində gecikmə faizi ödəyəcək. Lizinq alanın öz vəzifələrini yerinə yetirməməsinə görə lizinq verənin çəkdiyi bütün məsrəflər lizinq alan tərəfindən ödənilir, o cümlədən iddia xərcləri. Həmin müqavilənin 4.2-ci maddəsinə əsasən sığorta haqqı sığorta müqaviləsi və polisindəki müddətlər və şərtlərə uyğun olaraq ödənilməlidir. Lizinq alan sığorta haqqını vaxtında ödəməzsə, o, sığorta haqqını Azərbaycan manatı ilə müqavilədə gecikmə faizi ödənilməsi üçün müəyyən edilmiş qaydaya uyğun hesablanmış faizlə birlikdə ödəməlidir. Həmin müqavilənin 6.2-ci maddəsinə əsasən lizinq alan razıdır ki, lizinq alan lizinq verənlə bağladığı qüvvədə olan digər lizinq müqavilələri üzrə hər hansı öhdəliyini icra etməzsə, lizinq verən müqavilələr üzrə verilmiş lizinq obyektlərini lizinq alanın mülkiyyətinə verilməsini həmin öhdəliklər tamamilə icra edilənədək təxirə sala bilər. Lizinq alan razıdır ki, müqavilədən başqa lizinq alanla lizinq verən arasında bağlanmış digər lizinq müqavilələri də qüvvədə olduğu müddət ərzində lizinq alanın bu və ya digər lizinq müqavilələri üzrə həyata keçirdiyi ödənişləri lizinq verən öz seçiminə əsasən məbləği böyük olan öhdəliyin hesabına və ya tarixi keçmiş öhdəliklərinə görə gecikmə faizinin hesabına aid edə bilər. Həmin müqavilənin 6.4-cü maddəsinə əsasən lizinq alan müqavilə üzrə öhdəliklərini və ya borclarını tam yaxud qismən ödəməzsə və ya ödəniləsi borcların vaxtı çatarsa, yaxud vaxtında ödənişlər etməzsə, o zaman lizinq verən borclarını yığmaq və hüquqlarını həyata keçirmək üçün lazımi xəbərdarlıq edə və bildirişlər göndərə bilər, lizinq alana qarşı, möhlət vermək məcburiyyətində olmadan, hər hansı üsulla iddia qaldıra bilər. Lizinq alan barədə əmlak müsadirəsi yaxud iflas işi başlada və ya digər hüquqi vasitələrdən istifadə edə bilər.
7. "xxxx" MMC ilə lizinq alan Cavabdeh və alıcı “X6” QSC arasında xx.xx.2024-cü il tarixli, 765 nömrəli lizinq obyektinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən satıcı 2 ədəd Microscope Pico NEW, binocular 45, LED light source avadanlığının alıcıya satılmasını, alıcı isə həmin əmlakın müqavilə ilə müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini öhdələrinə götürür. Həmin müqavilənin 1.2-ci maddəsinə əsasən alıcı əmlakı sahibkar fiziki şəxs Cavabdeh lizinqə verilməsi məqsədilə öz mülkiyyətinə götürür. Həmin müqavilənin 1.3-cü maddəsinə əsasən lizinq alan alıcının müqavilə ilə müəyyən edilmiş bütün tələb hüquqlarına malikdir. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin predmeti olan əmlakın ümumi dəyəri 50000 manat təşkil edir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən əmlakın dəyərinin 100%-i onun qəbul edilməsindən sonra 5 iş günü ərzində alıcı tərəfindən satıcıya ödənilir.
8. xx.xx.2024-cü il tarixli 2014-cü il tarixli təhvil-təslim aktının məzmunundan məlum olur ki, xx.xx.2014-cü il tarixli 765/183/2014 saylı X4 müqaviləsi və xx.xx.2014-cü il tarixli 765 saylı alqı-satqı müqaviləsinin predmeti olan 2 ədəd “Microscope Pico NEW, binocular 45, LED light source” markalı stomatoloji avadanlığı satıcı təslim edib və lizinq alan təhvil alıb. Akt satıcı və lizinq verənin imzası və möhürü, lizinq alanın imzası ilə təsdiq edilmişdir.
9. Cavabdeh tərəfindən İddiaçı QSC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, Cavabdeh maddi imkanının aşağı olması səbəbindən lizinq ödənişlərini vaxtında edə bilmədiyinə görə gecikmə yaranmışdır. Hal-hazırda yaranmış lizinq borcunu hissə-hissə ödəmək iqtidarındadır. Cavabdeh İddiaçı QSC-dən gecikmələr səbəbindən yaranmış 27814 manat lizinq borcunun restrukturizasiya olunaraq yeni cədvəl əsasında ödənilməsinə şərait yaradılmasının xahiş etmişdir. Məktub cavabdehin imzası ilə təsdiq edilmişdir.
10. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli ödəniş cədvəlindən məlum olur ki, maliyyə lizinqi üzrə kreditin məbləği 37000 manat təşkil edir.
11. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh xx.xx.2014-cü il tarixli, 765/183/2014 X5 müqaviləsinə əsasən borcu xx.xx.2017-ci il tarixədək 26838,39 manat əsas borc, 975,68 manat faiz borcu cəmi: 27814,07 manat təşkil edir.
12. İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək borcun ödənilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
15. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixli, 765/183/2014 nömrəli X4 müqaviləsi bağlanmış, lizinq verən tərəfindən lizinq predmeti cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəflər arasında razılaşdırılmış ödəniş qrafikinə uyğun ödənişlər etmək öhdəliyini üzərinə götürsə də, müqavilə üzrə öhdəliklərini vaxtında icra etməmiş, ona görə də iddiaçının cavabdehə qarşı borcun ödənilməsi ilə bağlı tələb hüququ yaranmışdır. Cavabdeh İddiaçı QSC-yə məktub ünvanlayaraq 27814 manat borcu qəbul etdiyini, lakin hissə-hissə ödəmək imkanının olduğunu bildirmiş, yeni ödəniş qrafikinin tərtib edilməsini xahiş etmişdir.
16. İddia tələbini 30 oktyabr 2014-cü il tarixli, 765/183/2014 saylı X4 müqaviləsi üzrə 26838,39 manat əsas borc və xx.xx.2014-30.10.217-ci il dövrü üçün 975,69 manat faiz borcunun cavabdehdən tutulması təşkil edir.
17. Məhkəmə maddi hüquq normalarının tələblərini, müqavilə şərtlərinini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddia tələbi tam təmin edilməli, iddiaçı Cavabdeh 26838,39 manat (iyirmi altı min səkkiz yüz otuz səkkiz manat otuz doqquz qəpik) manat əsas borc, 975,69 manat (doqquz yüz yetmiş beş manat altmış doqquz qəpik) faiz borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.
18. Eləcə də iddiaçı ödənilmiş 175 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
19. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 173,44 manat cavabdehdən iddiaçını xeyrinə tutulmalıdır. İş üzrə ödənilməli olan dövlət rüsumu 173,44 manat təşkil etmişdir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli X4 müqaviləsi üzrə 26838,39 manat (iyirmi altı min səkkiz yüz otuz səkkiz manat otuz doqquz qəpik) manat əsas borc, 975,69 manat (doqquz yüz yetmiş beş manat altmış doqquz qəpik) faiz borcu, ödənilmiş dövlət rüsumuna görə 173,44 manat (yüz yetmiş üç manat qırx dörd qəpik) manat olmaqla, cəmi 27987,52 manat (iyirmi yeddi min doqquz yüz səksən yeddi manat əlli iki qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova