Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-894/2023 10.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, mülki məsuliyyətin icbari sığortası, yüksək təhlükə mənbəyinin sahibi, sığorta ödənişinin məbləği) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Xəlilli Səmral Vasif oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdeh “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra “X1 "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2738,90 manat məbləğində sığorta ödənişinin əvəzinin və 60 manat mediasiya xərcinin iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, cavabdehə məxsus **-JX-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 3340K” markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində iddiaçı tərəfindən “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. Həmin avtonəqliyyat vasitəsi ilə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə 99LS072 dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, sığorta predmetini idarə edən X9 yol-nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerini tərk etmişdir. Bununla bağlı yol patrul xidməti tərəfindən TP ******* seriya və nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Zərər vurulan nəqliyyat vasitəsi qiymətləndirilmiş, tərtib olunmuş zərər aktına əsasən 99LS072 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 2738,90 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən sığorta aktına əsasən dəymiş zərərin bərpası üçün 2738,90 manat sığorta ödənişinin zərər vurulan avtonəqliyyat vasitəsinin təmiri üçün müvafiq şəxsə köçürülməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Cavabdehə, ödənilmiş məbləğin şirkətin hesabına ödənilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tələb olunan məbləği ödəməmişdir. Halbuki mülki hüquq pozuntusu (delikt) cavabdehin sürücüsü tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində digər avtomobilin sahibinə maddi zərər vurulmuşdur.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25, 63-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 936, 1108-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, 06 iyul 2023-cü il tarixli 9/3035 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyildir. Belə ki, ekspertiza nəzəri hesablama yolu ilə həyata keçirilmiş, rəyin sonunda – qeyd hissəsində də təmir işlərinin dəyərində qismən dəyişiklik ola biləcəyi göstərilmişdir. Həmçinin ekspertiza rəyi zamanı köhnəlmə dərəcəsinin tətbiqi də doğru olmamışdır, çünki ekspertizaya təqdim edilən aktda ehtiyat hissələrin köhnə və yaxud yeni olması əks olunmayıbdır. Bu səbəblərdən ekspertiza rəyinin mötəbərliyi şübhə doğurur və nəzərə alınmamalıdır.
6. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Subroqasiya qaydasında pulun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər, mümkün və aid sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
10. İddia ərizəsinə əlavə olunmuş AB 266645 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2008-ci il buraxılışı NBM**********7048 şassi nömrəli “Mersedes Bens 3340K” yük markalı 99JX216 qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış və sahibi "xxxx" Açıq Səhmdar Cəmiyyətidir.
11. Məhkəməyə təqdim edilən kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən xx.xx.2013-cü il tarixli **********253000 nömrəli çıxarışdan görünür ki, “X1 "xxxx" ASC-nin əvvəlki adı "xxxx" Açıq Səhmdar Cəmiyyəti olmuşdur.
12. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, iddiaçı sığortaçı, cavabdeh sığortalı, icbari sığortanın növü AVSMMİS, “Mercedes Benz 3340K” markalı NMB**********7048 şassi nömrəli 99JX216 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta predmeti qismində çıxış etməklə tərəflər arasında xx.xx.2019-cu il tarixdə PPA********** nömrəli sığorta müqaviləsi bağlanmış, müqavilənin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək qüvvədə olması şərtləndirilmişdir. Adıçəkilən müqavilə üzrə sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manat təşkil etmişdir.
13. İş materiallarında olan sürücü Əliosmanov Əliyə “Mersedes Bens 3340” markalı 99JX216 dövlət qeydiyyat nişanlı avtomobil üzrə verilmiş 10-11 avqust 2019-cu il tarixli ******* nömrəli yük maşınının yol vərəqəsindən görünür ki, sürücünün xx.xx.2019-cu il tarixdə saat 8-dən etibarən “Qurd qapısı – Xaçmaz Aqropark – Nasosnı” marşrutu üzrə (H.Z.Tağıyev qəsəbəsi daxil) hərəkət etməsi nəzərdə tutulmuşdur.
14. Məhkəməyə təqdim edilən AP ******* seriya və nömrəli xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2019-cu il tarixində saat 20:00-da “Mercedes” markalı 90JX216 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X9 Z.Tağıyev qəsəbəsi daxilində geriyə hərəkət edərkən təhlükəsizliyi təmin etməyib, nəticədə “Toyota” markalı 99LS072 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub və hadisə yerini tərk etmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir.
15. İş materiallarında olan inzibati tənbeh tətbiq etmə haqqında TP ******* seriya və nömrəli xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
16. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 2562 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın 2-ci hissəsindən görünür ki, xx.xx.2019-cu il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində X7 mülkiyyətində, X8 idarəetməsində olan “Toyota” markalı 99LS072 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir.
17. İddia ərizəsinə əlavə edilmiş 03 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, 11 avqust 2019-cu il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış “Toyota Corolla” markalı 99LS072 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 2378,9 manat zərər müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmişdir.
18. Məhkəməyə təqdim edilən xx.xx.2019-cu il tarixli 164 nömrəli hesabdan (icraçı X10) görünür ki, “Toyota Corolla” markalı 99LS072 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi üzrə ehtiyat hissələri və göstərilmiş xidmətlərin ümumi dəyəri 2378,9 manat təşkil etmişdir.
19. İş materiallarına əlavə edilən xx.xx.2019-cu il tarixli sığorta aktından görünür ki, 2378,9 manat sığorta ödənişi avtomobilin təmiri üçün fiziki şəxs X4 hesabına köçürülməsi nəzərdə tutulmuşdur.
20. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı və icra qeydindən görünür ki, 2378,9 manat məbləğində pul X4 bank hesabına köçürülmüşdür.
21. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehin mülkiyyətində olan “Mercedes Benz 3340K” markalı 99JX216 dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış, X9 11 avqust 2019-cu il tarixdə həmin avtomobili yol vərəqəsi əsasında idarə edərkən Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi daxilində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerini tərk etmiş, nəticədə “Toyota Corolla” markalı 99LS072 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsi tərəfindən tərtib edilmiş TP ******* seriya və nömrəli xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən “Mercedes Benz 3340K” markalı 99JX216 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X9 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarının pozulmasına və yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən təqsirli şəxs kimi “Mercedes Benz 3340K” markalı 99JX216 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X9, zərər vurulan nəqliyyat vasitəsi kimi isə “Toyota Corolla” markalı 99LS072 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi tanınmışdır. X10 tərəfindən tərtib edilmiş hesaba əsasən xx.xx.2019-cu il tarixli “Toyota Corolla” markalı 99LS072 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərər 2738,9 manat müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli sığorta aktına əsasən iddiaçı 2378,9 manat sığorta ödənişini həyata keçirmişdir
22. İddiaçı, sürücü hadisə yerindən yayındığına görə həmin sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını xahiş edir.
23. Cavabdeh yazılı qaydada məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş edir, lakin etirazının əsası kimi çıxış edən halları və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmir.
24. Məhkəmə qəbul olunacaq qətnamə hüquq və vəzifələrinə təsir edə biləcəyi üçün X5 iş üzrə cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmiş, lakin “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumata əsasən X3 xx.xx.2021-ci il tarixdə öldüyü müəyyən olunmuşdur.
25. Məhkəmə ilk növbədə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xarvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
27. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin qeyd edir ki, kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
28. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına və “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iş materialları ilə tanış olmaq imkanının olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə əsaslı etirazın və etirazın əsası kimi istinad edilən halları təsdiq edən sübutların təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
29. Məhkəmə mübahisənin həlli üçün tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir.
30. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
31. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
32. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranması əsasları “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində göstərilmişdir.
33. İddiaçının istinad etdiyi hallardan (X3 yol-nəqliyyat hadisəsi yerindən yayınması) müəyyən olunur ki, o, subroqasiya hüququnun yaranmasını həmin Qanunun 25.1.8-ci maddəsi ilə əsaslandırmışdır.
34. Həmin maddənin tələblərinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda yaranır.
35. Həmin Qanunun 63.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 63.2ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.
36. Məhkəmə hesab edir ki, hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur.
37. Belə ki, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Mercedes Benz 3340K” markalı 99JX216 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı “X1 "xxxx" ASC-nin sürücüsü olmuş X3 təqsirli hərəkətləri nəticəsində digər şəxsə məxsus “Toyota Corolla” markalı 99LS072 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, eyni zamanda yol-nəqliyyat hadisəsi baş verən vaxt sürücü X9 yol hərəkəti qaydalarını pozduğuna və hadisə yerindən yayındığına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 327.1-ci və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələrinə uyğun olaraq təqsirli bilinmiş və iddiaçı avtomobillərə dəymiş zərəri ödəyərək, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.8 və 63.1-ci maddələri və Mülki Məcəllənin 936.1-ci maddəsinin tələblərinə uyğun olaraq tələbetmə hüququnu əldə etmişdir.
38. Məhkəmə zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyətin Mülki Məcəllənin 1099-cu maddəsi və ya 1108-ci maddəsi ilə təsbit edilmiş qaydada ödənilməsi ilə bağlı isə aşağıdakıları qeyd edir.
39. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
40. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
42. Hazırkı iş üzrə X9 yol vərəqəsi əsasında nəqliyyat vasitəsini idarə edən sürücü olmuşdur. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında ifadə olunan hüquqi mövqeyə əsasən qiymətləndirdikdə məhkəmə qeyd edir ki, X9 Mülki Məcəllənin 1108.1-ci maddəsində göstərilən “yüksək təhlükə mənbəyinə sahiblik edən şəxs” hesab edilə bilməz. İddiaçının tələbi də “Mercedes Benz 3340K” yük markalı 99JX216 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisinə (qanuni sahibiblik edən şəxsə) yönəlmişdir.
43. Bu səbəbdən əlavə olaraq həmin mülkiyyətçi ilə X9 arasında əmək və ya xidmət münasibətlərinin olub-olmadığını araşdırmaq prosessual qənaət prinsipi ilə uzlaşmır. Belə ki, mülkiyyətçinin həm də işəgötürən olması cavabdehin Mülki Məcəllənin 1108-ci maddəsinə əsaslanan zərərin əvəzini ödəmək vəzifəsinə təsir edən amil deyildir. Belə bir araşdırma yalnız o zaman zəruri ola bilərdi ki, cavabdeh həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən hüquqi şəxs olmasın və ya tələb nəqliyyat vasitəsinə qanuni sahibiblik edən şəxsə və sürücüyə (işçiyə) qarşı irəli sürülmüş olsun.
44. Eyni zamanda hər iki halda (həm Mülki Məcəllənin 1099-cu, həm də 1108-ci maddəsi ilə təsbit edilən halda) Mülki Məcəllənin 1114-cü maddəsində nəzərdə tutulmuş qaydada zərər vurmuş şəxsə reqress hüququ əmələ gəlir.
45. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, zərər yüksək təhlükə mənbəyi hesab edilən nəqliyyat vasitəsi ilə vurulduğundan, nəqliyyat vasitəsinə mülkiyyət hüququ ilə qanuni sahibiblik edən şəxs cavabdeh olduğundan, tələb ancaq ona qarşı yönəldiyindən zərərin əvəzinin ödənilməsi ilə bağlı məsuliyyət Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən müəyyən edilməlidir.
46. Bu baxımdan məhkəmə hesab edir ki, yüksək təhlükə mənbəyi olan “Mercedes Benz 3340K” markalı 99JX216 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi kimi çıxış edən mülkiyyətçi “X1 "xxxx" ASC yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyət daşıyır.
47. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı işdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.2-ci maddəsində göstərilən əsaslar mövcuddur və iddiaçı ödənilmiş sığorta ödənişini subroqasiya qaydasında cavabdeh “X1 "xxxx" ASC-dən tələb etməkdə haqlıdır.
48. Lakin məhkəmə iddianın obyekti ilə tam həcmdə razı deyildir.
49. Belə ki, “Toyota Corolla” markalı 99LS072 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 2019-cu ilin oktyabr ayına qiymətlər əsasında xx.xx.2019-cu il tarixli 164 saylı hesabda göstərilən təmir-bərpa işlərinin (avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə və fotoşəkillərə baxış keçirməklə) görülməsi üçün nə qədər vəsaitin tələb olunduğunun müəyyən edilməsi üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-894/2023 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2023-cü il tarixli 9/3035 nömrəli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışı “Toyota Corolla” markalı 99LS072 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2314,0 manat göstərilmişdir.
50. Həmin rəylə razı olmayan iddiaçı tərəf öz mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli 164 saylı hesabda əks olunan ehtiyat hissələrinin qiymətlərinin nəqliyyat vasitəsinin köhnəlmə dərəcəsi nəzərə alınmaqla yoxsa nəzərə alınmadan müəyyən edildiyi göstərilməmişdir.
51. Əvvəla qeyd edilməlidir ki, ekspert rəyi ilə razılaşmayan iddiaçı tərəf təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət məhkəməyə təqdim etməmişdir.
52. Digər tərəfdən, 06 iyul 2023-cü il tarixli 9/3035 nömrəli ekspert rəyində cədvəldə göstərilən ehtiyat hissələri və xidmətlərin dəyəri, rəydə də qeyd edildiyi kimi, müstəsna olaraq xx.xx.2019-cu il tarixli 164 saylı hesaba əsaslanmamış, bu zaman yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Belə olan halda, ekspert rəyində olan cədvəldəki qiymətləri və xx.xx.2019-cu il tarixli 164 saylı hesabda göstərilən ehtiyat hissələrinin qiymətlərini müqayisəli təhlil etdikdə həmin hesabda avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilmədən onların qiymətlərinin müəyyənləşdirildiyi aydın olur. Məhkəmə qeyd edir ki, avtomobilin buraxılış ilinin 2013-cü il olduğu nəzərə alındıqda ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilmədən xx.xx.2019-cu il tarixli 164 saylı hesabda onların qiymətlərinin müəyyənləşdirilməsi, iddiaçının isə bu halı mübahisələndirmədən tələb olunan məbləği ödəməsi cavabdehin məsuliyyətinin artmasına əsas ola bilməz.
53. Məhkəmə həmçinin nəzərə alır ki, iddia obyektini təşkil edən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) müvafiq məbləğlərin müəyyənləşdirilməsində həlledicidir.
54. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən subroqasiya qaydasında tutulmalı məbləğ 2314 manat təşkil edir.
55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, cavabdeh “X1 "xxxx" ASC-dən 2314 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
56. İddiaçı eləcə də 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasını xahiş etmişdir.
57. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-7550 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçının nümayəndəsi mediasiya sessiyasında iştirak etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak etməmiş və iddiaçının nümayəndəsi tərəfindən mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərci ödənmişdir.
58. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 06 iyul 2023-cü il tarixli 9/3035 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 50 manat təşkil edir.
59. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
60. Həmin Məcəllənin 115.0, 115.0.4 və 115.0.9-cu maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
61. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
62. Göründüyü kimi, bütün növdən olan kommersiya mübahisələri üzrə fiziki və hüquqi şəxslər üçün ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.
63. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
64. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 51 manat cavabdeh “X1 "xxxx" ASC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, mediasiya xərci qalan hissədə iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq 43 manat cavabdeh “X1 "xxxx" ASC-dən tutularaq, 7 manat məbləğində pul iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
V. Nəticə:
65. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 2314 (iki min üç yüz on dörd) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 51 (əlli bir) manat məbləğində pul cavabdeh “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 43 (qırx üç) manat məbləğində pul cavabdeh “X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 7 (yeddi) manat məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim: Nərmin Əhmədova