Məhkəmə qərarları › İş №e-2-2(113)-8984/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-8984/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-8984/2025 04.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “lizinq müqavilələri üzrə borc və müqavilənin ləğvi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: lizinq müqaviləsi, borcun ödənilməsi, dəbbə pulu, müqavilənin ləğvi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh2 qarşı “lizinq müqavilələri üzrə borc və müqavilənin ləğvi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “436- L/14” nömrəli və xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli lizinq müqavilələrinin ləğv edilməsi, Cavabdeh2 xeyrinə xx.xx.2014-cü il tarixli “436-L/14” nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 19024 manat qalıq borc, 17008,60 hesablanmış cərimə olmaqla cəmi 36032,60 manat borc və xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli müqavilə üzrə 4644 manat qalıq borc, 4394,25 hesablanmış cərimə olmaqla cəmi 9038,25 manat borc və hüquqi yardım üçün ödənilmiş 576,28 manat xərc nəzərə alınmaqla cəmi 45647,13 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (sonradan “Aqroservis”) ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli “436-L/14” nömrəli v ə xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müqavilələr bağlanmışdır. Müqavilələrə əsasən lizinq verən "xxxx" ASC tərəfindən kənd təsərrüfatı texnikaları Lizinq alan Cavabdeh2 lizinqə vermişdir. Müqavilə şərtlərinə əsasən Lizinq alan ödəniş qrafiki üzrə lizinq məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin lizinq alan hazırkı cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq ödəniş qrafiki üzrə ödənişləri icra etməmişdir. Nəticədə Cavabdeh2 xx.xx.2014-cü il tarixli “436-L/14” nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 19024 manat qalıq borc, 17008,60 hesablanmış cərimə olmaqla cəmi 36032,60 manat və xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli müqavilə üzrə 4644 manat qalıq borc, 4394,25 hesablanmış cərimə olmaqla cəmi 9038,25 manat borcu yaranmışdır. Cavabdehə öhdəliklərin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilələri 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uygun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilərək yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən, əsas borc hissəsində qəbul edir, cərimə hissəsində qəbul etmir. Belə ki, aldığı texnika nasaz olmuşdur. Bununla bağlı qarşı tərəfə dəfələrlə müraciət etmişdir. Həmin texnikanın ehtiyat hissəsi olmadığından yaranmış bir haldır. Bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: "xxxx" ASC və Cavabdeh2 arasında "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə xx.xx.2014-cü il tarixli “436- L/14” nömrəli və xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli müqavilələr imzalanmışdır. xx.xx.2014-cü il tarixli “436- L/14” nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 108200,00 manat olan Kombayn 6 silindirli adlı kənd təsərrüfatı texnikasını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndə əsasən Lizinq alan Texnikaların dəyərindən bu Müqavilənin 1.1-ci bəndində göstərilən 10820 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən lizinq verən ümumi məbləği 37500 manat olan Traktor, dəyəri 3200 manat olan Kotan və dəyəri 6550,00 manat olan Taxıl səpən adlı kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verir. 1.2-ci bəndə əsasən Lizinq alan Texnikaların dəyərindən bu Müqavilənin 1.1ci bəndində göstərilən 4730 manat məbləği əvvəlcədən Lizinq verənə ödəyir, qalan hissəsini isə ödəniş qrafikinə (Əlavə № 1) müvafiq olaraq ödəməyi öhdəsinə götürür. Əvvəlcədən ödənilmiş məbləğ Lizinq verən tərəfindən heç bir halda geri qaytarılmır. Müqavilələrin 4.1-ci bəndə əsasən lizinq alan texnikanın istifadəsinə görə bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə (Əlavə № 1) uyğun olaraq ödənişləri həyata keçirir. 4.2-ci bəndə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. 5.1-ci bəndə əsasən lizinq alan tərəfindən aşağıdakı hərəkətlərə yol verilməsi müqavilənin şərtlərinin kobud pozuntusu halları hesab edilir: ... 5.1.5-ci bəndinə əsasən texnikadan istifadə üçün 1 No-li əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə; 5.2-ci bəndə əsasən göstərilən hallardan biri mövcud olduqda Lizinq verən Lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, müqaviləni bir tərəfli surətdə ləğv etmək, Texnikanı saz vəziyyətdə geri götürmək və ya Texnikanın qalıq dəyərini tələb etmək, onun əvvəllər ödədiyi bütün məbləği özündə saxlamaq və vurulmuş zərərin tam ödənilməsini tələb etmək hüquqlarına malikdir. Bu halda Lizinq verən Lizinq alandan götürülmüş Texnikanı başqa şəxsə lizinqə verə bilər. 9-cu bəndə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və müqavilənin tələblərindən əmələ gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. xx.xx.2014-cü il tarixli “436- L/14” nömrəli lizinq müqaviləsinin ödəniş qrafikindən (Əlavə 1) məlum olur ki, 2023-cü ilin 3-cü rübü sonuncu ödəniş tarixi kimi razılaşdırılmışdır. xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli lizinq müqaviləsinin ödəniş qrafikindən (Əlavə 1) məlum olur ki, 2023-cü ilin 2-ci rübü Traktor MTZ-1221 adlı texnikanın, 2017-ci ilin 2-ci rübü Kotan KR-14-5 (AG-14-5) adlı texnikanın, 2020-ci ilin 4-cü rübü Taxıl səpən TS-24 adlı texnikanın sonuncu ödəniş tarixləri kimi razılaşdırılmışdır. "xxxx" ASC-yə məxsus texnikanın lizinq alana təhvili barədə” 16 aprel 2014-cü il tarixli aktdan məlum olur ki, ümumi dəyəri 108200 manat olan Kombayn 6 silindirli adlı texnika, 11 iyul 2014-cü il tarixli akta əsasən ümumi məbləği 37500 manat olan Belarus MTZ traktor və dəyəri 3200 manat olan Kotan Cavabdeh2 təhvil verilmiş, Cavabdeh2 da aktları imzası ilə təsdiq etməklə texnikanı qəbul etmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışlarında göstərilmişdir ki, xx.xx.2014-cü il tarixli “436- L/14” nömrəli müqavilə üzrə Cavabdeh2 19 024 manat qalıq əsas borcu, 17 008,60 manat hesablanmış cəriməsi, xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli müqavilə üzrə 4 644 manat qalıq əsas borcu, 4 394,25 manat hesablanmış cəriməsi mövcuddur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən tərtib olunmuş borc qrafikindən görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli “436- L/14” nömrəli müqaviləyə əsasən Kombayn 6 silindirli adlı texnika üzrə qalıq borcu 19024 manat, xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli müqavilə üzrə texnikalar üzrə 4 644 manat təşkil edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən Cavabdeh2 xx.xx.2025-ci il tarixdə göndərilmiş pretenziya məktubunda qalıq borcun qısa müddət ərzində ödənilmədiyi halda, mübahisənin məhkəmə yolu ilə həll olunması üçün aidiyyəti məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "Turan Legal and Tax Services” MMC tərəfindən imzalanmış Lizinq portfelinin yığımı üçün ve Agentliyin digər fəaliyyət istiqamətləri üzrə hüquqi yardım və respublikanın müxtəlif bölgələrində məhkəmə-hüquq xidmətlərinin satın alınması üzrə fəaliyyət cədvəlinə əsasən lizinq və borcların yığımı üçün hər birlizinq alan/borcalan üzrə məhkəmədə təmsilçilik üzrə hüquqi yardımın dəyəri 576,28 manat təşkil edir. MT2510 seriyalı, 12041595 nömrəli, xx.xx.2025-ci il tarixli, dəyəri 300 manat olan elektron qaimə-faktura hüquqi yardım xərcinin ödənilməsi üçün Bakı şəhəri 22 saylı Vəkil Bürosu tərəfindən "xxxx" MMC-yə göndərilmiş, "xxxx" MMC də büronun hesabına xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 3900 manat pul ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 747.1-ci maddəsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “...Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. ...”. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1 və 112.1.1-ci maddələrinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda—alınan məbləğlə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2 və 8.1.3-cü maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi iki hissədən ibarətdir: 1) xx.xx.2014cü il tarixli “436-L/14” nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 19 024 manat qalıq borc və 17 008,60 hesablanmış cərimənin, xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli müqavilə üzrə 4 644 manat qalıq borc, 4 394,25 hesablanmış cərimənin tutulması; 2) "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “436- L/14” nömrəli və xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli lizinq müqavilələrinin ləğv edilməsi. Məhkəmə iddia tələbinin birinci hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, lizinqverən "xxxx" ASC ilə lizinqalan Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli “436-L/14” nömrəli və xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli lizinq müqavilələri imzalanmış və həmin müqavilələr üzrə müvafiq olaraq lizinq predmetləri olan texnikalar cavabdehə təhvil verilmişdir. Qeyd olunan müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmiş və bununla da cavabdehin iddiaçıya xx.xx.2014-cü il tarixli “436- L/14” nömrəli müqavilə üzrə 19 024 manat, xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli müqavilə üzrə 4 644 manat məbləğində qalıq əsas borcu yaranmışdır. Bu hal iş materiallarına əlavə edilmiş sübutlarla, həmçinin cavabdehin iddianı əsas borc hissəsində qəbul etməsi barədə etirafı ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, cavabdehin lizinq müqavilələri üzrə öhdəliklərini vaxtında yerinə yetirməməsi iş materialları və cavabdehin etirafı ilə öz təsdiqini tapdığından iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur. Buna görə də iddiaçının, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri pozulmaqla ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişi edilmədiyi üçün xx.xx.2014-cü il tarixli “436-L/14” nömrəli müqavilə üzrə 19 024 manat, xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli müqavilə üzrə 4 644 manat pul məbləğini cavabdehdən mübahisəsiz geri almaq hüququ yaranmışdır. Buna görə də, iddia həmin hissədə tam təmin edilməlidir. Məhkəmə cavabdehin lizinq predmetinin nasaz olması barədə istinadını da qiymətləndirərək MPM-in 77.1-ci maddəsinə əsasən qeyd edir ki, cavabdeh tərəfindən texnikanın istifadəyə yararsız vəziyyətdə olması, istehsal qüsuru və ya lizinq verənin müqavilə öhdəliklərini pozması barədə hər hansı yazılı sübut, ekspert rəyi və ya servis müraciətlərini təsdiq edən sənədlər təqdim edilməmişdir. Buna görə məhkəmə cavabdehin həmin arqumentini iddia tələbinin rədd edilməsi üçün hüquqi əsas hesab etmir. Eyni zamanda, iddiaçı lizinqalandan gecikdirlimiş əsas borcdan əlavə, tərəflər arasında imzalanmış xx.xx.2014-cü il tarixli “436-L/14” nömrəli və xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli müqavilələrin 4.2-ci bəndinə və Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən birinci müqavilə üzrə 17 008,60 manat, ikinci müqavilə üzrə 4 394,25 manat məbləğində cərimə tələb edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən və tərəflər arasındakı razılaşmada nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbləri üzrə dəbbə pulu azaldılaraq birinci müqavilə üzrə 800 manat, ikinci müqavilə üzrə 230 manat müəyyən olunmalıdır. Belə ki, məhkəmə dəbbə pulunun məbləğini müəyyən edərkən gecikmənin uzun müddət davam etməsini, hesablanmış cərimə məbləğinin əsas borcun məbləğinə yaxınlaşmasını, dəbbə pulunun öhdəliyin icrasını stimullaşdırmaq məqsədi daşımasını, lakin kreditorun əsassız varlanmasına xidmət etməməli olmasını, habelə tərəflər arasında iqtisadi tarazlığın qorunması zərurətini nəzərə almışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tələb olunan cərimənin tam məbləğdə tutulması tənasüb prinsipinə uyğun olmayacaq, müəyyən edilən 800 manat və 230 manat məbləğləri isə həm öhdəliyin pozulmasına adekvat hüquqi reaksiya verir, həm də tərəflərin mənafeləri arasında balans yaradır. Məhkəmə iddia tələbinin ikinci hissəsi - "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “436-L/14” nömrəli və xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli müqavilələrin ləğv edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Həm müqavilələrin, həm də müqavilələr üzrə öhdəliklərin icrası müddəti başa çatmışdır. Qüvvədə olma müddəti bitmiş müqaviləyə xitam verilməsi qanunvericilikdə nəzərdə tutulmamış, həmçinin bunun üçün zərurət də qalmamışdır. Odur ki, lizinq müqavilələrinin müddəti bitdiyindən onlara xitam verilməsinə ehtiyac olmadığı üçün iddia tələbi müqaviləyə xitam verilməsi hissəsində rədd edilməlidir. Çünki müqavilənin ləğvi hüquqi institut olaraq tərəflər arasında qüvvədə olan müqavilə münasibətlərinə xitam verilməsinə yönəlir. Müqavilənin icra müddəti başa çatdıqdan sonra isə hüquq münasibətləri artıq xitam tapmış hesab olunur və belə halda müqavilənin ayrıca ləğvinə hüquqi zərurət qalmır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia qismən təmin edildiyindən, iddia qiymətinə (24 698 manat) uyğun ödənilməli olan 164,09 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin ödənilmiş hüquqi yardım xərcinə görə 576,28 manat məbəğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Çünki təqdim olunmuş maliyyə sənədləri hüquqi yardım xidmətlərinin faktiki göstərildiyini və həmin xidmətlər üzrə ödənişin həyata keçirildiyini təsdiq etdiyindən məhkəmə həmin məsrəfləri işə baxılması ilə bağlı zəruri məhkəmə xərci hesab edir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2014-cü il tarixli “436-L/14” nömrəli müqavilə üzrə 19024 (on doqquz min iyirmi dörd) manat əsas borc, 800 (səkkiz yüz) manat cərimə, xx.xx.2014-cü il tarixli “957-L/14” nömrəli müqavilə üzrə 4644 (dörd min altı yüz qırx dörd) manat əsas, 230 (iki yüz otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 24698 (iyirmi dörd min altı yüz doxsan səkkiz) manat pul vəsaiti və ödənilmiş hüquqi yardıma görə 576 (beş yüz yetmiş altı) manat 28 (iyirmi səkkiz) qəpiyin əvəzi tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfati Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə ödənilsin. Cavabdeh2 164 (bir yüz altmış dörd) manat 09 (doqquz) qəpik məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar