Məhkəmə qərarları › İş №e-2-2(113)-8937/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8937/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8937/2025 14.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2024-cü il tarixli, 14/24 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin: 1.1. 1.1-ci bəndinə əsasən, Müqaviləyə əsasən “Satıcı” (iddiaçı) “Alıcı”ya (cavabdehə) təmizlik məhsullarının satışını həyata keçirir. “Alıcı” isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir. 1.2. 1.2-ci bəndinə əsasən, Malın növü, çeşidi, tərkibi, sayı, digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşma ilə müəyyən edilir. 1.3. 2.1-ci bəndinə əsasən, Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan E-Qaimə Faktura ilə müəyyənləşdirilir. 1.4. 2.2 və 2.3-cü bəndlərinə əsasən, Malın “Alıcı”nın ünvanına çatdırılması “Alıcı” nın razılığı əsasında malın qiymətinə əlavə edilir. Malların təqdim olunan qiymətlərinə ƏDV daxil edilir. 1.5. 4.1 və 4.2-ci bəndlərinə əsasən, “Satıcı” Müqavilə əlavəsinə uyğun olaraq “Alıcı” tərəfindən təqdim edilən mal sifarişini 2 (iki) iş günü ərzində “Alıcı”ya təhvil verməyi öhdəsinə götürür. “Satıcı” Malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri “Alıcı”ya təqdim etməlidir. 1.6. 5.1, 5.2 və 5.3-cü bəndlərinə əsasən, Mallar “Alıcı”ya təhvil verildikdən sonra “Alıcı” 10 (on) iş günü ərzində Malın dəyərinin 100% həcmində ödəniş etməlidir. Malın “Alıcı”ya təhvil verilməsi ilə bağlı öhdəlik “Satıcı” tərəfindən lazımınca yerinə yetirilmədikdə “Alıcı” ödənişin həyata keçirilməsini təxirə salmaq hüququna malikdir. Alıcı tərəfindən ödənişin müqavilə şərtinə uyğun edilmədiyi halda satıcının müqaviləyə əlavədəki məbləğin günlük 0.10% dəbbə pulunu tələb etmək hüququ var.

2. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Qaimələr ilə ümumilikdə 19614 manat məbləğində mallar cavabdehə təhvil verildiyi görünür. Qaimələr cavabdehin özü tərəfindən imza ilə təsdiq edilmişdir.

3. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 19614 manat məbləğində MT2411 seriyalı, 10042945 nömrəli elektron-qaimə göndərilmişdir.

İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı tərəflər arasında bağlanmış 25 oktyabr 2024-cü il tarixli 14/24 nömrəli alqısatqı müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranmış borc qismində 19614 manat pulun və müqavilənin 5.3-cü bəndi ilə müəyyən olunan dəbbə pulu qismində 6440 manat pulun, həmçinin ödənilmiş dövlət rüsumu qismində 170 manat pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı ərizəsində göstərmişdir ki, tərəflər arasında, 25 oktyabr 2024-cü il tarixdə 14/24 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti təmizlik məhsullarının satışını həyata keçirməkdən ibarət olmuşdur. Satışı həyata keçirilən məhsulların qiyməti və miqdarı müqavilənin ayrılmaz hissəsi olan E-qaimə-faktura ilə müəyyənləşdirilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli və 3 054 nömrəli qaimə üzrə cavabdehə təhvil verilən 9000 ədəd məhsulun dəyəri 9450 manat, xx.xx.2024-cü il tarixli və 3 190 nömrəli qaimə üzrə təhvil verilən 9240 ədəd məhsulun dəyəri 10164 manat müəyyən edilmişdir. İddiaçı müqavilənin 4.1-ci bəndinə əsasən alıcı (cavabdeh) tərəfindən təqdim edilən mal sifarişini 2 iş günü müddətində təhvil verməyi, cavabdeh isə müqavilənin 5.1-ci bəndinə əsasən 10 iş günü müddətində həmin məhsulların dəyərini tam həcmdə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə iki qaimə üzrə 19614 manat dəyərində təmizlik məhsulları verilmişdir. Göründüyü kimi iddiaçı bu müqavilə ilə üzərinə götürdüyü bütün öhdəlikləri lazımi qaydada vaxtında yerinə yetirsə də cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçıya 25 oktybar 2025-ci il tarixə 19614 AZN borc və müqavilənin 5.3-cü bəndi ilə müəyyən olunan dəbbə pulu qismində 6440 AZN pul öhdəliyi yaranmışdır. Cavabdehə həmin öhdəliyi 3 gün müddətində yerinə yetirməsi üçün xx.xx.2025-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıq olunmuş, lakin o iddiaçıya olan 19614 manat borcunu və dəbbə pulu qismində 6440 manat pulu ödəməmişdir. Hesab edirik ki, cavabdehə qarşı irəli sürdüyümüz iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə yaranmış 19614 manat pul və 6440 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməlidir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim etməmişdir.

MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:

7. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:

Azərbaycan Respublikası Mülki Məcəllə:

8. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

9. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

12. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

13. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

15. Maddə 570.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alqı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır.

16. Maddə 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

17. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

18. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

23. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

24. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.

25. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

26. Qeyd edilən müddəadan da (MM-nin 386.1-ci maddəsi) göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya qanundan əmələ gəlməklə əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır) və ya özgə işlərinin tapşırıqsız aparılması, ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.

27. Mülki Məcəllənin 567-ci maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandığı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.

28. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 14/24 saylı alqı-satqı müqaviləsinin bağlanması ilə müqavilə üzrə öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilənin predmetinə əsasən, İddiaçı cavabdehə təmizlik məhsullarının satışını həyata keçirməyi, cavabdeh isə həmin Malı qəbul etməyi və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

29. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən, Malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan E-Qaimə Faktura ilə müəyyənləşdirilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Qaimələr ilə ümumilikdə 19614 manat məbləğində mallar cavabdehə təhvil verilmiş, qaimələr cavabdehin özü tərəfindən imza ilə təsdiq edilmişdir. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 19614 manat məbləğində MT2411 seriyalı, 10042945 nömrəli elektron-qaimə göndərilmişdir.

30. Beləliklə, iddiaçı müqavilə ilə üzərinə götürdüyü malların təhvil verilməsinə dair öhdəliyini lazımınca icra etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilənin 5.1-ci bəndinə əsasən, Mallar ona təhvil verildikdən sonra 10 (on) iş günü ərzində Malın dəyərinin 100% həcmində ödəniş etməyi öhdəsinə götürmüşdür. Cavabdeh isə göstərilən müqavilə əsasında malları almasına dair hüququndan istifadə etmiş, lakin onun dəyərini ödəməyərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Odur ki iddiaçı 19614 manat məbləğində əsas borcun cavabdeh tərəfindən ödənilməsinə dair hazırkı iddia tələbini irəli sürməkdə haqlıdır.

31. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

32. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır.

33. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq 980 manat məbləğində müəyyən edilməsini daha ağlabatan hesab edir.

34. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən (təqribən 79% həcmində) dövlət rüsumu da ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir.

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 25 oktyabr 2024-cü il tarixli 14/24 nömrəli alqı-satqı müqaviləsi üzrə 19614 manat əsas borc, 980 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun 134 manat hissəsi Cavabdeh2 tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 36 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar