Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-904/2024 09.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 20863.68 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli, 088/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri 30.000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdehin rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 20863.68 manat hissəsini bu günədək ödəməmişdir.
3. İddiaçi Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2020-ci il tarixli 088/2020 saylı müqavilənin etibarsız hesab edilməsi və ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqısatqısı barədə” xx.xx.2020ci il tarixli, 088/2020 saylı müqavilənin 1-ci bəndinə əsasən, iddiaçı cavabdehə ümumi dəyəri 30.000 (otuz min) manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə, müqavilənin 2-ci bəndinə əsasən, həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 (üç) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh iddiaçının rəhbərliyinə yazdığı ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya olan borcunun 20863.68 manat hissəsini bu günədək ödəməmişdir”. İlkin cavabdeh İddiaçı MMC-də satış nümayəndəsi işləmiş, işə daxil olduğu gündən təxminən iki ay keçdikdən sonra Bərdə regional filialında təxminən 50 nəfər işçiyə ilkin iddiaçının məhkəməyə təqdim etdiyi formada müqavilə imzalatdırılmış, ərizə yazdırılmışdır, buna etiraz etdikdə isə bildirilmişdir ki, narahat olmağa ehtiyac yoxdur, şirkətin pulunu mənimsəməyən adam üçün problem olmayacaq. Lakin ilkin iddiaçın təqdim etdiyi “məhsulların nisyə alqı-satqısı barədə” 088/2020 saylı müqavilə və ərizə ilkin cavabdehin işdən çıxdığı vaxtdan 2 ay sonra xx.xx.2020-ci il tarixdə imzalanmışdır. Birincisi, ilkin İddiaçı MMC-də satış nümayəndəsi işləmişdir, işdən azad olunduqdan sonra şirkət tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək yoxlama aparılmışdır. Yoxlama aktına əsasən onun ciddi şəkildə kəsiri yaranmamışdır. Necə ola bilər ki, İddiaçı MMC öz işçisinə nisyə 30.000 manat məbləğində mal satsın. Digər tərəfdən isə yoxlama zamanı kəsiri çıxmış bir şəxsə necə olar bilər ki, 30.000 manat məbləğində mal verilsin? İkincisi, 30.000 manat məbləğində mal təhvil verilməsi barədə hər hansı akt yoxdur. Əlavə edilmiş xx.xx.2020-ci il tarixli “Malların təhvilqəbul aktı”na əsasən malları Talıbov Rövşən təhvil verib. Lakin həmin aktda malların ilkin cavabdeh tərəfindən alınması barədə imza yoxdur. Üçüncüsü, məhkəməyə təqdim edilmiş ərizədə “xx.xx.2020” yazısı fərqli rəngli və fərqli xəttlə yazılmışdır. Bu isə ilkin cavabdehin qeyd etdiyi kimi tarixsiz müqavilə və ərizənin yazılmasını, sonradan onlara tarix qoyulmasını sübut edir. Dördüncüsü, belə bir müqavilə bağlanılmışdırsa, İddiaçı MMC ilkin cavabdehə elektron qaimə faktura göndərməli idi. Lakin indiyədək qaimə faktura göndərilməmişdir. Bununla da müqavilənin etibarsız olması öz təsdiqini tapır.
II. Tərəflərin mövqeləri:
5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Əvvəlki məhkəmə iclasında cavabdeh ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, əvvəllər İddiaçı MMC-də satış təmsilçisi işləmiş, işə qəbul edildikdən bir neçə gün sonra təxminən əlli nəfərə yaxın digər işçilərlə birlikdə ona materiallarda olan ərizə yazdırılmış (tarix sonradan qoyulmuşdur), müqavilə, təhvil-təslim aktı imzalatdırılmışdır. Daha sonra o, öz ərizəsi ilə işdən azad edilmişdir. Ona iddiaçı tərəfindən hər hansı mal verilməmiş, tərəfindən iddiaçıya hər hansı vəsait ödənilməmişdir. İddia tələbi əsassızdır.
7. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ilk iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
8. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 sonuncu məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə vəsatət ünvanlasa da, gəlməməsinin səbəbinin üzrlü olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
9. Sonuncu məhkəmə iclasının tərəflərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
11. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 088/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilədən görünür ki, satıcı alıcıya nisyə (borc) olaraq ümumi dəyəri 30000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları (və ya taranı) satır. Alıcı satıcıdan ümumi dəyəri 30.000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları nisyə (borc) olaraq qəbul edir. Alıcı satıcıya 30.000 manat məbləğində olan borcunu 03 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür.
12. Cavabdeh təəfindən verilmiş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı ilə aralarında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən cəmiyyətə 30.000 manat borcu yaranmışdır. İddiaçıya olan borcunu etiraf edir və üç aya qədər ödəməyi öhdəsinə götürür. Üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi halda qanunla məsuliyyət daşımağa hazırdır.
13. İddiaçı və cavabdeh arasında tərtib edilmiş 02 dekabr 2020-ci il tarixli təhviltəslim aktından görünür ki, satıcı tərəfindən alıcıya 30000 manat məbləğində mal təhvil verilmişdir.
14. Məhkəmə cavabdehin və onun nümayəndəsinin izahatlarını dinləyib materialları araşdırıb toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir.
15. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli ilk növbədə qarşılıqlı iddia tələbinin əsaslılığının yoxlanılmasından asılıdır, həmin tələbin təmin olunubolunmamasından asılı olaraq ilk iddia tələbi araşdırılmalıdır.
16. Belə ki, cavabdeh qarşılıqlı iddia ərizəsində tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 088/2020 saylı məhsulların nisyə alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsini xahiş edir.
17. Cavabdeh həmin müqavilənin formal olaraq bağlandığını, müqaviləyə sonradan tarix qoyulduğunu, iddiaçı tərəfindən ona hər hansı mal təhvil verilmədiyini iddia edir.
18. Belə ki, materiallardan görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixdə iddiaçı şirkətdə satış təmsilçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir.
19. Tərəflər arasında olan müqavilə xx.xx.2020-ci il tarixdə, yəni cavabdehin öz ərizəsi ilə işdən azad edilməsindən 2 ay sonra imzalanmışdır.
20. Cavabdeh tərəfindən məhkəməyə işdən azad edildikdən sonra ona məcburi şəkildə imzalatdırıldığını iddia etdiyi sənədlərin geri qaytarılması barədə tələb irəli sürülməsi ilə bağlı hər hansı sübut təqdim edilməmiş, hansı səbəbdən həmin sənədləri imza etməyə, mal təhvil almadığı təqdirdə 3 ay müddətinə 30000 manat ödəməyə razılıq verməsi barədə suala ağlabatan şəkildə cavab verə bilməmişdir.
21. Məhkəmə cavabdehin ona həmin müqavilənin, təhvil-təslim aktının 2019-cu ildə imzaladılması, i.v.15-də olan ərizənin həmin ildə ona yazdırılması barədə dəlillərini inandırıcı və ağlabatan hesab etmir.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
23. 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
24. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
25. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
26. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
27. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
28. Belə ki, cavabdeh tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü fəslində müəyyən edilmiş əqdlərin etibarsızlığının əsasları hazırkı iş üzrə müəyyən edilməmişdir.
29. Məhkəmə qeyd edir ki, əqdlərin etibarsızlığı ilə bağlı müddəaları özündə əks etdirən Mülki Məcəllənin 14-cü fəslində əqdin etibarsızlığının əsasları konkret göstərilmişdir ki, məhkəmə araşdırması zamanı da bu əsaslar (hallar) müəyyən edilməmişdir.
30. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 4-cü və 6-cı maddələrində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından təmin edilməməlidir.
31. Bu qənaətə gələrkən Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır.
32. Avropa İnsan Hüquqları Məhkəməsi də özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X1rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) ifadə etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
33. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir.
34. İlk iddia ərizəsi ilə əlaqədar olaraq, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
36. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
37. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
38. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
39. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
40. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqısatqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 20863,68 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, ilk iddia təmin edilməli, cavabdehdən 20863,68 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
41. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı bildirir ki, xx.xx.2020-ci il tarixli müqavilədə və həmin tarixli ərizədə cavabdeh borcun 3 ay müddətinə ödənilməsini öz öhdəsinə götürmüş, iddiaçı tərəfindən cavabdehə mediasiyanın tətbiqi barədə təklif xx.xx.2023-cü ildə göndərilmiş, bununla da qanunla bu iddia üçün müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməmişdir.
42. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ilk iddia təmin edilməli, cavabdehdən 20863,68 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, qarşılıqlı iddia təmin edilməməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Məhkəmə hesab edir ki, ilk iddia təmin edildiyindən iş üzrə ödənilmiş 200 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu isə cavabdehin özünə aid edilməlidir.
V. Nəticə:
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh 20863,68 manat məbləğində pul, 200 manat mediasiya xərci, ümumilikdə 21063,68 (iyirmi bir min altmış üç manat altmış səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova