Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-903/2025 04.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, prosessual maraq, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8860 manat daşıma haqqının, daşıma haqqına illik 5 faizlə hesablanmaqla 886 manat məbləğində pulun və ödənilmiş 126 manat dövlət rüsumunun, 2000 manat hüquqi yardım xərcinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə yük daşınmasına dair müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin şərtinə əsasən cavabdehin tapşırığı ilə iddiaçı müxtəlif növ yüklərin daşınmasının həyata keçirilməsini və ya təşkil edilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh isə daşımanın müqabilində iddiaçıya müvafiq sifarişdə nəzərdə tutulmuş daşımanın dəyərini ödəməyə razı olmuşdur. Müqavilənin 3.2.2-cı bəndinə əsasən cavabdeh yükün daşınmasına görə daşıyıcıya daşınma haqqını müqavilə ilə müəyyən olunmuş vaxtda ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən sifarişçi müvafiq sifariş üzrə ödənişi yükün boşaldılacağı ölkədə təyinat gömrük terminalına daxil olduqdan və daşıyıcı tərəfindən hesab-faktura təqdim edildikdən sonra dərhal daşıyıcının hesablaşma hesabına həyata keçirir. Ödənişlər gecikdirilərsə, hesaba daxil olmazsa və ya həyata keçirilməzsə, daşıyıcı yükün təhvil verilməmə hüququnu özündə saxlayır. Ödənişin gecikdirilmiş hər günü üçün gecikdirilmiş məbləğin 0,5%-i qədər əlavə ödəniş hesablanacaq. 2.2. İddiaçı tərəfindən 3 dəfə cavabdehə yük daşıma xidməti göstərilmiş, xx.xx.2022-ci il tarixdə elektron qaimələr göndərilmiş, lakin sonuncu 1 elektron qaimə üzrə xx.xx.2023-cü il tarixdə 1000 manat ödəniş etmişdir. Belə ki, cavabdehə ** NT ***9/34 BSD 927 qeydiyyat nişanlı yük avtomobili ilə daşınmış yük üzrə xx.xx.2022-ci il tarixli EBBS 554717 saylı 1360 manat dəyərində elektron qaimə göndərilmiş, 28 K 6269 / 28 K 6375 qeydiyyat nişanlı yük avtomobili ilə daşınmış yük üzrə xx.xx.2022-ci il tarixli EBBS 581047 saylı 4335 manat dəyərində elektron qaimə göndərilmiş, ** HE *** / 53 K 4215 qeydiyyat nişanlı yük avtomobili ilə daşınmış yük üzrə xx.xx.2022-ci il tarixli EBBS 556036 saylı 4165 manat dəyərində elektron qaimə göndərilmiş, lakin xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli EBBS 554717 saylı 1360 manat dəyərində elektron qaimədən 1000 manat ödənilmiş, qalıq 360 manat və digər qaimələr üzrə 4335 manat və 4165 manat borc ödənilməmişdir. Hazırda cavabdehin ümumi borcu 8860 manat təşkil edir. 2.3. Elektron qaimələrin göndərildiyi xx.xx.2022-ci tarixdən iddia ərizəsinin təqdim edildiyi xx.xx.2024-cü il tarixə qədər 935 gün gecikdirilmiş müddət təşkil edir. Cavabdeh tərəfindən gecikdirilmiş günlərə görə illik 5% olmaqla, 2 il üçün 886 manat faiz borcu hazırda olan borc məbləğinin üzərinə hesablanmalıdır. Cavabdeh 2 il yarım müddət keçməsinə baxmayaraq, borcları ödəməkdən boyun qaçırır. Bu səbəbdən iddiaçı öhdəliyin icrası təmin edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün və məhkəmədə iddiaçının pozulmuş hüquqlarının müdafiəsilə bağlı 2000 manat vəkil xidmət haqqı ödəmişdir. Dövlət rüsumu olaraq 126 manat iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 850.1, 851, 852.4-cü maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-903/2025 nömrəli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, yüklər cavabdehin sifarişi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşınmışdır.
7. Məhkəmə bildirişləri cavabdehin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına göndərilməklə, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Daşıma müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş beynəlxalq nəqliyyat qaimələrindən (CMR) görünür ki, qaimələr ** HE *** / 53 K 4215 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Türkiyə Respublikasından Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanına, 28 K 6269 / 28 K 6375 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Türkiyə Respublikasından Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanına, ** NT ***9 / 34 BSD 927 qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Türkiyə Respublikasından Azərbaycan Respublikası, Bakı şəhəri ünvanına yüklərin daşınması məqsədilə tərtib edilmişdir.
12. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2022-ci il tarixli EBBS 556036 seriya və nömrəli elektron qaimə 4165 manat, xx.xx.2022-ci il tarixli EBBS 581047 seriya və nömrəli elektron qaimə 4335 manat, xx.xx.2022-ci il tarixli EBBS 554717 seriya və nömrəli elektron qaimə 1360 manat dəyərində xidmətin göstərilməsi ilə bağlı cavabdehə göndərilmişdir.
13. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixli EBBS 556036, xx.xx.2022-ci il tarixli EBBS 581047 və xx.xx.2022-ci il tarixli EBBS 554717 seriya və nömrəli elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir.
14. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/2-019722/2024 nömrəli məktubundan görünür ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində nəqliyyat qaimələrində (CMR) qeyd olunan Cavabdeh MMCyə 53HE034/53K4215 nömrəli, 28K6269/28K6375 nömrəli və 34NT0529/34BSD927 nömrəli yük avtomobilləri ilə yükün idxalı haqqında məlumatlar təqdim edilmişdir. Həmin məlumatlara görə, 53HE034/53K4215 nömrəli yük avtomobili xx.xx.2022-ci il tarixdə ölkəyə daxil olmuş, xx.xx.2022-ci il tarixdə boşaldılmış, 28K6269/28K6375 nömrəli yük avtomobili xx.xx.2022-ci il tarixdə ölkəyə daxil olmuş, xx.xx.2022-ci il tarixdə boşaldılmış, 34NT0529/34BSD927 nömrəli yük avtomobili xx.xx.2022-ci il tarixdə ölkəyə daxil olmuş, xx.xx.2022-ci il tarixdə boşaldılmışdır.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixli EBBS 556036 seriya və nömrəli elektron qaimə üzrə 4165 manat, xx.xx.2022-ci il tarixli EBBS 581047 seriya və nömrəli elektron qaimə üzrə 4335 manat, xx.xx.2022-ci il tarixli EBBS 554717 seriya və nömrəli elektron qaimə üzrə 1360 manat dəyərində daşıma xidməti göstərilmiş, həmin elektron qaimələr sistem tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli 3-33/2-019722/2024 nömrəli məktubuna əsasən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 34NT0529 / 34BSD927, 28K6269 / 28K6375 və 53HE034 / 53K4215 nömrəli yük avtomobilləri ilə yükün idxalı daşıyıcı İddiaçı nəqliyyat qaimələri əsasında baş vermişdir.
16. İddiaçı xx.xx.2022-ci il tarixli yük daşınması müqaviləsinə istinad etməklə 8860 manat daşıma haqqının cavabdehdən tutulmasını tələb edir.
17. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
18. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
20. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.
21. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı 05 yanvar 2022-ci il tarixli 03 nömrəli yük daşınma müqaviləsinə istinad etsə də, həmin müqavilə nə iddiaçı, nə də cavabdeh tərəfindən təsdiq edilmişdir. Belə ki, müqavilənin tərəflərin rekvizitlərindən bəhs edən 13cü hissəsində iddiaçı və cavabdehin səlahiyyətli nümayəndələrinin imzası və ya hüquqi şəxslərin möhürü mövcud deyildir.
22. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, tərəflər arasında faktiki olaraq şifahi yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 850.1-ci maddəsi təşkil edir. İddiaçı isə qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.
23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
27. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
28. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 8860 manat məbləğində muzd Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Daşıma müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı
29. İddia ərizəsində iddiaçı həmçinin əsas borca illik 5 faizlə hesablanmaqla 886 manat məbləğində pulunun cavabdehdən tutulmasını xahiş edir.
30. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan - xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
32. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı).
33. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
34. İddiaçı tərəfindən daşıma xidmətinin göstərilməsi ilə bağlı elektron qaiməfakturalar xx.xx.2022-ci il tarixindən göndərildiyindən və iddiaçı tərəfindən 886 manat tələb edildiyindən məhkəmə hesab edir ki, həmin tarixdən iddia tərəfindən hesablamanın aparıldığı xx.xx.2024-cü il tarixədək olan dövr üçün əsas borca illik 5 faizlə hesablanmaqla 886 manat məbləğində pul cavabdehdən tutulmalıdır.
35. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 886 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
36. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat pulun, 2000 manat hüquqi yardım xərcinin də cavabdehdən tutulmasını xahiş etmişdir.
37. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********61 nömrəli mədaxil qəbzi ilə 126 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
38. Məhkəmə qeyd edir ki, iddianın qiymətinə uyğun ödənilməli dövlət rüsumunun məbləği 118 manat təşkil edir.
39. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 2000 manat məbləğində pul iddiaçı tərəfindən Bakı şəhəri 20 saylı vəkil bürosunun hesabına köçürülmüşdür.
40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
42. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
43. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 1200 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 1200 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 118 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242- 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış yük daşınması müqaviləsi üzrə 8860 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 886 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 118 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1200 manat məbləğində pul məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova