Məhkəmə qərarları › İş №e-2-2(113)-897/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-897/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-897/2025 19.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X2 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “İddiaçı Cavabdeh MMC-yə qarşı “borc” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, 32/ASM nömrəli “Akkumulyator, qalvanik element və elektrik batareyası tullantılarının idarə edilməsi”nə dair müqavilə üzrə xx.xx.2023-cü il tarixə yaranmış borca görə 85.102,10 (səksən beş min yüz iki manat on qəpik) manat məbləğində pul vəsaitinin, borcun gecikdirilməsinə görə 4.255,10 (dörd min iki yüz əlli beş manat on qəpik) məbləğində pul vəsaitinin, 357,07 (üç yüz əlli yeddi manat yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, 300 (üç yüz) manat məbləğində hüquqi xidmət göstərilməsi üçün ödənilmiş xərcin əvəzinin Cavabdehndən tutularaq, İddiaçınə ödənilməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli, 32/ASM nömrəli “Akkumulyator, qalvanik element və elektrik batareyası tullantılarının idarə edilməsi”nə dair müqavilə bağlanmışdır. Müqavilənin predmetini “Azneft” X1 idarəedilməsi (TİEM) və ya razılaşdırılmış digər məntəqədə yerləşdirilmiş, İddiaçı üzrə neft-qaz əməliyyatlarının aparılması üçün tələb olunmayan material qiymətlərinə aid və təkrar emala yararlı tullantı olan akkumulyator, qalvanik element və elektrik batareyaları tullantılarının ekoloji tələblərə uyğun olaraq zərərsizləşdirilməsi və emalı üçün hərrac yolu alqı-satqısı, ərtaf mühitin mühafizəsi və tullantıların təkrar istifadəsi bacarığının inkişaf etdirilməsi məqsədilə qarşılıqlı faydalı əməkdaşlıq edilməsi təşkil edir. Belə ki, “Azneft” İB neft-qaz əməliyyatları prosesində formalaşan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Puta-KorgözQızıldaş-Sahil yolu, 12-ci km “3” ünvanında Tullantıların idarə edilməsi mərkəzində (TİEM) idarə edilməsini təşkil etmiş, orada yerləşdirilmiş akkumulyator, qalvanik element və elektrik batareyaları tullantılarının ekoloşi tələblərə uyğun idarə edilməsini təşkil etmək niyyəti ilə qeyd olunan tullantıların özgəninkiləşdirilməsi məqsədilə qapalı hərrac keçirmiş, həmin hərracda Cavabdeh MMC şirkəti qalib gəlmiş, hərracın qalibi Cavabdeh MMC şirkəti tərəfindən tullantıların idarə edilməsi məqsədilə qəbul edilməsi haqqında “Azneft”İB-yə rəsmi təminat məktubu verilmiş və tərəflər arasında yuxarıda sözügedən müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə: 2.1. Keçirilmiş hərrac nəticəsində müəyyən edilmiş müqavilənin məbləği “İcraçı” tərəfindən “Sifarişçi”yə ödənilir. 2.2. Plastik və polietilen tullantılarının vahidinin idarə edilməsi prosesində 1180.00 man/tn, ƏDV daxil olmaqla 1392,4 man/tn tətbiq edilməlidir. 2.3. Müqavilənin ümumi məbləği 61,2 tn akummulyator, qalvanik element və elektrik batareyaları tullantıları nəzərə alınmaqla ƏDV daxil olmaqla85.214,88 manat təşkil etmişdir. Müqavilənin şərtlərinə uyğun olaraq, “Azneft” İB tullantıları lazımi şəkildə Cavabdeh MMC-yə təhvil vermiş, müvafiq aktlar imzalanmışdır. Lakin cavabdeh təhvil aldığı tullantılar üçün ödənilməli olan məbləği tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixdən 85.102,10 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı müraciət edilsə də, cavabdeh iddiaçının xahişinə hər hansı formada cavab verməmiş, ümumiyyətlə, yaranmış borcdan heç bir ödəniş etməmişdir. Həmçinin, borcun gecikdirilməsinə görə bir illik gecikdirmə faizi 4.255,10 (dörd min iki yüzəlli beş manat on qəpik) manat təşkil edir. Hesab edirik ki, iddiatəmin edilərkən, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi şəkildə icra etməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımi şəkildə icra etməmişdir. Odur ki, İddiaçı mövcud tələblə məhkməəyə müraciə etmək məcburiyyətində qalmışdır.

3. Cavabdehin nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı “Azneft” İB neft-qaz əməliyyatları prosesində formalaşan tullantıları Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Puta-Korgöz-Qızıldaş-Sahil yolu, 12-ci km “3” ünvanında Tullantıların idarə edilməsi mərkəzində (TİEM) idarə edilməsini təşkil etmək və orada yerləşdirilmiş neft-qaz əməliyyatlarının aparılması üçün tələb olunmayan material qiymətlilərinə aid və təkrar emala yararlı tullantı olan akkumulyator, qalvanik element və elektrik batareyaları tullantılarının ekoloji tələblərə uyğun idarə edilməsini təşkil etmək niyyəti ilə Tullantıların idarə edilməsi mərkəzində yığılmış akkumulyator, qalvanik element və elektrik batareyaları tullantıların hərrac yolu ilə özgəninkiləşdirilməsinə dair qapalı hərrac keçirmiş və həmin hərracda Cavabdeh MMC qalib gəlmişdir. Hərracın nəticələrinə uyğun olaraq iddiaçı “Azneft” İB ilə Cavabdeh MMC arasında “Akkumulyator, qalvanik element və elektrik batareya tullantılarının idarə olunması haqqında” 32/ASM nömrəli xx.xx.2023-cü il tarixli müqavilə (bundan sonra – Müqavilə) bağlanmışdır. Müqavilənin predmetini iddiaçı “Azneft” İB-nin Tullantıların idarə edilməsi mərkəzində (TİEM) və ya razılaşdırılmış digər məntəqədə yerləşdirilmiş neft-qaz əməliyyatlarının aparılması üçün tələb olunmayan material qiymətlilərinə aid və təkrar emala yararlı tullantı olan akkumulyator, qalvanik element və elektrik batareyaları tullantılarının ekoloji tələblərə uyğun olaraq zərərsizləşdirilməsi və təkrar emalı üçün hərrac yolu ilə alqı-satqısı təşkil edir. Müqavilənin şərtlərinə əsasən - 2.1. Keçirilmiş hərrac nəticəsində müəyyən edilmiş müqavilənin məbləği “İcraçı” tərəfindən “Sifarişçi”yə ödənilir. - 2.2. Plastik və polietilen tullantılarının vahidinin idarə edilməsi prosesində 1180.00 man/tn, ƏDV daxil olmaqla 1392,4 man/tn tətbiq edilməlidir. - 2.3. Müqavilənin ümumi məbləği 61,2 ton akkumulyator, qalvanik element və elektrik batareyaları tullantıları nəzərə alınmaqla ƏDV daxil olmaqla 85.214,88 manat təşkil etmişdir. - 5.1. “Sifarişçi” tullantıları “İcraçı”nın müəyyən etdiyi hissələrlə göndərməlidir. Tullantıların hissə-hissə təhvil-qəbul prosesi 2 nüsxədə təhvil-qəbul aktı əsasında, faktiki göndərilmiş həcm və dəyəri təsdiq edilməklə sənədləşdirilir. - 5.3. "İcraçı" tərəfindən tullantının dəyərinin ödənişi "Sifarişçi" tərəfindən ona təqdim edilmiş təhvilqəbul Aktı və hesab-faktura əsasında 10 (on) bank günü ərzində köçürmə yolu ilə "Sifarişçi”nin hesabına Azərbaycan manatı ilə köçürmə yolu ilə həyata keçirilir. - 13.2. Müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 (bir) ay qalmış tərəflərdən hər hansı biri rəsmi qaydada müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmasına etiraz etməzsə hazırki müqavilə növbəti 1 (bir) il üçün uzadılmış hesab ediləcəkdir. - 13.3. Müqavilənin müddətinin bitməsi və ya müqaviləyə xitam verilməsi Tərəflərin müqavilə üzrə yaranmış öhdəliklərinin tam icra olunmasına qədər qüvvəsini saxlamalıdır. - 14.5. “Sifarişçi”nin təqdim etdiyi və "İcraçı" tərəfindən mübahisələndirilməyən hesab-fakturanı "İcraçı" qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olmadan ödəməkdən imtina etdikdə, "Sifarişçi" bu Müqaviləyə xitam verə bilər. Hesab edirik ki, qeyd edilmiş iş üzrə iddiaçı “Azneft” İB-nin iddia ərizəsi qanunsuz və əsassızdır. Müqavilənin şərtlərindən göründüyü kimi, iddiaçı “Azneft” İB 61,2 ton akkumulyator, qalvanik element və elektrik batareyaları tullantılarını cavabdehə təhvil verməli, Cavabdeh MMC isə əvəzində 85.214,88 (səksən beş min iki yüz on dörd manat səksən səkkiz qəpik) manat pul vəsaitini İddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan sənədlərdən göründüyü kimi Cavabdeh MMC və “Azneft” İBnin nümayəndələrinin, həmçinin Ə. C. Əmirov adına NQÇİ-nin SƏTƏMM və KN Departamentinin rəis müavini Z. Salmanov, "xxxx" QSC-nin Tullantı mərkəzinin rəisi O.Qəndilov və Ekologiya İdarəsinin böyük mühəndisi Z.Koroğluyevin iştirakı ilə tərtib olunmuş və imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-qəbul aktına görə 20,449 ton, xx.xx.2023-cü il tarixli təhvil-qəbul aktına görə 20.855 ton və xx.xx.2023-cü il tarixli təhvilqəbul aktına görə 19,815 ton akkumulyator və qalvanik element tullantısı Cavabdeh MMCyə təhvil verilmiş və tullantıların təhvil verilməsi prosesində tərəflərdən birinin digərinə heç bir iradı olmamışdır. Qeyd edilmiş xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli təhvil-qəbul aktlarına görə ümumilikdə 61,119 ton akkumulyator və qalvanik element tullantısı iddiaçı “Azneft” İB tərəfindən Cavabdeh MMCyə təhvil verilmişdir. Halbuki iş materiallarına əlavə edilmiş iddiaçı “Azneft” İB ilə Cavabdeh MMC arasında bağlanmış “Akkumulyator, qalvanik element və elektrik batareya tullantılarının idarə olunması. haqqında” 32/ASM nömrəli xx.xx.2023-cü il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən iddiaçı “Azneft” İB tərəfindən Cavabdeh MMC-yə təhvil verilməli akkumulyator, qalvanik element və elektrik batareyaları tullantılarının ümumi həcmi 61,2 ton olmalı idi. Bununla da, Müqavilə üzrə öhdəliklərini tam icra etməyərək həmin müqavilənin şərtlərini pozan məhz iddiaçı “Azneft” İB olmuşdur. Təqdim edilmiş təhvil-qəbul Aktı və hesab-faktura əsasında 10 (on) bank günü ərzində köçürmə yolu ilə "Sifarişçi”nin hesabına Azərbaycan manatı ilə köçürmə yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.7.3-cü bəndinə əsasən işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində elektron qaiməfaktura təqdim edilir. Qanunvericiliyin və Müqavilənin tələblərinə əsasən iddiaçı “Azneft” İB tərəfindən tullantılar Cavabdeh MMC-yə təqdim edildiyi tarixdən 5 (beş) gün müddətində elektron qaimə-faktura Cavabdeh MMC-yə təqdim edilməli və tullantının dəyəri elektron qaimə-faktura təqdim olunduğu tarixdən 10 (on) bank günü ərzində köçürmə yolu ilə Cavabdeh MMC tərəfindən iddiaçı “Azneft” İB-nin bank hesabına köçürməli idi. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, EBDW seriyalı, 498093 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görünür ki, 61,119 ton təhvil verilmiş akkumulyator, qalvanik element və elektrik batareya tullantılarına görə 85.102,10 (səksən beş min yüz iki manat on qəpik) manat məbləğdə pul vəsaiti Cavabdeh MMC tərəfindən iddiaçı “Azneft” İB-ə ödənilməli idi. Göründüyü kimi, iş materiallarına əlavə olunmuş sonuncu təhvil-qəbul aktı xx.xx.2023- cü il tarixdə tərtib olunsa da, həmin təhvil-qəbul aktları üzrə elektron qaimə-faktura iddiaçı “Azneft” İB tərəfindən həmin tarixdən 7 (yeddi) ay sonra – xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Odur ki, elektron qaimə-faktura iddiaçı “Azneft” İB tərəfindən qanunvericiliyin və müqavilənin tələblərini pozaraq verildiyindən həmin elektron qaimə-faktura etibarsızdır və həmin elektron qaimə-faktura üzrə ödəniş tələb oluna bilməz.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdi.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 32/ASM nömrəli “Akkumulyator, qalvanik element və elektrik batareyası tullantılarının idarə edilməsi”nə dair müqaviləyə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən Azneft" İB-nin Tullantıların idarə edilməsi mərkəzində (TİEM) və ya razılaşdırılmış digər məntəqədə yerləşdirilmiş. "Azneft" İB üzrə neft-qaz əməliyyatlarının aparılması uçun tələb olunmayan material qiymətlilərinə aid və təkrar emala yararlı tullantı olan akkumulyator, qalvanik element və elektrik batareyaları tullantılarının ekoloji tələb ə uyğun olaraq zərərsizləşdirilməsi və təkrar emalı üçün hərrac yolu ilə alqı-satqısı.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən keçirilmiş hərrac nəticəsində müəyyən edilmiş müqavilənin məbləği “İcraçı” tərəfindən “Sifarişçi”yə ödənilir.

10. Müqavilənin 2.2-ci bəndinə əsasən Plastik və polietilen tullantılarının vahidinin idarə edilməsi prosesində 1180.00 man/tn, ƏDV daxil olmaqla 1392,4 man/tn tətbiq edilməlidir.

11. Müqavilənin 2.3.-cü bəndinə əsasən Müqavilənin ümumi məbləği 61,2 ton akkumulyator, qalvanik element və elektrik batareyaları tullantıları nəzərə alınmaqla ƏDV daxil olmaqla 85.214,88 manat təşkil etmişdir.

12. Müqavilənin 5.1-ci bəndinə əsasən “Sifarişçi” tullantıları “İcraçı”nın müəyyən etdiyi hissələrlə göndərməlidir. Tullantıların hissə-hissə təhvil-qəbul prosesi 2 nüsxədə təhvilqəbul aktı əsasında, faktiki göndərilmiş həcm və dəyəri təsdiq edilməklə sənədləşdirilir.

13. Müqavilənin 5.3-cü bəndinə əsasən "İcraçı" tərəfindən tullantının dəyərinin ödənişi "Sifarişçi" tərəfindən ona təqdim edilmiş təhvil-qəbul Aktı və hesab-faktura əsasında 10 (on) bank günü ərzində köçürmə yolu ilə "Sifarişçi”nin hesabına Azərbaycan manatı ilə köçürmə yolu ilə həyata keçirilir.

14. Müqavilənin 13.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 (bir) ay qalmış tərəflərdən hər hansı biri rəsmi qaydada müqavilənin qüvvədə olma müddətinin növbəti il üçün uzadılmasına etiraz etməzsə hazırki müqavilə növbəti 1 (bir) il üçün uzadılmış hesab ediləcəkdir.

15. Müqavilənin 13.3-cü bəndinə əsasən Müqavilənin müddətinin bitməsi və ya müqaviləyə xitam verilməsi Tərəflərin müqavilə üzrə yaranmış öhdəliklərinin tam icra olunmasına qədər qüvvəsini saxlamalıdır.

16. Müqavilənin 14.5-ci bəndinə əsasən “Sifarişçi”nin təqdim etdiyi və "İcraçı" tərəfindən mübahisələndirilməyən hesab-fakturanı "İcraçı" qanunvericiliklə nəzərdə tutulmuş əsaslar olmadan ödəməkdən imtina etdikdə, "Sifarişçi" bu Müqaviləyə xitam verə bilər.

17. xx.xx.2023-cü il tarixli təhvil-qəbul aktına əsasən 20.449 ton həcmində, xx.xx.2023-cü il tarixli akta əsasən 20.885 ton həcmində və xx.xx.2023-cü il tarixli təhvilqəbul aktına əsasən 19.815 ton həcmində akkumlyator və qalvanik element tullantısı Cavabdeh MMC-yə təhvil verilmiş və hər iki tərəfin imzası ilə təsdiqlənmişdir.

18. xx.xx.2023-cü il tarixli XŞU 030790 saylı istehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasına əsasən 61.119 ton həcmində akkumlyator və qalvanik element tullantısı Cavabdeh MMC-yə təhvil verilmiş (qəbul edən X3-anbardar) və yekun məbəğ 72120.42 manat müəyyən edilmişdir.

19. xx.xx.2024-cü il tarixli EBDW498093 saylı e-qaiməyə əsasən 61.119 ton həcmində akkumlyator və qalvanik element tullantısı satışı üzrə ƏDV daxil 85102.10 manat məbləğinə dair e-qaimə tərtib edilərək cavabdeh MMC-yə göndərilmişdir.

20. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

24. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

25. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

26. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

28. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 32/ASM nömrəli “Akkumulyator, qalvanik element və elektrik batareyası tullantılarının idarə edilməsi”nə dair müqaviləyə əsasən: Müqavilənin 1.1-ci bəndinə əsasən Azneft" İB-nin Tullantıların idarə edilməsi mərkəzində (TİEM) və ya razılaşdırılmış digər məntəqədə yerləşdirilmiş. "Azneft" İB üzrə neft-qaz əməliyyatlarının aparılması uçun tələb olunmayan material qiymətlilərinə aid və təkrar emala yararlı tullantı olan akkumulyator, qalvanik element və elektrik batareyaları tullantılarının ekoloji tələb ə uyğun olaraq zərərsizləşdirilməsi və təkrar emalı üçün hərrac yolu ilə alqı-satqısı. Müqavilənin 2.1-ci bəndinə əsasən keçirilmiş hərrac nəticəsində müəyyən edilmiş müqavilənin məbləği “İcraçı” tərəfindən “Sifarişçi”yə ödənilir. Müqavilənin 2.2-ci bəndinə əsasən Plastik və polietilen tullantılarının vahidinin idarə edilməsi prosesində 1180.00 man/tn, ƏDV daxil olmaqla 1392,4 man/tn tətbiq edilməlidir. Müqavilənin 2.3.-cü bəndinə əsasən Müqavilənin ümumi məbləği 61,2 ton akkumulyator, qalvanik element və elektrik batareyaları tullantıları nəzərə alınmaqla ƏDV daxil olmaqla 85.214,88 manat təşkil etmişdir. Beləliklə, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, (təhvil-təslim aktlarına əsasən akkumulyator və qalvanik element tullantısı cavabdeh quruma təhvil verilsə də) cavabdeh öz müqavilə öhdəliklərini icra etməyərək qəbul edilən tullantıların dəyərini iddiaçıya ödəməmişdir. Cavabdehin yazılı etirazında göstərilən arqumentləri məhkəmə formal, tamamilə əsassız hesab edərək, borcun ödənişindən yayınmaq məqsədi verildiyi kimi giymətləndirir.

29. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və aktlar ilə təsdiq olunduğu üçün 85102,10 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.

30. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 85102,10 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir.

31. İddia tələbinin digər hissəsi olan - əsas borcun gecidilməsinə görə gecikdirmə faizi olaraq hesablanmış 4255,10 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbini də məhkəmə əsaslı hesab edir.

32. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

33. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

34. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009- cu il tarixli Qərarına uyğun olaraq özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ilə hesablanan faiz borcunun cavabdehdən tutulmasını əsaslı hesab edir.

35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 2023-cü ilin may ayında satılan tullantılar verilsə də, bugünə kimi cavabdeh tərəfindən ödənişlər edilmədiyi üçün, borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanmaqla 4255,10 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 357,07 manat dövlət rüsumu və 300 manat vəkil xərci ödənildiyi qeyd edilmişdir.

37. Azərbaycan Respublikası MPM-in:

38. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

39. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

40. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

42. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 300 manat məbləğində vəkil xərcinin ödənilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir; iddia əsas və faiz borcu hissəsində təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 357,07 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 32/ASM nömrəli “Akkumulyator, qalvanik element və elektrik batareyası tullantılarının idarə edilməsi”nə dair müqavilə üzrə 85.102,10 manat əsas borc məbləği, borcun ödənişinin gecikdirilməsinə görə 4255,10 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 357,07 manat tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar