Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-90/2024 20.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Firmasının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələblərinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Firmasının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və s.” tələblərinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Firması cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 İddiaçı Firmasının xeyrinə 59.335,82 manat əsas borcun 9,394.83 manat dəbbə pulunun, 400 manat ilkin mediasiya sessiyasında iştiraka görə ödənilmiş haqqın, 300 manat hüquqi xidmətə görə haqqın, əmlakın qiymətləndirilməsinə görə "xxxx" MMC-yə ödənilmiş 480 manat haqqın, cəmi 69,910.65 manat pul vəsaitinin tutulması, tutmanın ipoteka predmetini təşkil edən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, yaşayış sahəsinin açıq hərracda satılması, satışdan əldə olunacaq pul vəsaiti hesabına hərracın xərclərinin və borcun ödənilməsi, borcun ödənişindən sonra artıq qala biləcək pul məbləğinin Cavabdeh2 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Firması ilə Cavabdeh3 arasında Bakı şəhəri 5 saylı notariat ofisində xx.xx.2021-ci il tarixində, 3M-531 reyestr nömrəsi ilə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayan İddiaçı Firması, borclu Cavabdeh3 və ipoteka qoyan Cavabdeh2 arasında Bakı şəhəri 5 saylı notariat ofisində xx.xx.2021-ci il tarixində, 3M-532 reyestr nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən təhvil-təslim aktı əsasında təhvil verilmiş malların dəyəri təhvil-təslim tarixindən etibarən ən geci 30 (otuz) gün ərzində Alıcı tərəfindən ödənilməlidir. Cavabdeh3 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, nəticədə sonuncunun iddiaçı qarşısında 59.335,82 manat borcu yaranmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixində 41.567,03 manat qiymətində, xx.xx.2022-ci il tarixində 15267,29 manat qiymətində və xx.xx.2022-ci il tarixində 2501,50 manat qiymətində mallar təhvil-təslim aktına əsasən Cavabdeh3 təhvil verilmiş, cəmi 59.335,82 manat məbləğində borc yaranmışdır. Buna baxmayaraq, alıcı yaranmış və gecikməyə düşmüş borcunu bu günə qədər ödəməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. - 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. - 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı Firması ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən alıcı satıcıdan miqdarı, çeşidi və digər parametrləri tərəflərin qarşılıqlı razılaşması ilə müəyyən olunan malları əldə edərək dəyərini ödəməyi, satıcı isə həmin malları alıcıya lazımi keyfiyyətdə və razılaşdırılmış şərtlərlə çatdırmağı öz öhdəsinə götürür.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı gündən qüvvəyə minmiş hesab olunur və xx.xx.2023-cü il tarixinə qədər qüvvədə qalır.
12. Həmin Müqavilənin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayan İddiaçı Firması, borclu Cavabdeh3 və ipoteka qoyan Cavabdeh2 arasında Bakı şəhəri 5 saylı notariat ofisində xx.xx.2021-ci il tarixində, 3M-532 reyestr nömrəli ipoteka müqaviləsi bağlanmışdır.
13. Müqavilələr tərəflərin imzaları və hüquqi şəxsin möhürü ilə təsdiq olunmuşdur.
14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
15. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı Firmasının üzərinə düşür.
16. İş materiallarına əlavə olunmuş, tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuş, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına və hesab-fakturaya əsasən 41.567,03 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına və hesab-fakturaya əsasən 15.267,29 manat, xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına və hesab-fakturaya əsasən 2.501,50 manat olmaqla, cəmi 59.335,82 manat məbləğində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, cavabdeh də həmin aktları imzalamaqla malların ona təhvil verildiyini təsdiq etmişdir.
17. Bundan başqa, iş materiallarına əlavə olunmuş, tərəflərin imzaları və möhürləri ilə təsdiq olunmuş xx.xx.2023-cü il tarixli üzləşmə aktından da görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixinə İddiaçı Firmasına 59.335,82 manat məbləğində borcu olduğunu etiraf etmişdir.
18. Ona görə də, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin edilməli, 59.335,82 manat məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Firmasına ödənilməlidir.
19. Məhkəmə 9,394.83 manat məbləğində dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
20. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
21. Hazırki işin hallarından görünür ki, cavabdehin əsas borcuna münasibətdə 3.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.
22. Məhkəmə iddianın tutmanın ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
23. İşdə olan İddiaçı Firması ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-532 reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka predmetini ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi təşkil edir (2.1ci bənd).
24. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 100.000 manat məbləğində müəyyən edilmişdir.
25. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən əsas öhdəlik yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmadıqda ipoteka saxlayan ipoteka predmetinə tutma yönətmək hüququna malikdir.
26. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2588/2023 saylı qərardadı ilə Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 274.4 kv.m. olan fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə likvid və bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.
27. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti 580.000 manat, likvid dəyəri 510.000 manat müəyyən edilmişdir.
28. Daha sonra, ipoteka predmetinin dəyərinə dair doğru nəticəyə gəlinməsi üçün Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-90/2024 saylı qərardadı ilə Cavabdeh2 məxsus olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 274.4 kv.m. olan fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə likvid və bazar dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir.
29. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bazar qiyməti 272.000 manat, likvid dəyəri 245.000 manat müəyyən edilmişdir.
30. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən 245.000 manat müəyyən edilməlidir. Belə ki, qeyd edilmiş məbləğ daha ağlabatan olmaqla, eyni zmanda da, tərəflərin özlərinin ipoteka müqaviləsində razılaşdırmış olduğu qiymətə daha yaxındır.
31. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli müqavilə üzrə tutma ilkin satış qiyməti 245.000 (iki yüz qırx beş min) manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılmalı, əmlak satıldıqdan və borc ödənildikdən sonra artıq qalan məbləğ Cavabdeh2 qaytarılmalıdır.
32. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Firmasına ödənməlidir.
33. Belə ki, işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqının əvəzi olaraq 400 manat məbləğində pul Bakı 13 saylı Mediasiya Təşkilatına ödənmişdir.
34. Bundan başqa, məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul da Cavabdeh3 tutularaq "xxxx" Firmasına ödənməlidir.
35. Belə ki, işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, 400 manat məbləğində pul iddiaçı tərəfindən 18 saylı Vəkil Bürosunun hesabına ödənmişdir.
36. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza xərcinin əvəzi olaraq 480 manat məbləğində pul da Cavabdeh3 tutularaq "xxxx" Firmasına ödənilməlidir.
37. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 240 manat, xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 250 manat olmaqla, cəmi 490 manat məbləğində pul "xxxx" Firması tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənmişdir.
38. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
39. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 59.335,82 ( əlli doqquz min üç otuz beş) manat, 82 (səksən iki) qəpik, cərimə borcu üzrə 3.000 (üç min) manat olmaqla, cəmi 62.335 (altmış iki min üç yüz otuz beş) manat, 82 (səksən iki) qəpik məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Firmasına ödənilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə tutma ilkin satış qiyməti 245.000 (iki yüz qırx beş min) manat müəyyən edilməklə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılsın. Əmlak satıldıqdan və borc ödənildikdən sonra artıq qalan məbləğ Cavabdeh2 qaytarılsın. Mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Firmasına ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Firmasına ödənilsin. Ekspertiza xərcinin əvəzi olaraq 480 (dörd yüz səksən) manat məbləğində pul Cavabdeh3 tutularaq "xxxx" Firmasına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov